Məhkəmə qərarları › İş №3(001)-5163/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5163/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5163/2023 29.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)-3793/2020 nömrəli icra vərəqəsinə əsasən Şəxs 4294,33 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(001)-6775/2021 nömrəli icra vərəqəsinə əsasən Şəxs 1049,63 manat məbləğində borc və 22 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə xx.xx.2023-cü il tarixli qərarla icra işləri ümumi icraatda birləşdirilmişdir. Qeyd olunan icra işləri üzrə icraata başlanmış və Şəxs tələbin könüllü icrası ilə bağlı bildiriş təqdim edilmişdir. Hər iki icra sənədi üzrə Şəxs ümumilikdə 3852 manat borcu vardır. Qeyd olunan icra sənədləri üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyindən sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, "xxxx" ASC ilə istehlak krediti və kredit kartı olmaqla iki kredit müqaviləsi bağlamışdır. 1049,63 manat məbləğində borcun ödənilməsi nəzərdə tutulmuş məhkəmə qətnaməsi kredit kartı ilə bağlı olan borc barədə qəbul edilmişdir. Hazırda həmin məbləğdən 329 manat borcu qalmışdır. 2023-cü il dekabr ayının ortalarınadək həmin krediti tam şəkildə ödəyəcəkdir. Digər istehlak krediti üzrə də 3523 manat borcu qalmışdır.Ümumilikdə hazırkı borcu iki icra sənədi üzrə 3852 manat təşkil edir. Məhkəmə qətnaməsinin icrasının zəruriliyini dərk edir, ödənişlər də etmişdir. Lakin işdən çıxması səbəbi ilə kredit öhdəliyini icra edə bilməmişdir. Hazırda yenicə işə düzəlmişdir. Bankla razılıq əldə etmişdir, 2024-cü ildə ayda 400-500 manat olmaqla ödəniş edərək bütün kredit borcunu ödəyəcəkdir. Özü könüllü şəkildə icra şöbəsinə gəlmişdir. Borcu ödəməkdən qərəzli olaraq boyun qaçırmır. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Şəxs ilə "xxxx" ASC arasında iki kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilələrdən biri istehlak krediti, digər isə kredit kartı ilə bağlı olmuşdur. Hər iki kredit müqaviləsi üzrə Şəxs kredit öhdəliklərini icra etməmiş, bununla əlaqədar olaraq məhkəməyə iddia ərizəsi ilə bank tərəfindən müraciət olunmuşdur. Məhkəmə tərəfindən iddia ərizələri təmin edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs ümumilikdə 4294,33 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs ümumilikdə 1049,63 manat məbləğində borc və 22 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə qətnamələrinin icrası ilə əlaqədar Binəqədi Rayon İcra Şöbəsində icraata başlanılmışdır. Hazırda hər iki borc üzrə ümumilikdə Şəxs tərəfindən 3852 manat pul vəsaiti borc ödənilməmişdir. Lakin ümumilikdə Şəxs ilə razılıq əldə edilmiş, belə ki, Şəxs 2023-cü il dekabr ayında kredit kartı üzrə olan borcunu ödəyəcəyini, 2024-cü ilin əvvəlindən ayda 400-500 manat olmaqla mütəmadi ödəniş edərək borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Hazırki protokol üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli, e-2(001)-3793/2020 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs ümumilikdə 4294,33 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. xx.xx.2020-ci il tarixli, “İcraata başlamaq haqqında” qərardan görünür ki, xx.xx.2020-ci il tarixli, e-2(001)-3793/2020 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixli, 2(001)-6775/2021 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs ümumilikdə 1049,63 manat məbləğində borc və 22 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. xx.xx.2021-ci il tarixli, “İcraata başlamaq haqqında” qərardan görünür ki, xx.xx.2021-ci il tarixli, 2(001)-6775/2021 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli, “İcra işlərinin ümumi icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e- 2(001)-3793/2020 nömrəli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-6775/2021 nömrəli icra sənədləri üzrə icra işləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şəxs ilə "xxxx" ASC arasında borcun ödənilməsi barədə razılıq əldə olunmuşdur, hazırki inzibati xəta haqqında protokol üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)-3793/2020 nömrəli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-6775/2021 nömrəli icra sənədləri üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs çalışdığı vaxtda kredit öhdəlikləri üzrə ödənişlər etmişdir. İcra sənədləri üzrə olan borcunu isə işsiz olduğu üçün ödəyə bilməmişdir. Qeyd olunanlar Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsini istisna edir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar