Məhkəmə qərarları › İş №3(001)-5168/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5168/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5168/2023 05.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 18024889 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 18024889 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 18024889 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Halbuki o, «Opel Astra minik” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmişdir. Həmin avtomobil onun adına qeydiyyata alınsa da, sürücülük vəsiqəsi olmadığından avtomobili idarə etmir, «Opel Astra minik” markalı **- DB-*** dövlət qeydiyyat nişanlı avtomobil əri Həsən Nuriyev tərəfindən idarə olunur. Belə ki, sözügedən avtomobil onların birgə nikahları dövründə ümumi gəlirləri hesabına əldə edilmişdir və birgə mülkiyyətləri hesab edilir. Belə olan halda, yəni törətmədiyi xətaya görə ona cərimə yazılması qanuni və əsaslı deyil. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 18024889 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmədə Həsən Nuriyev izahatında bildirmişdir ki, şikayət verən X1 əridir. «Opel Astra minik” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil onların birgə nikahları dövründə ümumi gəlirləri hesabına əldə edilmişdir və birgə mülkiyyətləri hesab edilir. Həmin avtomobil X1 adına qeydə alınmışdır, lakin G.İskəndərova sürücülük vəsiqəsi olmadığından həmin avtomobili idarə etmir. «Opel Astra minik” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil müvafiq sənədlər əsasında onun tərəfindən idarə olunur. EQ 18024889 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda bəhs edilən vaxtda «Opel Astra minik” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Opel Astra minik” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, həmin avtomobil X2 məxsusdur. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 18024889 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, «Opel Astra minik” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilmişdir. EQ 18024889 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, «Opel Astra minik” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün kimliyini müəyyən etmək mümkün deyil. Beləliklə işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, şikayət verən X3 Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilsə də, onun inzibati xətanın törədildiyi vaxt «Opel Astra minik” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi təsdiq olunmur. Belə ki, H.Nuriyeva bildirir ki, sürücülük vəsiqəsi olmadığından həmin avtomobili idarə etmir, onun bu barədə bildirdikləri əri H.Nuriyev tərəfindən də təsdiq olunur, eyni zamanda inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən «Opel Astra minik” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün məhz H.Nuriyeva olduğunu müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 18024889 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən inzibati xətanın törədildiyi vaxtda «Opel Astra minik” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi düzgün müəyyən etməli, həmin şəxsin sözügedən avtomobili idarə etmək hüququ olmadan idarə etdiyini müəyyən etdikdə Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə onun barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 18024889 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar