Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5168/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs Rəsul-zadə Xəyalə Səlahəddin qızının, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X3 yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis kapitanı X1 iştirakı ilə, Rəsul-zadə Xəyalə Səlahəddin qızının inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Rəsul-zadə Xəyalə Səlahəddin qızı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Rəsul-zadə Xəyalə Səlahəddin qızı tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsində özünə məxsus “HYUNDAİ TUCSON” markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomobillə əsas yolda hərəkətdə olarkən yol ayrıcından 50- 100 metr aşağıda avtomobilinə yola sağdan bitişik, sonu tupiklə bitən yaşayış evləri olan ərazidən (ara məhəllə, dalan) çıxan **-SN-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə toqquşmuş, onun mülkiyyətinin fiziki strukturuna ciddi zədə vurmuş və 1000 manatdan çox maddi ziyan vurulmuşdur. Toqquşmadan qabaq səs siqnalı və tormoz verməyinə, digər avtomobilin yola çıxış hissəsində sürəti azaltmaq üçün bardür (asfalttramplin) olmasına baxmayaraq “Mercedes” markalı avtomobilin yola baxmadığını görüb maşını sola qaçırmağa çalışmışdır. Hadisə yerinə gələn DYP əməkdaşı hadisənin digər avtomobil sürücüsünün dalandan əsas yola digər yol hərəkət iştirakçısını buraxmadan çıxması səbəbindən baş verməsini demiş və protokol tərtib edəcəyini bildirmişdir. Hadisədən 3 gün sonra xx.xx.2025-ci il tarixdə onun barəsində İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilmiş, lakin protokolda onun hansı qaydanı pozduğu, konkret hansı səbəbdən 327.1-ci maddə ilə təqsirləndirildiyi qeyd edilməmişdir. xx.xx.2025-ci il tarixdə dərhal barəsində Binəqədi rayon DYPŞ-nin YNH baş inspektoru X2 TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul etmiş, onun İXM-in 327.1-ci maddəsilə təqsirli bilmiş, 40 manat məbləğində cərimə etmişdir. Məhz həmin qərardan məlum olur ki, guya ki, o, xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsində özünə məxsus “HYUNDAİ TUCSON” markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə qayda pozmuşdur. Onun avtomobilini sağ tərəfdən çıxan digər bir avtomobil vurmuş, yol polisini o, çağırmışdır. Onun “HYUNDAİ TUCSON” markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə qayda pozmağı DYP inspektoru tərəfindən müəyyən edilməmiş, yəni hadisə zamanı o, orada olmadığından gözü ilə qeyd edilən pozuntunu müəyyən etməmiş və DYP hadisə yerinə yaxınlaşarkən o, avtomobilini hadisə yerindən tərpətməsə də digər avtomobil öz maşınıını 200 metr kənarda park etmişdir. Həmçinin inzibati xəta pozuntusu xüsusi texniki vasitə ilə aşkar olunmamışdır (bu protokolda qeyd edilib).xx.xx.2025-ci il tarixdə hadisə ilə bağlı izahat yazmağa gedərkən DYP əməkdaşından hadisə yeri ilə bağlı rəsmi sənəd tələb etsə də yolun ekspertiza olunacağını bildirib ertəsi gün heç bir ekspert rəyi olmadan, qərarda hadisə baş verən yer xəritədə səhv göstərilərək ona protokol yazıldığını görmüşdür. Belə olan halda ona maraqlıdır ki, barəmdə protokol tərtib etmiş Binəqədi rayon DYPŞ-nin YNH baş inspektoru X2 onun “HUNDAİ TUCSON” markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə qayda pozmağını hansı “xüsusi bilik” və ya “istedad”ına istinad etməklə müəyyən edib?! Axı polis əməkdaşı inzibati xəta pozuntusunu gözü ilə görməmiş, xüsusi texniki vasitə ilə müəyyən etməmiş və ya inzibati xəta pozuntusunu bilavasitə görmüş şəxsləri şahid qismində dindirməmişdir. Belə çıxır ki, inspektor öz mülahizəsinə uyğun, ürəyi necə istəyir o formada hadisələri qiymətləndirə bilər və kefi istədiyi qərarı qəbul edə bilər?! xx.xx.2025-ci il tarixdə əldə etdiyi qəzanın baş vermə anının obyektin müşahidə kamerasına düşən video çəkilişi və hadisə şahidləri ilə bərabər digər sürücünün düşüb üzr istədiyini yola çıxarkən sağa baxıb sola baxmadığını, işə tələsdiyini dediyi, hadisədən qabaq verdiyi səs siqnalını eşitmədiyi haqda protokola etiraz ərizəsi yazmaq istədiyini bildirsə də DYP bunu təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Hazırki halda inzibati xəta nə səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməmiş, nə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, yəni o inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Qeyd edilənlərə əsasən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Rəsul-zadə Xəyalə Səlahəddin qızı şikayəti müdafiə edib, şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, idarə etdiyi avtomobillə hərəkətdə olarkən “Mercedes” markalı avtomobil sağ tərəfdə yerləşən məhəllədən yola çıxmışdır. O, həmin avtomobili görən kimi siqnal vermiş, əyləci pedalını sıxmış, lakin həmin avtomobilin sürücüsü onu görməmişdir. O, idarə etdiyi avtomobili yol kənarında bordür tərəfə çəkmiş, lakin həmin avtomobil onun avtomobilinə dəymişdir. Hadisədən sonra o, avtomobildən düşüb hadisə yerinin şəkillərini çəkmişdir. Digər avtomobilin sürücüsü avtomobili bir qədər park etmişdir. DYP əməkdaşı hadisə yerinə gələrkən həmin avtomobil hadisə yerində aralıda olmuşdur. Onun avtomobilində video qeydiyyat cihazı olmadığına görə hadisənin görüntüləri onda olmamışdır. Hadisədən sonra digər avtomobilin sürücüsü ondan üzr istəmişdir. Odur ki, məhkəmədən qeyd edilənləri nəzərə alaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, digər avtomobilin sürücüsü sonu dalan olan yoldan gəlmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X3 yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis kapitanı X2 bildirmişdir ki, hadisə nizamlanmayan yol ayrıcında baş vermişdir. Hadisə vaxtı sürücü Xəyal Rəsul-zadənin getdiyi istiqamətdə yolun sonu və digər sürücünün gəldiyi yolun sonu dalandır. Nizamlanmayan yol ayrıcında hərəkət üstünlüyü sağdan gələn nəqliyyat vasitəsinə aiddir. O, hadisə yerinə getmiş və müəyyən etmişdir ki, hadisə vaxtı Xəyalə Rəsul-zadənin idarə etdiyi avtomobilin tərəfi, digər avtomobilin sol tərəfi zədələnmişdir. Araşdırma zamanı Rəssul-zadə Xəyalə Səlahəddin qızı tərəfindən törədilmiş hadisə öz təsdiqini tapdığına görə barəsində əsaslı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Odur ki, sürücü Rəsul-zadə Xəyalə Səlahəddin qızı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslı olduğundan şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Rəsul-zadə Xəyalə Səlahəddin qızı xx.xx.2025-ci il tarixdə saat 14:05-də Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsində “HYUNDAİ ELANTRA MİNİK” markalı, **- RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Hadisənin görüntülərini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Rəsul-zadə Xəyalə Səlahəddin qızı idarə etdiyi avomobillə yolun sağ zolağı ilə hərəkət edib avtomobillə sol zolağa doğru manevr etdiyi zaman yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə vaxt sağ istiqamətdən yol ayrıcına daxil olmuş avtomobillə toqquşmuşdur. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Rəsul-zadə Xəyalə Səlahəddin qızının Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 13-cü hissəsinə əsasən nizamlanmayan yolayrıcı – nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır. Həmin qanunun 42-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin qanunun 77-ci maddəsinin 3-cü bəndinə əsasən Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Rəsul-zadə Xəyalə Səlahəddin qızı xx.xx.2025-ci il tarixdə saat 14:05-də Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsində nizamlanmayan yolayrıcında “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən əsaslı olaraq xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Rəsul-zadə Xəyalə Səlahəddin qızı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarına əlavə edilmiş video görüntülərdə öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə Rəsul-zadə Xəyalə Səlahəddin qızı tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, Rəsul-zadə Xəyalə Səlahəddin qızının həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Rəsul-zadə Xəyalə Səlahəddin qızının Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-5168/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5168/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver