Məhkəmə qərarları › İş №3(001)-517/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-517/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-517/2021 29.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 vəkili X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən tərtib edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ilə müraciət edərək Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən tərtib edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, “xxxx” MMC-nin direktorudur. O, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin s/i polis leytenantı Quliyev Rəşad Böyükkişi oğlu tərəfindən barəsində inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN seyiyalı, ******* saylı Protokol tərtib edilmişdir. Hesab edir ki, qərar qanunsuz, əsassız və qeyri obyektivdir. Belə ki, işin faktiki halları ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində yerləşən “xxxx” MMC-nin inzibati binasına daxil olmuş və MMC-nin 3 nəfər işçisinin fərdi qoruyucu vasitələrdən istifadə etmədiklərini aşkar etmişlər. Bununla əlaqədar karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiklərinə görə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin s/i polis leytenantı Quliyev Rəşad Böyükkişi oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək X4 barəsində xx xxxxxx 2020ci il tarixli, MN seyiyalı, ******* saylı, X5 barəsində xx xxxxxx 2020-ci il tarixli, MN seyiyalı, ******* saylı, X8 barəsində xx xxxxxx 2020-ci il tarixli, MN seyiyalı, ******* saylı Protokollar tərtib edilərək hər biri 100 (yüz) manat məbləğində cərimə edilmişlər. Bununla yanaşı “işçilərə şərait yaratdığına görə” əsası ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək “xxxx” MMC-nin direktoru olaraq onun barəsində yuxarıda qeyd olunan protokol tərtib edilmişdir. Barəsində qeyd olunan protokol tərtib edilsə də, onun əsasında qəbul edilmiş qərar bu günədək ona təqdim edilməmiş, eləcə də yaşadığı ünvana göndərilməmişdir. Mübahisəli qanunsuz protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin konkret hansı bəndi ilə inzibati məsuliyyətə cəlb edilməyi göstərilməmiş və protokolda yalnız həmin Məcəllənin 211-ci maddəsi yazılmaqla kifayətlənilmişdir. xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı protokol tərtib edilərkən işçilərin karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiklərinin qarşısının vəzifəli şəxs tərəfindən alınmamasına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxsə tətbiq edilməli olan inzibati xəta ilə razılaşmışdır. Lakin sonradan barəsində tərtib edilmiş protokol barədə internet informasiya resursu vasitəsi ilə maraqlandıqda məlum oldu ki, həmin protokol əsasında qəbul edilmiş qərara əsasən ona 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Beləliklə qeyd olunanlardan aydın şəkildə görünür ki, protokol tərtib edilərkən Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin s/i polis leytenantı Quliyev Rəşad Böyükkişi oğlu tərəfindən qanun pozuntularına yol verilmişdir. Fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasının qarşısının alınmamasına görə - vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin s/i polis leytenantı Quliyev Rəşad Böyükkişi oğlu tərəfindən isə maddi hüquq normalarının tələbləri kobud surətdə pozularaq, fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasının qarşısının alınmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi tətbiq edilməli olduğu halda həmin Məcəllənin 211.1-ci maddəsi tətbiq edilmiş, bu isə nəticədə qanunsuz protokolun və onun əsasında qanunsuz qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Qeyd olunanlarla yanaşı barəsində tərtib edilmiş protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində cərimə edilməyi həmçinin, protokolun tərtib edildiyi müddətdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğundeyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx xxxxxx 2020-ci il tarixli, 224-VİQD nömrəli Qanununun 1-ci bəndinə əsasən, “211.1-ci maddənin sanksiyasında “üç min manatdan dörd min manatadək” sözləri “dörd min manatdan beş min manatadək” sözləri ilə, “dörd min manatdan on min manatadək” sözləri “beş min manatdan on bir min manatadək” sözləri ilə əvəz edilmişdir”. Göründüyü kimi, barəsində mübahisəli protokolun tərtib edildiyi xx xxxxxx 2020-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində ümumiyyətlə 3000 manat (üç min) manat məbləğində hər hansı cərimənin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Beləliklə, işin faktiki hallarına və maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edirik ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilməyinə dair Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin s/i polis leytenantı Quliyev Rəşad Böyükkişi oğlu tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN seyiyalı, ******* saylı Protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən barəsində qəbul edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X1 vəkili X6 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə inspektoru polis leytenantı Quliyev Rəşad Böyükkişi oğlu tərəfindən qəbul edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, X2 “xxxx” MMC-nin qanuni təmsilçisidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 şikayəti təmin edilərək inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın icrasına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6-ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilərkən qanun pozuntularına yol verilmişdir. Belə ki, iş materiallarına olan “AsanPay” ödəniş portalından çıxarışdan görünür ki, X2 MN ******* saylı protokol üzrə 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi X2 barəsində tərtib edilmiş protokolda onun İXM-nin 211-ci maddəsinin konkret hansı bəndi ilə inzibati məsuliyyətə cəlb edilməyi göstərilməmişdir. Bundan başqa həmin Məcəllənin 211.1-ci maddəsində vəzifəli şəxlərin dörd min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslərin beş min manatdan on bir min manatadək məbləğdə, 211.2-ci maddəsində vəzifəli şəxslərin üç yüz manat məbləğində, hüquqi şəxslərin altı yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. Lakin “AsanPay” ödəniş portalından çıxarışdan məlum olur ki, X2 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Halbu ki, İXM-nin 211-ci maddəsində 3000 (üç min) manat məbləğində cərimə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı olduğundan təmin edilərək Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən tərtib edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. X1 inzibati məsuliyyətə cəlb olunmasına dair Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən tərtib edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar