Məhkəmə qərarları › İş №3(001)-5174/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5174/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5174/2025 21.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Ermənistanın Yexeqnadzor rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Daxil olmuş protokoldan müəyyən edilmişdir ki, Şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Tərəflər arasında barışıq əldə edilməmişdir. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X3 izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs bölməyə ərizə ilə müraciət edərək 16 may 2025-ci il tarixdə keçmiş əri Şəxs içkili halda evə gələrək onu döyməsini bildirmişdir. Həmin müraciət üzrə araşdırma aparılmış və Zərərçəkmiş şəxs keçmiş əri Şəxs tərəfindən döyülməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, müraciət üzrə müvafiq ekspertiza rəyi alınmış və həmin rəydə Zərərçəkmiş şəxs döyülməsi sübuta yetirilmişdir. Bundan sonra, əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati icraatın başlanması qərara alınmışdır. Bu məqsədlə, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək, Zərərçəkmiş şəxs dediklərinin şər-böhtan olduğunu, onunla mübahisə etdiyini, lakin onu döymədiyini qeyd edib, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildimrişdir ki, Şəxs keçmiş arvadını döyməsi ilə bağlı sübut yoxdur. İş materiallarında rəy olsa da, həmin rəydə zədələrin vurulması ilə bağlı konkret zərərçəkənin kim tərəfindən döyülməsinin qeyd edilməməsinin, döyülmə faktının olub-olmamasının, zədələrin başqa bir hadisənin də nəticəsində yarana biləcəyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs onun keçmiş əri olmuşdur. Boşandıqdan sonra onlar məcbur olaraq birlikdə yaşamışlar və aralarında mülkiyyət bölgüsü ilə bağlı mübahisələr olmuşdur. 16 may 2025-ci il tarixdə Eldəniz içkili şəkildə evə gəlmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Eldəniz onun üz və əl nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Bu Eldənizlə ilk mübahisəsi olmamışdır. Belə ki, Eldənizdən dəfələrlə şikayət etmiş və onun həmin şikayətləri əsasında sonuncu inzibati qaydada tutulmaqla yanaşı, cinayət məsuliyyətinə də cəlb edilmişdir. Hadisə baş verən gün Bakı Apellyasiya Məhkəməsində çıxmış qərarla keçmiş həyat yoldaşı CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilmişdir. Məhz onun döyülməsinə səbəb də bu olmuşdur. İki övladının olduğunu, hazırda onkoloji xəstəlikdən əziyyət çəkdiyini buna baxmayaraq, keçmiş həyat yoldaşının onun sinə nahiyyəsinə (xəstəliyinin olduğu nahiyyə) təpiklə vurduğunu, ona və uşaqlarına əzab verdiyini, övladlarının intihar həddində olduqlarını cinayət işi üzrə qərardan sonra daha da azğınlaşaraq onu hədələdiyini, uşaqlarının və özünün həyatının alt-üst olduğunu bildirərək, keçmiş həyat yoldaşının islah olmadığını bunu öz hərəkətləri ilə də sübuta yetirdiyini ifadəsinə əlavə edərək, məhkəmədən Şəxs şikayətçi olduğunu barəsində sərt tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

6. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmiş və Şəxs barəsində inzibati araşdırma aparılması qərara alınmışdır.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 705 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ və sol əllərin, döş qəfəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır.

8. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs döyərək İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-384/2024 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 ay müddətə inzibati həbs olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-1100/2025 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

11. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, eləcə də ona əlavə edimiş materiallarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir.

12. Məhkəmə bildirir ki, Şəxs qeyd edilən inzibati xətanı törətməməsi ilə bağlı ifədəsi özünü müdafiə xarakterli hesab edilir, bunun tam əksinə zərərçəkənin verdiyi ifadə isə iş materiallarına əlavə edilmiş sübutlarla (məhkəmə qərarının qəbul tarixi və əldə edilmiş ekspertlər rəyi ilə) öz təsdiqini tapır. Məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs əvvəllər də Zərərçəkmiş şəxs döyməyə görə inzibati məsuliyyətə cəlb edilmiş, habelə sonuncuya qarşı az ağır xəsarət yetirməyə görə isə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin gün, yəni xx.xx.2025-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-1100/2025 nömrəli qərarı elan olunduğu gün hazırda baxılan iş üzrə inzibati xətanı törətmişdir.

13. Məhkəmə qeyd edir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.

14. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

15. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

16. Məhkəmə bundan əvvəl də Şəxs tərəfindən analoji inzibati xətanı törətməsi və bu inzibati xətaya görə ən ağır həddə inzibati qaydada həbs tənbeh növünün ona tətbiq edilməsinə baxmayaraq, onun yenidən bu dəfə də zərərçəkənin sağlamlığına az ağır zərər vurması və buna görə də cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, barəsində protokol tərtib edilmiş şəxs ona tətbiq edilən cəza və tənbehlərdən nəinki nəticə çıxarmır, əksinə özünün qanunazidd davranışlarını davam etdirir.

17. Bundan başqa məhkəmə, Şəxs şəxsiyyətinə münasibətdə isə onu da bildirir ki, onun zorakılığa meyilli olması, xüsusilə də bunu yetkinlik yaşına çatmayan övladının gözü qarşısında, keçmiş həyat yoldaşına qarşı törətməsi, zorakılıq etdiyi şəxsin qadın olması və onun xəstəlikdən əziyyət çəkən bədən nahiyyəsinə təpik vurmaqla törətməsi, törətdiyi inzibati xətanın xarakteri, mütəmadiliyi, zərərçəkmiş şəxsin şikayətçi olması kimi hallar nəzərə alınmalıdır. Bununla da məhkəmə hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar.

18. Məhkəmə eyni zamanda keçmiş ər tərəfindən mütəmadi xarakter daşıyan zorakılıq halına qarşı münasibətdə onu da bildirmək istəyir ki, qeyd edilən hal məişət zorakılığıdır və “Məişət zoraıkılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə görə məişət zorakılığı dedikdə qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür. Qanunun 4.0.2-ci maddəsinə görə isə nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvad bu münasibətlərin subyektləri hesab edilirlər. Qanunun 6.3-cü maddəsinə görə məişət zorakılığı ilə bağlı hallar məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır. Məhkəmə bildirmək istəyir ki, zərərçəkən şəxs məhkəmə iclas zalında özünün və uşaqlarının həyatının təhlükə altında olduğunu, özünə qarşı dəfələrlə zorakılıq edən keçmiş ərin hərəkətləri ilə bağlı zəruri tədbirlərin görülməsini xahiş etmişdir. Onu da qeyd etmək lazımdır ki, tərəflər boşandıqdan sonra eyni evdə yaşamağa davam etmişlər, Şəxs Zərərçəkmiş şəxs sağlamlığına vurulan az ağır zərərə görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-1100/2025 nömrəli qərarı ilə Şəxs azadlığı məhdudlaşdırılmış və birgə yaşadıqları yaşayış yerini günün müəyyən saatlarında tərk etməməklə bağlı üzərinə müəyyən məhdudiyyətlər qoyulmuşdur. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 1 oktyabr 2010-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə həmin Qanunun 6.2-ci, 7.0.8-ci, 9.1-ci, 11.1-ci maddələrində, 11.2-ci maddəsinin birinci cümləsində və 12.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, həmin Qanunun 17.3-cü maddəsinin birinci cümləsində, 18.1-ci, 18.4-cü, 18.5-ci, 19-1.1-ci maddəsinin birinci cümləsində və 19-1.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, gələcəkdə də eyni hadisələrin baş verməməsi üçün məişət zorakılığı ilə bağlı vəziyyətin səlahiyyətli dövlət orqanları tərəfindən nəzarətə götürülməsini zəruri hesab edir.

19. Beləliklə, məhkəmə bildirir ki, İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

20. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

21. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

22. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

23. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

24. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

25. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

26. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

27. İXM-in 31.4-cü maddəsinə əsəsən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz.

28. Nəticə olaraq, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 20 iyul 2025-ci il tarixdə saat 19:10-dan hesablanmalıdır.

29. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək inzibati xəta törətmiş şəxs Şəxs hüquqlarının müdafiəsinə 2 (iki) saat vaxt sərf etmişdir.

30. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır.

31. İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.

32. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 2 (iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 2 (iki) hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 22 (iyirmi iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

33. Beləliklə, məhkəmə İXM-in 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 (iki) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 20 iyul 2025-ci il tarixdə saat 19:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 22 (iyirmi iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar