Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5177/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(001)-178/2024 saylı icra sənədi üzrə Şəxs borcunu ödəmir, bu günə heç bir ödəniş olmayıb, icra məmurunun qanuni tələblərini yetirməyib. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 178/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən tələbkarlar X3 və X1 xeyrinə 10778,01 manat borc, 650 manat təzminat və 125 manat dövlət rüsumu tətbiq olunmuşdur. Lakin, uzun müddət keçməsinə baxmayaraq MMC tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bununla bağlı tələbkarlar da şikayət etmişlər. İlk növbədə MMC-in rəhbəri barədə axtarış qərarı elan olunmuşdur. Məcburi qaydada şəxs Binəqədi rayon icra şöbəsinə gətirilmiş, izahatı alınmış, borcunun ödənilməsi üçün müəyyən vaxt verilmişdir. Lakin, müəyyən vaxt keçməsinə baxmayaraq təkrarən heç bir ödəniş olmadığından Şəxs barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, orada vurulmuş ziyan ilə bağlı yaranmışdır. Lift qırılmış və vətəndaşlar xəsarət almışdır. Xidməti də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirirdi. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şəxs bildirmişdir ki, 2023-cü il aprelin 1dən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Həmin MMC-ni o təsis etməmiş, MTK müqavilə əsasında götürmüş, sadəcə olaraq xidmət göstərir. Hüquqi bir varis kimi o xidmət göstərir, hesablarında isə pul yoxdur. Sadəcə hər ay çalışır ki, 50 manat və ya 100 manat artırdıqca vergi borcunu azaltsın. O, icra məmuruna bu işlə bağlı hesabat vermişdir ki, o, aylıq yığılan komunal borcu güclə ödəyir. Hadisə də ondan öncə olmuşdur. İcra məmuruna da təklif etmişdir ki, ilkin olaraq 1000 manat ödəniş etsin və daha sonra ayda 200 və ya 250 manat ödənişlər etsin. Həmin 1000 manat yenə də ondadır və ödəyə bilərəm. Hazırda 3000 manat ödəniş etmək istəyir. Ona görə də vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədi üzrə 3000 manat ödəniş həyata keçirmişdir, qalan borcunu da ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınmaqla, məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 178/2024 saylı icra sənədindən görünür ki, "xxxx" MMC-dən sağlamlığa dəymiş zərərə görə 8205 (səkkiz min iki yüz beş) manat, buraxılmış iş müddətində əmək haqqının almamasına görə 2073,01 (iki min yetmiş üç manat bir qəpik) mənəvi zərərə görə 500 (beş yüz) manat, cəmi 10778,01 (on min yeddi yüz yetmiş səkkiz manat bir qəpik) manat pul məbləği tutularaq X2 xeyrinə ödənilməli, həmçinin "xxxx" MMC-dən sağlamlığa dəymiş zərərə görə 150 (bir yüz əlli) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat, cəmi 650 (altı yüz əlli) manat pul məbləği tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-178/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2025-ci il tarixli, 14877 nömrəli qəbzdən görünür ki, Şəxs icra sənədi üzrə depozit hesabına 3000 AZN pul köçürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan şəxsin fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Bu normanın tətbiqi üçün əsas şərt – məcburi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra olunmamasıdır. Burada "üzrsüz səbəb" anlayışı icra sənədinin yerinə yetirilməməsinin obyektiv əsaslara söykənmədiyini, borclunun icra öhdəliyini bilərəkdən, mümkün olduğu halda yerinə yetirmədiyini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-178/2024 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən sağlamlığa dəymiş zərərə görə 8205 (səkkiz min iki yüz beş) manat, buraxılmış iş müddətində əmək haqqının almamasına görə 2073,01 (iki min yetmiş üç manat bir qəpik) mənəvi zərərə görə 500 (beş yüz) manat, cəmi 10778,01 (on min yeddi yüz yetmiş səkkiz manat bir qəpik) manat pul məbləği tutularaq X2 xeyrinə ödənilməli, həmçinin "xxxx" MMC-dən sağlamlığa dəymiş zərərə görə 150 (bir yüz əlli) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat, cəmi 650 (altı yüz əlli) manat pul məbləği tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-178/2024 saylı icra sənədində göstərilən tələbin üzürsüz səbəbdən icra olunmaması məhkəmə araşdırması zamanı istisna olunmuşdur. Belə ki, həmin icra sənədi üzrə MMC-nin vəsaiti olmadığından ödəniş edilməmiş, xx.xx.2025-ci il tarixdə isə xx.xx.2025-ci il tarixdə isə Şəxs icra sənədi üzrə depozit hesabına 3000 AZN pul köçürmüşdür. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb sırf icra sənədi üzrə məbləğin ödənilməməsi olmuş, digər hansı bir qanuni tələbin yerinə yetirilməməsi göstərilməmişdir. Belə olan halda, borclunu icra sənədindəki tələbi üzürsüz səbəbdən icra etməsindən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, icra sənədi üzrə borc məbləği ümumilikdə 11428 manat təşkil edir və inzibati xəta haqqında protokol məhkəməyə daxil olduqdan sonra şəxs həmin məbləğdən 3000 AZN ödəniş etmişdir. Həmçinin əvvəlcə də, icra məmuruna 1000 AZN ödəniş etməyi və aylıq mütəmadi ödənişlər edəcəyini bildirmişdir. Qeyd olunanlar Şəxs icra sənədindəki tələbi qərəzli olaraq icra etmədiyinin əksinə, onun həmin icra sənədinin icrasında maraqlı olduğunun göstəricisidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə əsaslarından biri olan inzibati xətanın sübuta yetirilməsi yükü inzibati icraat orqanının üzərinə düşür və şəxsin təqsiri şübhə doğurmadan müəyyən edilməlidir. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Mövcud iş üzrə isə, inzibati xəta tərkibinin mövcudluğu barəsində əsaslı və şübhəsiz sübutlar təqdim edilmədiyindən, yaranmış hüquqi və faktiki qeyri-müəyyənliklər barəsində icraat aparılan şəxsin xeyrinə qiymətləndirilməlidir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də icra məmurunun və ya barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu MMC-nin hesabında vəsait olmaması, buna rəğmən icra sənədi 3000 manat ödəniş edilməsi ilə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5177/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5177/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver