Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5178/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X2 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X3 tərəfindən Şəxs barəsində vəzifəli şəxs qismində İXM-in 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Şəxs tərəfindən "xxxx" MMC-də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daxili nəzarət proqramı tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş və bununla bağlı Maliyyə Monitorinqi Xidmətinə məlumat verilməmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş X3 protokolu müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Z.D.Əzizov verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC hüquqi şəxslər üçün vergi hesabatları hazırlayaraq hüquqi şəxslərin fəaliyyətinin təmin və idarə edilməsi fəaliyyətində iştirak edir və bu mənada “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələri yerinə yetirməli idi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs protokola etiraz edərək bildirdi ki, direktoru olduğu "xxxx" MMC-nin fəaliyyət növü – mühasibat məsləhəti xidmətləri göstərməkdir. Yəni, cəmiyyət ona müraciət edən şəxslərin təqdim etdiyi məlumatlar əsasında onlar üçün vergi hesabatları hazırlayır. MMC daşınmaz əmlakın alqı-satqısı, müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması, müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması, hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı kimi əməliyyatları aparmır və ya bu cür əməliyyatların aparılmasında iştirak etmir.İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə məsuliyyət də yalnız sadalanan fəaliyyət hallarında tətbiq oluna bilər. Ona görə də əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri maliyyə institutları və peşə sahibləridir. 1.1.8-ci maddəsinə əsasən maliyyə institutları – kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərdir. 1.1.9-cu maddəsinə əsasən qeyri-maliyyə institutları və peşə sahibləri – rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləridir. 1.1.10-cu maddəsinə əsasən rieltor – daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxsdir. "xxxx" MMC-nin fəaliyyətindən müəyyən edilir ki, o, mühasibat məsləhəti xidmətləri göstərən hüquqi şəxsdir və qeyri-maliyyə institutlarına aid edilir. Sözügedən qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə əsasən bu Məcəllənin 598.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) və 598.4-cü maddələrində (Maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulması) nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə məsuliyyət yalnız o hallarda tətbiq oluna bilər ki, qeyri-maliyyə institutları və peşə sahibləri "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsində sadalanan əməliyyatları aparsın və ya bu cür əməliyyatların aparılmasında iştirak etsin. Qanunun 3.1-ci maddəsinə əsasən, qeyri-maliyyə institutları və peşə sahibləri – o cümlədən notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər – yalnız aşağıdakı konkret əməliyyatları apardıqları və ya onlarda iştirak etdikləri hallarda qanunun tələblərinə tabe olurlar: daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, idarə olunması və səhmlərin/payların alqı-satqısı. Hazırki halda isə "xxxx" MMC tərəfindən bu əməliyyatların heç biri həyata keçirilməmiş, sadəcə daxili nəzarət proqramının tətbiq olunmaması, məsul şəxsin təyin edilməməsi və MMX-ya məlumat verilməməsi əsas götürülmüşdür. Lakin bu tədbirlər yalnız Qanunun tətbiq dairəsinə aid fəaliyyət həyata keçirildiyi halda hüquqi öhdəlik sayılır və müvafiq tələblərin pozulması inzibati məsuliyyətə səbəb ola bilər. Əgər şəxs ümumiyyətlə 3.1-ci maddədə nəzərdə tutulan xidmət və əməliyyatları həyata keçirmirsə, həmin qanunun və onun əsasında İXM-in 598.7-ci maddəsinin tələbləri bu şəxsə şamil edilmir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin vergi hesabatlarının hazırlanmasının hüquqi şəxslərin fəaliyyətinin təmin və idarə edilməsi fəaliyyətinə aid olduğu mövqeyi ilə razılaşmır və qeyd edir ki, hüquqi şəxslərin fəaliyyətinin təmin və idarə edilməsi dedikdə qərarların qəbulu, resursların idarə olunması, gündəlik fəaliyyətin təşkil olunması, mühasibatlıq və maliyyə axınının nəzarətdə saxlanması kimi işlərin yerinə yetirilməsi başa düşülür. Hüquqi şəxslərin təqdim etdiyi məlumatlar əsasında vergi hesabatlarının hazırlanması isə onların fəaliyyətində qanunvericiliyə uyğunluğun təmininə dəstək xidmətidir və hüquqi şəxsin idarə edilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 79-cu maddəsinə görə heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5178/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5178/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver