Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5179/2025 12.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Böyük dövlət vergi müfəttişi X1, Şəxs direktoru Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X2 tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə 21 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. 21 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daxili nəzarət proqramı tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş və bununla bağlı Maliyyə Monitorinqi Xidmətinə məlumat verilməmiş, Dövlət Vergi Xidməti tərəfindən göndərilən sorğulara cavab verilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Böyük dövlət vergi müfəttişi X2 bildirmişdir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2025ci il tarixədək olan dövr üzrə səyyar yoxlama aparılmışdır. Yoxlama qeyd edilən qanuna, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli, 3- 21-28/3-6-6/2023 nömrəli qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələblərə” və digər aktlara uyğun olaraq aparılmışdır. Yoxlama xx.xx.2025-ci il tarixdə başlanılmış və xx.xx.2025-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama zamanı cəmiyyət tərəfindən məsul şəxsin təyin edilməsi və sair məsələlər barədə sənədlər təqdim edilsə də, tərəfindən Maliyyə Monitorinq Xidmətinə Şəxs orada qeydiyyatda olub-olması barədə məktub yazılmış, Maliyyə Monitorinq Xidməti tərəfindən daxil olan məktubda isə daxil nəzarət proqramının pozulduğu göstərilmişdir. Cəmiyyət tərəfindən də yoxlama dövrü ərzində məsul şəxs təyin olmadığına görə 21 iyul 2025-ci il tarixdə İXM-nin 598.7-ci maddəsi ilə protokol tərtib edilmiş və cəmiyyətin direktoruna təqdim olunmuşdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cəmiyyətə həmin maddə ilə protokol tərtib edilməsinin səbəbi cəmiyyət tərəfindən İXM-nin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş daxili nəzarət proqramının tətbiq edilməməsi oluşdur. Daxili nəzərət proqramının tətbiq edilməsi məsəsli isə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində nəzərdə tutulmuşdur. Qanuna əsasən ilk olaraq məsul şəxs təyin olunmalı, məsul şəxs olmadıqda isə onu əvəz edən şəxs təyin edilməli və 3 iş günü müddətində Maliyyə Monitorinq Xidmətinə göndərilməlidir. Həmin qanunun 3.1.2-ci maddəsinə əsasən mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər daşınmaz əmlakın alqı-satqısı(3.1.2.1), müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması(3.1.2.2), müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması(3.1.2.3), hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı (3.1.2.4) əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə bu qanun qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə tətbiq edilir. Yoxlama müddətində cəmiyyətin yalnız mühasibat xidmətləri ilə məşğul olması müəyyən edilmişdir. Yəni vergi ödəyiciləri tərəfindən təqdim edilmiş məlumatlar elektron sistem üzərindən vergi orqanına təqdim edilmişdir. Qeyd edilənlərə əsasən də Şəxs MMC qeyri maliyyə inistutuna aiddir. Qeyri maliyyə inistutları isə qanunun 3.1-ci maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olduqda həmin qanun onlara da təqtbiq edilir. Cəmiyyət muhasibatlıq fəaliyyəti ilə məşğul olduğundan hesab edir ki, muhasibatlıq fəaliyyəti qanunun 3.1.2.4-cü maddəsinə əsasən onlara da şamil edilməlidir. Belə ki, qanunun 3.1.2.4-cü maddəsində hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili qeyd edilmşdir. Hesab edir ki, mühasibat xidmətinin göstərilməsi həmin bənddə göstərilən işlərin yerinə yetirilməsidir. Yoxlama müddətində cəmiyyətin həmin qanunun 3.1.2.1, 3.1.2.2, 3.1.2.3-cü bəndlərində nəzərdə tulmuş fəaliyyət növləri ilə məşğul olması müəyyən edilməmişdir. Yalnız mühasibat xidmətinin göstərilməsini qanun 3.1.2.4-cü bəndində göstərilən fəaliyyət növünə aid etdikləri üçün protokol tərtib etmişlər. Yoxlama dövründə cəmiyyətin vergi ödəyiciləri ilə olan müqavilələri isə sadəcə mühasibatlıq xdmətinin göstərilməsi ilə bağlı olmuş, hüquqi şəxlərin fəliyyətinin idarə edilməsi barədə ayrıca müqavilələr müəyyən edilməmişdir. Məhkəmə iclasında Şəxs direktoru Nümayəndə bildirmişdir ki, onların fəaliyyəti yalnız mühasibatlıq xidmətlərinin göstərilməsi olmuşdur. Yəni xidmət göstərdikləri vergi ödəyiciləri olan hüquqi və fiziki şəxslərin onlara verdiyi məlumatları (rəqəmləri) heç bir düzəliş etmədən müvafiq xanalara (gəlirlər, xərclər və sair) dolduraraq sistem vasitəsi ilə vergi orqanına təqdim etmişlər. Bundan başqa heç bir iş görməmiş, hüquqi şəxsin fəaliyyətinin idarə edilməsində isə iştirak etməmişlər. Lakin, buna baxmayaraq, 2024-cü ilədən bəzi sənədlər hazırlamışlar. Belə ki, vergi orqanının qaynar xətti ilə əlaqə saxlayanda onlara sənədləri hazırlayaraq özlərində saxlamalarını, səyyar vergi yoxlaması zamanı təqdim edilməsi bildirilmiş, hər hansı qrumda təsdiq edilməsi barədə heç bir məlumat verilməmişdir. Səyyar yoxlama zamanı da həmin sənədləri yoxlayaıcıya təqdim etmişlər. Hesab edir ki, onar qeyd edilən sənədləri ümumiyyətlə hazırlamalı deyillər, lakin buna baxmayaraq vergi orqanı tələb etdiyindən hazırlamışlar. Qeyd edilənləri nəzərə alaraq barələrində aparılan icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 598.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: 598.1.1. maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; 598.1.2. maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə; 598.1.3. maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə; 598.1.4. maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə; 598.1.5. maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə; 598.1.6. maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə –vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə –vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.7-ci maddəsinə əsasənbu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə –vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri maliyyə institutları və peşə sahibləridir. 1.1.8-ci maddəsinə əsasən maliyyə institutları – kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərdir. 1.1.9-cu maddəsinə əsasən qeyri-maliyyə institutları və peşə sahibləri – rieltorlar, kazino oyunlarının təşkilatçıları və operatorları, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləridir. 1.1.10-cu maddəsinə əsasən rieltor – daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxsdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun tələbləri kazino oyunlarının təşkilatçıları və operatorları istisna olmaqla, digər qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: 3.1.1. rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; 3.1.2. notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: 3.1.2.1. daşınmaz əmlakın alqı-satqısı; 3.1.2.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; 3.1.2.3. müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; 3.1.2.4. hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91-2.4-ci maddəsinə əsasən cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır. Məhkəmənin mövqeyi və əsaslandırması: Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC qeyri-maliyyə institutu olmaqla yalnız mühasibat məsləhəti xidmətləri göstərmişdir və bu fəaliyyət “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsində nəzərdə tutulan xidmət və əməliyyat növlərinə aid edilmir. Qanunun 3.1-ci maddəsinə əsasən, bu tələblər yalnız daşınmaz əmlakın alqı-satqısı, müştərinin pul vəsaitləri, əmlakı və ya hesablarının idarə olunması, hüquqi şəxslərin yaradılması və idarə olunması, eləcə də bu fəaliyyətlərdə iştirak kimi konkret əməliyyatların həyata keçirildiyi hallarda tətbiq edilir. Şəxs MMC-nin fəaliyyətində isə göstərilən əməliyyatların heç birinə rast gəlinməmiş, yalnız müştərilərin təqdim etdiyi məlumatların (rəqəmlərin) elektron sistem vasitəsi ilə vergi orqanına təqdim olunması ilə məhdudlaşdığı müəyyən edilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Böyük dövlət vergi müfəttişi X2 Şəxs MMC-nin mühasibat fəaliyyətini hüquqi şəxslərin idarə edilməsi kimi qiymətləndirilməli olduğu bildirilmişdir. Lakin bu iddia Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91-2.4-cü maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən, hüquqi şəxsin idarə edilməsi yalnız cəmiyyətin icra orqanının səlahiyyətlərinin müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verildiyi hallarda baş verir. Yoxlama materiallarında, eləcə də məhkəmə prosesində belə bir müqavilənin mövcudluğu barədə hər hansı bir sübut təqdim edilməmiş, yoxlamanı həyata keçirmiş əməkdaş da belə bir müqavilənin olmadığını təsdiq etmişdir. Bundan əlavə, Şəxs MMCnin mühasibatlıq fəaliyyəti yalnız rəqəmlərin müvafiq hesabatlara daxil edilməsi və müştərilər adından vergi orqanına elektron qaydada təqdim olunması ilə məhdudlaşmışdır. Bu fəaliyyət isə Mülki Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulan hüquqi şəxsin idarə edilməsi anlayışına uyğun gəlmir. Bununla yanaşı, cəmiyyətin hüquqi şəxslərin idarə edilməsi və ya onların maliyyə əməliyyatlarının təşkili ilə bağlı hər hansı fəaliyyət göstərdiyinə dair vergi orqanı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, Şəxs MMC-nin fəaliyyətində daxili nəzarət proqramının tətbiq edilməməsi və məsul şəxsin təyin olunmaması ilə bağlı iradlar da hüquqi baxımdan əsassızdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə əsasən, yalnız “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiq dairəsinə aid fəaliyyət növləri ilə məşğul olan qeyri-maliyyə institutları və peşə sahibləri üçün bu tələblər məcburidir. Şəxs MMC isə nə qanunun 3.1-ci maddəsində nəzərdə tutulan xidmətləri həyata keçirmiş, nə də bu fəaliyyətlə məşğul olmaq üçün qanunla müəyyən edilmiş bir öhdəlik daşımışdır. Vergi orqanı tərəfindən təqdim edilən yoxlama nəticələrində belə, cəmiyyətin yalnız mühasibat məsləhəti fəaliyyəti ilə məşğul olduğu təsdiq edilmişdir. Bu fəaliyyət isə qanunun tətbiq dairəsinə aid edilmir və buna görə də daxili nəzarət proqramının tətbiqi ilə bağlı tələblər cəmiyyətə tətbiq edilə bilməz. Vergi orqanı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən hüquq pozuntuları ilə bağlı əsaslandırmaların heç biri sübutlarla təsdiq olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 79-cu maddəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmayan vəzifələrin icrasına məcbur edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız qanunla müəyyən edilmiş inzibati xətalara görə məsuliyyət nəzərdə tutulur və təqsirsizlik prezumpsiyasına əsasən, şəxsin təqsirli olması sübut olunmadıqca o, məsuliyyətə cəlb edilə bilməz. Məcəllənin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından cəmiyyət barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki. Şəxs əməlində İXM-in 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 21 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5179/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5179/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver