Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5182/2025 22.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PBnin sahə inspektoru polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində transfer icraçısı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İdarəsinin 5-ci PB-nin sahə inspektoru polis mayoru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İdarəsinin 5-ci PB-nin sahə inspektoru polis mayoru X3 tərəfindən Şəxs barəsində İXM-in 510-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin sahə inspektoru polis mayoru X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixli raport onun icraatına daxil olmuş və tərəfindən araşdırılma aparılmaqla Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə üzrə bildirməlidir ki, xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində əməliyyat qrupunun üzvləri Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllənin qarşısına getmişlər. Həmin ünvanda Şəxs küçədə uca səslə nalayiq ifadələr işlətmiş, sakitçiliyi pozmuşdur. Əməliyyat qrupu tərəfindən Şəxs saxlanılaraq polis bölməsinə gətirilmişdir. Həmçinin qeyd etməlidir ki, bununla artıq üçüncü dəfədir sonuncu bölməyə gətirilir. Belə ki, həmin ünvanda yaşayan Mayıl İsmayılov barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bibisi oğludur. Onların arasında mülk mübahisəsi gedir. Bununla bağlı Şəxs həmin ünvana gedib hay-küy salır. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İdarəsinin 5-ci polis bölməsində Şəxs barəsində CM-nin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı mövcuddur. Şəxs dəfələrlə mübahisənin zor yolu ilə həllinin doğru olmadığı, sivil yollarla həll edilməsinin zəruri olması izah edilmişdir. Lakin bütün bunlara baxmayaraq Şəxs həmin ünvana gedərək yenidən mübahisə yaratmışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, İnzibati qaydada tutma haqqında” protokolda texniki səhv olaraq Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:55də inzibati qaydada tutulması göstərilmişdir. Lakin Şəxs faktiki olaraq xx.xx.2025-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun anası və atası dünyasını dəyişmişdir. O da həmin ünvana ilk dəfə nənəsindən obyekt istəmək üçün getmişdir. Çünki əmiuşaqları arasında bir tək onun valideynləri həyatını itirmişdir, həm də yaşca ən kiçik odur. Lakin ora gedəndə onu döyməyə cəhd etmişlər. O, qaçmağa cəhd edən zaman qolu ilə bilmədən xəsarət yetirmiş, bununla bağlı da 5-ci polis bölməsində araşdırma aparılır. Sonuncu dəfə həmin ünvana özünü öldürmək məqsədi ilə getmişdir. Çünki onu alçaldırlar. Ona səs yazı atırlar ki, get bacılarını öldür, namusunu təmizlə. Halbuki, onun hər iki bacısı ailəlidir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İdarəsinin 5ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X1 bildirmişdir ki, onun icraatında Şəxs barəsində CM-nin 128-ci maddəsi ilə aparılan sadələşdirilmiş icraat materialı mövcuddur. Həmin material üzrə hələ araşdırma davam etməkdədir. xx.xx.2025-ci il tarixdə əməliyyat qrupunun tərkibində olduğu zaman ona zəng gəlmiş və Şəxs yenidən problem yaratdığını bildirmişlər. O, əməliyyat qrupu ilə birlikdə deyilən ünvana getmişdir. Orada Şəxs səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini müşahidə etmişlər. Ətrafda da insanlar toplaşmışdılar. Cəmiyyət içində nalayiq ifadələr işlətdiyi üçün Şəxs polis bölməsinə gətirmişlər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs faktiki olaraq xx.xx.2025-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, AZA 022393 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:55-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 510-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizamintizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Şəxs Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllə ünvanında ətrafda insanlar toplaşdığı halda ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə Şəxs hərəkətlərini aşağıdakı aspektlərdən ictimai qaydanın pozulması kimi qiymətləndirilir:
1. İctimai davranış qaydalarının pozulması: Şəxs cəmiyyət içərisində hay-küy salıb mübahisə yaratmaqla ictimai davranış qaydalarını pozmuşdur.
2. Əxlaq normalarına uyğunluğun pozulması: Şəxs ətrafda insanlar olduğu halda ucadan nalayiq ifadələr işlətməklə əxlaq normalarını pozmuşdur. Bu əsasda məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətləri İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibini təşkil edir. Həmin maddənin tətbiqi ilə Şəxs törətdiyi hərəkətlərin qanunvericiliyə uyğun qiymətləndirilməsi zəruridir. Cəmiyyətin asayişinin təmin edilməsi və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün bu cür davranışlara qarşı inzibati tədbirlər görülməsi isə vacibdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, şahid izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, Şəxs barəsində yalnız normanın sankiyasında nəzərdə tutulmuş ağır tənbeh tədbirinin tətbiq edilməsi yolu ilə inzibati tənbehin məqsədlərinə nail olunmasını mümkün edir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə ondan ötrü inzibati həbs tənbeh tədbirinin tətbiqinin zəruri olduğu qənaətinə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs artıq həmin ünvanda yaşayan qohumları ilə yaratdığı mübahisə ilə bağlı üçüncü dəfədir ki, polis bölməsinə dəvət olunur. Nəzərə alınmalıdır ki, onun barəsində CM-nin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı da mövcuddur. Bu faktı məhkəmə iclasında şahid qismində iştirak edən həmin sadələşdirilmiş icraat üzrə araşdırma aparan təhqiqatıçı da təsdiq etmişdir. Məhkəmə hesab edir ki, yüngül tənbeh tədbiri tətbiqi etməklə Şəxs analoji hərəkətlərinin qarşısını almaq və inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olmayacaqdır. Çünki barəsində sadələşdirilmiş icraat materialı olduğu təqdirdə şəxsin yenidən həmin ünvana gedərək nalayiq ifadələr işlətməsi, onun təkrar olaraq eyni hərəkətlərə yol verə biləcəyinə əsas verir. Buna görə də Şəxs islah edilməsi yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş sərt tənbeh tədbirinin tətbiqi ilə mümkündür. Məhkəmə onu da qeyd edir ki, inzibati həbs müddətinin əvvəli Şəxs tutulduğu vaxtdan hesablanmalıdır. İnzibati xəta haqqında protokolda qeyd edilmiş tutulma vaxtının texniki olaraq səhv göstərildiyini protokolu tərtib etmiş şəxs özü təsdiq etmiş və sonuncunun faktiki olaraq xx.xx.2025-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmasını bildirmişdir. Şəxs həmin vaxtda tutulduğunu əməliyyat qrupunda iştirak etmiş şahid də təsdiq etmişdir. Buna görə də, məhkəmə inzibati həbs müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdə saat 12:00-dan hesablanması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Zamiq Bağırov