Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5185/2024 17.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, zərəçəkmiş şəxsin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1997-ci il tarixdə Ağsu rayonu, Qaradağ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağsu rayonu, Rəhimli ərazi dairəsi, Qaradağ kəndində qeydiyyatda olmaqla və Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 3-cü korpus, fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 17 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Saatlı Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(055)-529/2022 saylı icra vərəqəsinə əsasən Şəxs 06 may 2022-ci il tarixdən başlanaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb X1 ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanmışdır. Sözügedən icra sənədi üzrə yaranmış 790 manat borc ödənilmədiyi üçün Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmənin qərarı ilə Şəxs inzibati cərimə edilmişdir. Hazırda həmin inzibati cərimə üzrə də icra işi onun icraatındadır. Borclu tərəfindən həmin cərimə borcu da ödənilmir. Həmçinin aliment öhdəliyi üzrə də hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin borcu 1475 manat təşkil edir. 20 may 2024-cü il tarixdə məhkəmə iclasında İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edildikdən sonra Şəxs aliment öhdəliyi üzrə cəmi 160 manat ödəniş etmişdir. Odur ki, Şəxs barəsində 17 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, aliment öhdəliyini icra etməməsinə səbəb övladının ona göstərilməməsidir. Həmçinin maddi imkanı da yaxşı deyildir. Lakin gücü çatdığı qədər ödəniş edəcəkdir, hər ay çalışacaqdır ki, aylıq sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarını ödəsin. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, valideynləri ilə birlikdə yaşayır, aylıq 400 (dörd yüz) manat əmək haqqı haqqı alır. Uşaq ona göstərildiyi halda hər ay aliment ödənişini mütəmadi şəkildə ödəyəcəkdir. Məhkəmə iclasında zərəçəkmiş şəxsin nümayəndəsi X4 bildirmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə nikahın pozulması və aliment ödənişinin edilməsi barədə qətnamə qət edilmişdir. Qətnaməyə əsasən 06 may 2022-ci il tarixdən başlanaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment ödənilməlidir. Bu ay, yəni sentyabrda 2024-cü ilin avqust ayının ödənişi olaraq 160 manat ödəniş etmişdir. Uşaqla görüşlə bağlı qətnamə 2024-cü il avqust ayında çıxarılmışdır, həmin vaxta qədər də məhkəmə qətnaməsi olmadan 4-5 dəfə uşaqla görüşməyə gəlmiş, həmin zaman Şəxs uşaqla görüşünə də hər hansı bir maneçilik törədilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Saatlı Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(055)-529/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 06 may 2022-ci il tarixdən başlanaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb X1 ödənilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Saatlı Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(055)-529/2022 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. 17 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 3084/2024 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 17 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün 2 müxtəlif hal müəyyən edilmişdir. 1. icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi; 2. icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Saatlı Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(055)-529/2022 icra sənədi üzrə Şəxs X1 ödənilməmiş 1475 manat aliment borcu vardır. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs məhkəmə iclasında özü də təsdiq etmişdir ki, 400 (dörd yüz) manat əmək haqqı alır, lakin uşaq ona göstərilmədiyi üçün aliment öhdəliyini icra etmir. Qeyd edilməlidir ki, uşaq himayəsində verilmiş valideyn tərəfindən uşağın digər valideynə göstərilməməsi aliment öhdəliyini icra etməməyə əsas ola bilməz. Belə olan halda, Şəxs tərəfindən övladının ona göstərilməməsi əsası ilə aliment öhdəliyinin icra edilməməsi sonuncu tərəfindən Saatlı Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(055)-529/2022 saylı icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsini təsdiq edir. Odur ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədi icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqələri, bildiriş, tərəflərin izahatı və özünün etiraf edici izahatı ilə tam olaraq sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilindiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-3084/2024 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində eyni xətanı törətməsini sonuncunun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə tətbiq ediləcək inzibati həbs növündə tənbeh tədbirinin müddətinə münasibətdə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur, həmçinin İXM-in 31.4-cü maddəsinin tələbləri nəzərə alındıqda qeyd olunan tənbeh tədbirinin aşağı həddi isə 8 gündən az olmamalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi əmək fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etməsini nəzərə alır, buna görə də sonuncunun əmək fəaliyyətindən uzun müddət kənarlaşdırılmasının aliment öhdəliyinin icrasına mənfi təsir göstərəcəyini hesab edərək Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi yolu ilə inzibati tənbehin məqsədlərinə nail olunacağı qənaətinə gəlir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5185/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5185/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver