Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5191/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29390964 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 şikayətlə, daha sonra şikayətinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, heç bir əsası olmadan qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ29390964 saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində saat 11:30 radələrində (lakin protokolda səhv olaraq 22:22 göstərilib) Binəqədi rayonu, Mir Cəlal küçəsi ilə X4 küçəsinin kəsişməsində ona məxsus 99UC541 nömrəli “Mercedes Benz E320” markalı avtomobilinə, xüsusi texniki vasitə ilə İXM-in 327.1-ci maddəsinə əsasən cərimə yazılıb. Belə ki, həmin tarixdə avtomobili ilə sol zolaqla hərəkət edərək yol ayrıcında geriyə dönmə manevri etmişdir. Lakin bir müddət keçdikdən sonra sms vasitəsi ilə cərimə olunduğu barədə bildiriş gəlmişdir. Asanpay kabinetində əlavə edilmiş şəkillərə əsasən cərimənin yazılma səbəbi 4.1.4 məcburi hərəkət istiqaməti yəni yalnız düzünə və sağa dönmə nişanının tələbinin pozulması səbəbi göstərilir. Şəkildə həmin nişanın qoyulduğu yer bilinmir. Heç bir qayda pozmadığı və yol ayrıcında nişanın olmamasına əmin olduğu üçün bu məsələnin araşdırılmasına qərar vermişdir. Ölçü işləri aparmaq və fotofiksasiya etmək məqsədi ilə cərimə olunduğu yerə getmiş və məlum olmuşdur ki, nişan həqiqətən də yol ayrıcında yoxdur. Nişanın isə qoyulmalı olduğu yerdən 54 m arxada olduğunu aşkara çıxarmışdır.Cərimə yazılarkən nişanın fotoları şərti olaraq yerləşdirilib. Elə təsürat yaranır ki, guya nişan yol ayrıcında yerləşir. Təsadüfi deyil ki, nişanla avtomobilinin birgə şəkilləri yoxdur. Hazırladığı trayektoriya cizgisini sübut olaraq işə əlavə etmişdir. Yol hərəkəti haqqında qanunun 65-ci maddəsinə əsasən nişan yolayrıcının qarşısında qoyulduqda, yolayrıcına aid olur, nişan yola girən yerdə vurulduqda ən yaxın yolayrıcına qədər qüvvədə olur. Göründüyü kimi qaydalara əsasən həmin nişanın yol ayrıcı ilə heç bir əlaqəsi yoxdur, onun isə geriyə dönmə hərəkəti yolayrıcının bilavasitə özündə baş verib. Eyni zamanda dönməyə başlamamışdan qabaq sol zolaq ilə hərəkət edirdi və həmin zolaqda yerdə düzünə və geriyə dönmə üçün müvafiq nişan mövcuddur. Həmin yerdəki nişan əlavə etdiyi şəkillərdə və videoda açıq aşkar görünür. Qeyd edir ki, hətta nişan 54m deyil yolayrıcının başlanğıcında qoyulmuş olsaydı belə həmin yerdəki nişan ilə ziddiyyət təşkil edəcək idi. Qaydalarda isə nişanlar arasındakı üstünlük, yalnız xəbərdaredici nişanlara və işıqforun baş yola nisbətdə üstünlüyü əsas götürülməsini nəzərdə tutur. Digər hallarda və eləcə də bu kimi məcburi hərəkət istiqaməti nişanları arasında isə ziddiyyət YHQ-un 61-ci maddəsinə əsasən ümumiyyətlə yolverilməzdir və bu uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Sübut olaraq fotoşəkilləri işə əlavə etmişdir. Bu kimi hallar sürücülük vəsiqəsi almaq üçün əyani olaraq DYP İdarəsinin qeydiyyat-imtahan məntəqələrində istifadə edilən test kitabçalarında bilavasitə qeyd olunmuşdur. Ehtiyac duyularsa həmin nişanın bilavasitə yolayrıcında və ya ondan əvvəl qoyulması fərqlərini həmin test suallarından nümunə olmamaqla əyani şəkildə izah edə bilər. Simulyasiya olunacaq şəkilləri əvvəlcədən işə əlavə etmişdir. Eyni zamanda fotoların hansı kamera və model ilə çəkildiyini baxış bucağını və ən əsası həqiqiliyini sübut edəcək parametrik sənədləri də işə əlavə etmişdir. Sübutların əsaslı olması üçün növbəti gün fotoşəkillərdən əlavə olaraq video yazını da qeydə almışdır. Elə həmin videoyazıda da nişanın arxada olması və sol zolaqdan da geriyə dönmənin icazəli olduğu açıq aşkar görünür. Bu cür açıq aşkar səhvlərə görə cərimə edilməyi onu çox məyus edir. Bu halların baş verməsi onda prinsip məsələsi yaradır. Cərimə 5 dəq ərzində yazılır amma cərimənin əsasız olduğunun sübutunun bəzən 6 aya qədər uzanması ədalətli deyil. Foto şəkillər, poçt qəbzləri, çapa verilmiş materiallar və onlara çəkilmiş xərclər, qərarın surətinin asanpay kabinetində yerləşdirilməməsi səbəbindən DYP idarəsindən götürülməsi müddətinin dəyəri, ərizələrin yazılmasına gedən vaxtın dəyəri və yola çəkilmiş xərcin məbləği və s. gələcəkdə işə əlavə ediləcəkdir. Belə ki, sonda lehinə qərar çıxarılacağı təqdirdə mülki qaydada dəymiş maddi ziyanın qarşılanması məsələsi də mübahisələndiriləcəkdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29390964 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29390964 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Mercedes Benz 320” minik markalı, 99UC541 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi X2 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (yol nişanlarının tələblərinə riayət edilməməsi) törətməkdə təqsirli bilinib 40 manat cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin: 1-ci hissəsinə əsasən məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. 2-ci hissəsinə əsasən bu nişanların dairəvi forması və mavi fonu vardır. 3-cü hissəsinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. 4-cü hissəsinə əsasən 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. 5-ci hissəsinə əsasən yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. 4.4 nişanı minik avtomobillərinin, avtobusların, motosikletlərin, ümumi istifadədə olan nəqliyyat vasitələrinin və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə verir. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın yolayrıcından giribçıxmalıdırlır. Təqdim edilmiş fotoşəkillər və yol nişanları kontekstində məhkəmə hesab edir ki, X1 inzibati məsuliyyətə cəlb edilməsi əsassız olmuşdur. Belə ki, fotoşəkillərdən müəyyən olunur ki, o, avtomobil yolunun sağ tərəfində qoyulmuş dairəvi mavi 4.1.4 nişanını keçərək hərəkətini davam etdirmiş, yolayrıcına çatdıqdan sonra sola dönmə trayektoriyasından istifadə edərək U-dönüş etmişdir. Belə olan halda dönmə əməliyyatını yolayrıcında, xüsusi trayektoriyada yerinə yetirmişdir. Bundan əlavə təqdim edilmiş fotoşəkillərdən aydın görünür ki, həmin yolayrıcında yol səthində sola dönməyə icazə verən trayektoriya (ox işarəsi ilə) mövcuddur və bu trayektoriya sürücüyə həm sola dönmək, həm də geriyə dönüş etmək hüququ verir. Belə olan vəziyyətdə isə hər hansı bir ziddiyyət yoxdur. Əksinə, yolun səthindəki sola dönmə trayektoriyası sürücünün hərəkət istiqamətini qanuni şəkildə müəyyən edir və Udönüşü qadağan edən heç bir nişan və ya əlavə məhdudiyyət mövcud olmamışdır. Halbuki, U-dönüş əməliyyatını qadağan etmək üçün yol idarəedici orqanlar tərəfindən qadağanedici nişanların (məsələn, “U-dönüş qadağandır”) quraşdırılması tələb olunur. Hazırki işdə isə qadağanedici nişan və ya xəbərdarlıq elementi yoxdur. Yalnız 4.1.4 nişanının 54 metr məsafədə yerləşdirilməsi sürücünün dönmə əməliyyatı edəcəyi nöqtədə bu nişanın informativ təsirini zəiflədir və sürücü faktiki olaraq yolun səthindəki trayektoriyaya əsaslanaraq qanuni şəkildə U-dönüş edir. Nəticə olaraq, sürücünün 4.1.4 nişanının tələbini pozması faktiki olaraq baş verməmişdir. Sürücü yol nişanlarının tələblərinə əməl etmiş, yol səthindəki sola dönmə trayektoriyasına əsaslanaraq U-dönüş əməliyyatını icra etmişdir və bu hərəkətdə inzibati xəta tərkibi yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” qanunun 61-ci maddəsiinn Vİ-İ-ci bəndinə əsasən eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Məhkəmə qeyd olunanları ümumiləşdirirək belə nəticəyə gəlir ki, tətbiq olunan cərimə yol hərəkətinin təşkilindəki texniki uyğunsuzluqlar nəticəsində sürücüyə qarşı əsassız şəkildə tətbiq olunmuşdur. Ona görə də, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29390964 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29390964 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5191/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5191/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver