Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5193/2025 07.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 1 saylı Bakı Regional bölməsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 262.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 1 saylı Bakı Regional bölməsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 262.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 1 saylı Bakı Regional bölməsinin nümayəndəsi X4 bildirmişdir ki, 18 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Aprel zəfəri küçəsində məktəb binasının tikintisi zamanı, tikintini həyata keçirən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən su təchizatına qanunsuz qoşulma ilə sudan istifadə edilməsi müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmiş, vidoeçəkiliş aparılmışdır. Aşkar edilmiş faktla bağlı 21 iyul 2025-ci il tarixdə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində İXM-in 262.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də, məhkəmədən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə Şəxs QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında Binəqədi rayonu, Xocasən qəsəbəsi, Aprel zəfəri küçəsində tam orta məktəbin tikintisi həyata keçirilir. Qeyd edilən məktəbin tikintisi zamanı sudan istifadə ilə bağlı rəsmi müraciət olunmamış və icazə alınmamışdır. Tikintidə istifadə olunması üçün su xəttinə icazəsiz qoşulma olmuşdur. Odur ki, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 000221 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Aprel zəfəri küçəsində məktub tikintisi zamanı Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X8 İdarəsinin balansında olan 63 mm-lik şəbəkə su xəttinə 20 mm-lik plastik boru vasitəsilə qanunsuz qoşulma və sudan müqavilə olmadan qeyriqanuni istifadə edildiyi aşkar edilmişdir. Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi ilə bağlı aktdan görünür ki, dəymiş ziyanın həcmi 587 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Aprel zəfəri küçəsində aparılan məktəb tikintisi zamanı su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması aşkar edilmiş, nəticədə Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 262.3-cü maddəsi ilə əsaslı olduğundan Şəxs Qapalı Səhmdar Cəmiyyəti həmin maddənin sanksiyası həddində hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını, hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını, su təchizatı xidmətlərinin göstərilməsi üçün zəruri işlərin görülməsini, su təsərrüfatı pasportunun tərtib edilməsini. tələb edə bilər. Həmin qanunun 67-ci maddəsinə əsasən bu qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 3.1.1-ci bəndinə görə STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.1-ci bəndinə görə su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçıların vəzifəsidir. Həmin Qaydaların 8.6-cı bəndinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. İXM-in 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 262-ci maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Aprel zəfəri küçəsində aparılan məktəb tikintisi zamanı su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində 587 manat ziyan vurulmuşdur. Məhkəmədə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin faktiki halları ilə öz təsdiqini taparaq sübuta yetirildiyindən məhkəmə, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin İXM-in 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-5193/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5193/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver