Məhkəmə qərarları › İş №3(001)-5195/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5195/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5195/2023 07.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, fərdi identikasiya nömrəsi xxxxxxx olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol ondan ötrü tərtib edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs tərəfindən sözügedən inzibati xətanın törədilməsi iş materialları ilə tam şəkildə sübuta yetirilmiş, qeyd olunan iş materiallları protokola əlavə edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, törətdiyi əməldən çox peşmandır. Həqiqətən qeyd olunan inzibati xəta onun tərəfindən törədilmişdir. İlk dəfədir belə hərəkətə yol verir. Himayəsində bir yaşında övladı vardır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 329.3 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında” protokoldan görünür ki, Şəxs xüsusi texniki vasitə ilə spirtli içkidən istifadə etməsi müəyyən edilmiş, Şəxs imzası ilə spirtli içki qəbul etməsini təsdiq etmişdir. AD seriyalı, 203027 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək etibarlılıq müddəti olan BC kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ vardır. “AzeMis” elektron informasiya sistemindən olan çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il təvəllüdlü X3 adında övladı var. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Qeyd edilən inzibati xətanın Şəxs tərəfindən törədilməsi iş materialları, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə təsdiqini tapır. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddələrinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir; İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə Şəxs səmimi peşmançılığını, himayəsində az yaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi onun əməlindən səmimi peşmançılıq çəkməsini, həmçinin himayəsində az yaşlı övladının olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona qeyd olunan maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid edilmədiyindən həmin hissədə inzibati xəta haqqında protokol baxılması üçün protokolu tərtib etmiş inzibati orqana göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi hissəsində inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddələrində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar