Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5196/2025 23.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə bölməyə müraciətlə bağlı gəldikdə, onun hərəkətlər şübhə doğurmuşdur. Bu zaman ona verilən suallara cavab olaraq şəxs şübhəli cavablar vermişdir. Bundan sonra bölmə əməkdaşları tərəfindən Şəxs narkoloji dispanserə aparılmış və müayinə zamanı onun narkotik vasitələrdən istifadə etməsi halı aşkar edilmişdir. Daha sonra şəxsin izahatı alınmış və sonuncu izahatında narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Ona görə də, tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqında protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bir ilə yaxın narkotik vasitələdən istifadə etdiyini, sonuncu dəfə 08 iyul 2025-ci il tarixdə narkotik vasitədən istifadə etdiyini, himayəsində xəstə və azyaşlı övladlarının olduğunu, əvvəllər də narkotik vasitə istifadəsinə görə inzibati məsuliyyətə cəlb edildiyini, törətdiyi inzibati xətadan peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini qeyd edib, məhkəmədən ona yüngün tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
4. xx.xx.2025-ci il tarixli, AZA 025045 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 iyul 2025-ci il tarixdə saat 01:05-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
5. xx.xx.2025-ci il tarixli, 4387 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, yoxlama zamanı Şəxs götürülmüş nümunədən AMP(+), MET(+), PGB(+), THC(+) adlı maddələr aşkar edilmiş, müayinə zamanı onda kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır.
6. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində narkotik vasitə olan marixunadan istifadə edərək İXM-in 206-cı maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir.
7. Elektron Məhkəmə İnformasiya Sisteminin şəxsi məlumatlara dair portal çıxarışından görünür ki, Şəxs əvvəllər İXM-in 206-cı maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 2 dəfə inzibati məsuliyyətə cəlb edilmiş, bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
8. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, eləcə də şəxsin öz izahatı, Ambulator X1 rəyinə ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.
9. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
10. Məhkəmə, İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmanlığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıan hallar müəyyən edilməmişdir.
11. Məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs əvvəllər İXM-in 206-cı maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 2 dəfə inzibati məsuliyyətə cəlb edilmiş, bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.
12. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən halla yanaşı, törətdiyi inzibati xətanın xarakterini, əvvəllər də eyni xarakterli inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.
13. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
14. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
15. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
16. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
17. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
18. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.
19. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
20. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
21. İXM-in 31.4-cü maddəsinə əsəsən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz.
22. İXM-in 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir.
23. İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur.
24. İXM-in 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir.
25. İXM-in 37-ci maddəsinə görə ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir.
26. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 23 iyul 2025-ci il tarixdən saat 01:05dən hesablanmalıdır.
27. Həmçinin məhkəmə, qanunvericiliyin tələblərinə və xx.xx.2025-ci il tarixli, 4387 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyinə əsasən hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır.
28. Qeyd olunanları nəzərə alaraq və İXM-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 32, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 23 iyul 2025-ci il tarixdən saat 01:05-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova