Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5198/2024 27.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X8 və onun nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X14 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X14 şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmuş, 19 iyul 2024-cü il tarixdə MMC-nin fəaliyyətini dayandırmışdır. X18 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır. X18 həmin gündən əmək fəaliyyətinə başlamışdır. Bir neçə gün o əmək fəaliyyətinə başlayandan sonra iş yerini öz başına tərk etmiş, əmək müqaviləsinin şərtlərini və Azərbaycan Respublikasının Əmək Məcəlləsindəki maddələrinin tələblərini pozmuş, telefon zənglərinə cavab verməkdən imtina etmişdir. Əmək Məcəlləsinin müddəalarına görə tərəflərindən rəsmi xəbərdarlıq bildirişi göndərilmiş, daha sonra isə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra X12 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinə şikayət etdiyini öyrənmiş, xx.xx.2024-cü il tarixdə həmin orqana dəvət edilmişdir. Əmək müfəttişi X9 tərəfindən İXM-nin 192.1 və 192.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin günü əmək müfəttişi X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət barədə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və protokolun baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmişdir. Hər iki protokol tərtib edilərkən dövlət hesabına vəkil istəmiş, protokolla tanış olmaq, protokola qeyd vermək və onu imzalamaq istəmiş bunların heç birinə imkan verilməmişdir. Eyni gün və eyni saatda direktoru olduğu MMC barəsində 2 protokol tərtib edilməsinə baxmayaraq MN ******* digəri isə MN 2121697-dir, halbuki bu protokolların nömrəsi ardıcılıqla getməli idi. Bu da protokolların tərtibatında və nömrələrdə qurumdakı özbaşınalıqları göstərir, protokolların saxta olduğunu göstərir. 11 sentyabr 2024-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini X19 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz, əsasız və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin əmək müfəttişi X9 məni eyni əmələ görə iki dəfə inzibati məsuliyyətə cəlb etmiş, hətta şikayət etsə barəsində eyni əmələ görə üçüncü protokolu tərtib edəcəyi ilə hədələmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin əmək müfəttişi X6 tərtib etdiyi protokollar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini X13 qəbul etdiyi qərar, həm beynəlxalq aktlarda, həm də milli qanunvericilikdə öz əksini tapmış eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinə ziddir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X14 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən həm fiziki həm də hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edildiyini, bunun da əsassız olduğunu bildirmişdir. Hüquqi şəxsə yazılmış protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə geri qaytarıldığını bildirmişdir. X18 bir müddət işlədikdən sonra iş yerini öz başına tərk etmiş, əmək müqaviləsinin şərtlərini və Azərbaycan Respublikasının Əmək Məcəlləsindəki maddələrinin tələblərini pozmuş, telefon zənglərinə cavab verməkdən imtina etmişdir. Əmək Məcəlləsinin müddəalarına görə tərəflərindən rəsmi xəbərdarlıq bildirişi göndərilmiş, daha sonra isə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Tərəflərin təşəbbüsünə əsasən işdən çıxarıldığını, əslində 70-ci maddənin “ç” bəndi ilə çıxarılmalı olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq X12 xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi bağlayaraq işə başladığını, lakin əmək müqaviləsi bildirişinin sistemin xətası olması səbəbi ilə xx.xx.2024-cü il tarixdə sistemə daxil edildiyini bildirmişdir. Bununla bağlı telefon danışığının olduğunu, bu faktı təsdiq etdiyini bildirmişdir. X3 şikayətində əmək müqaviləsinin olmadığını qeyd etməsinə baxmayaraq onun əmək müqaviləsinin olduğunu bildirmişdir. X5 ilə əmək müqaviləsini 5 aprel 2024-cü il tarixdə saat 17:00 radələrində bağladığlarını, həmin gün təxminən bir saat işlədiyini qeyd etmişdir. 2 dəfə X17 Xidmətinin Bakı şəhər İdarəsində olduğu zaman heç bir qanun pozuntusuna yol vermədiyini bildirdiyini qeyd etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis etdikdən sonra biznesi inkişaf etməmiş və maddi ziyana düşmüş, bundan əlavə olaraq da X17 tərəfindən əsasız olaraq cərimə edilmişdir. Sistemdə xəta baş verməsi səbəbindən cərimə olunması ilə bağlı razılaşmadığını qeyd etmişdir. Şikayətçi xanımı da dəvət edərək ona əmək haqqısını ödədiyini, həmçinin şikayətçinin və onun nişanlısı tərəfindən ona hədə-qorxu gəlindiyini qeyd etmişdir. Şikayətçi qadının qaçqın olmasını, Zəngilandan olmasına görə onu Əmək Məcəlləsinin 70-ci maddə ilə işdən çıxartmadığını bildirmişdir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, X18 şikayətlə X17 Xidmətinə müraciət etmiş və müvafiq araşdırma aparılmışdır. Nəticədə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onun əmək fəaliyyətinə cəlb edildiyi müəyyən edilmişdir. Bu səbəbdən hüquqi şəxs "xxxx" MMC barəsində və hüquqi şəxsin direktoru X14 barəsində vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilmişdir. Texniki problemin olmasının heç bir əsası olmadığını, şikayətçidən müvafiq olaraq ərizə alındığını qeyd etmişdir. İşçinin 8 gün, günlük 7 saat olmaqla işə cəlb edilməsi müəyyən edilmişdir. X10 məxsus elektron imzanın 5 aprel 2024-cü il tarixdə ümumiyyətlə istifadə edilmədiyini, 6 aprel 2024-cü il tarixdə elektron imza ilə əmək müqaviləsi bildirişi imzalandığını bildirmişdir. Bundan başqa X14 tərəfindən sistemdə nasazlıq olması barədə hər hansı müraciətinin olmadığını, həmin dövrdə digər hüquqi və fiziki şəxslər tərəfindən əmək müqaviləsi bildirişlərinin sistemə yerləşdirdiyini, hər hansı texniki nasazlığın yaşanmadığını qeyd etmişdir. Şəxsin sistemdə problemlər olması barədə bildirdikləri inzibati məsuliyyətdən yayınmaq üçün olduğunu, bu səbəbdən şikayətin əsassız olduğunu qeyd edərək təmin edilməməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X7 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin vəzifəli şəxsi X14 tərəfindən “Barista” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Eyni zamanda qanunvericiliyin tələbləri pozularaq işdən çıxma ərizəsi olmadan onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan görünür ki, vətəndaş X7 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin vəzifəli şəxsi X14 tərəfindən “Barista” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb etdiyi üçün barəsində İXM-nin 192.1 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X7 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdə “Barista” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Buna görə də hüquqi şəxs "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X18 "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdə işə başlamış, həmin tarixdə əmək müqaviləsi bağlanmış, lakin əmək müqaviləsi bildirişi sistemə xx.xx.2024-cü il tarixdə daxil imzalanaraq daxil edilmişdir. "xxxx" MMC-nin direktoru X10 ünvanlanmış X18 tərəfindən yazılan ərizənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdən MMC-də barista vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin direktoru X8 xx.xx.2024-cü il tarixli 7 nömrəli əmrindən görünür ki, X18 xx.xx.2024-cü il tarixdən barista vəzifəsinə təyin edilərək onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin direktoru X14 ilə X18 arasında bağlanmış əmək müqaviləsinin 2.4-cü bəndindən görünür ki, işçi xx.xx.2024-cü il tarixdən işə başlayır. "xxxx" MMC-nin direktoru X16 tərəfindən imzalanaraq təsdiq edilmiş cəmiyyətin 2024-cü il aprel ayı üzrə iş vaxtının uçotu tabelinin surətindən görünür ki, X18 xx.xx.2024cü il tarixdən işə başlamış və xx.xx.2024-cü il tarixədək işləmiş, xx.xx.2024-cü il tarixdə işlədiyi iş saatı 7 saat olmuşdur. "xxxx" MMC-nin direktoru X8 xx.xx.2024-cü il tarixli 5 nömrəli əmrindən görünür ki, X12 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2 “a” bəndinə, tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilmişdir. Həmin əmr onunla əsaslandırılmışdır ki, X18 xx.xx.2024-cü il tarixdə səhhətində yaranan problemlə bağlı həkim müayinəsində olacağını bildirmiş, amma növbəti günlərdə də işdə olmamışdır. Əməkdaşa xəstə olması barədə günlərin həkim sənədlərini təqdim etməli, ofisə yaxınlaşıb izahat yazmalı olduğunu bildirilsə də əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim etməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən X18 ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, həmin bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Whatsapp telefon mesajlarından görünür ki, ***-***-**-** nömrəli telefondan X18 yazdığı mesajında 5-16 aprel 2024-cü il tarixlərində işlədiyini və 17 apreldə işə gələ bilməyəcəyini qeyd etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri, şikayətçinin və onun nümayəndəsinin, səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, X8 şikayəti rədd edilməlidir. Belə ki, İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsində isə bu əsaslara müvafiq olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən qəbul edilə biləcək qərarların tam siyahısı göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC –nin direktoru X14 tərəfindən X7 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də “Barista” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Belə ki, X12 əmək müqaviləsi 06 aprel 2024-cü il tarixdə hüquqi qüvvəyə mindiyi halda o, artıq 05 aprel 2024-cü il tarixdən əmək fəaliyyətinə cəlb edilmişdir. Eyni zamanda qanunvericiliyin tələbləri pozularaq X12 işdən çıxma ərizəsi olmadan onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa məhkəmə iclası tədqiq edilmiş iş materiallarında olan işçilərə ödənilmiş əmək haqlarını təsdiq edən sənəddən müəyyən edilmişdir ki, X18 05 aprel 2024-cü il tarixdən başlayaraq "xxxx" MMC-də “Barista” vəzifəsi üzrə işləməyə başlamışdır. Lakin əmək müqaviləsi bildirişi bir gün sonra, yəni 06 aprel 2024-cü il tarixdə hüquqi qüvvəyə minmiş və elektron sistemə yerləşdirilmişdir. X1 məhkəmə iclasında elektron sistemdə texniki xəta baş verməsi, bu səbəbdən əmək müqaviləsi bildirişinin elektron imza ilə imzalanmasının mümkün olmaması, ümumiyyətlə X18 ilə xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində müqavilə bağladığını və onun təxminən bir saat işləməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq qeyd edir ki, şikayətçi X14 məsuliyyətdən yayınmaq üçün bu formada izahat vermişdir. Belə ki, Qarabağlı Əyyub tərəfindən imzalanaraq təsdiq edilmiş cəmiyyətin 2024-cü il aprel ayı üzrə iş vaxtının uçotu tabelinin surətindən də görünür ki, X18 xx.xx.2024-cü il tarixdən işə başlamış və xx.xx.2024-cü il tarixədək işləmiş, xx.xx.2024-cü il tarixdə işlədiyi iş saatı 7 saat olmuşdur. Bundan başqa tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.17-ci bəndində işçinin iş saatının 09:00-da başlandığı, saat 17:00-da qurtardığı göstərilmişdir. Göründüyü kimi bağlanmış əmək müqaviləsində iş saatının 17:00-da bitməsi göstərildiyi halda, işçi ilə həmin saatda əmək müqaviləsinin bağlanaraq 7 saat işləməsi həqiqətə uyğun deyildir. X14 tərəfindən imzalanaraq təsdiq edilmiş tabeldə X12 xx.xx.2024-cü il tarixdə 7 saat iş və xidmətlərin görülməsinə cəlb edilməsi isə öz təsdiqini tapır. Belə ki, Whatsapp telefon mesajları ilə ***-***-**-** nömrəli telefondan X18 5-16 aprel 2024-cü il tarixlərində işlədiyini yazdığı mesajında qeyd etmişdir. Bundan başqa "xxxx" MMC-nin direktoru X8 xx.xx.2024-cü il tarixli 5 nömrəli əmri ilə müəyyən edilir ki, X12 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2 “a” bəndinə, tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilmişdir. Həmin əmr əsaslandırılarkən X12 əmr veriləndən 1 gün sonraya, yəni xx.xx.2024-cü il tarixdə səhhətində yaranacaq problemlərlə əlaqədar hallara istinad edilmişdir. Bununla da məhkəmə hesab edir ki, əmr verildiyi 16 aprel 2024-cü il tarixdə 17 aprel 2024-cü il tarixdə baş verə biləcək hadisə qabaqcadan müəyyən edilə bilməzdi, bu səbəbdən də işçinin işdən çıxarılması haqqında əmr heç bir qanuni, mövcud və həqiqi əsaslandırma olmadan qəbul edilmiş, bununla da işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Bütün bunlara əsasən məhkəmə tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş X8 barəsində İXM-nin 192.1 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın əsaslı olması, şikayətin isə əsassız olması qənaətinə gəlinmişdir. Bununla da şikayətin təmin edilməsi və qeyd edilən qərarın ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Məhkəmə həmçinin şikayətçinin həm rəhbəri olduğu hüquqi şəxs barəsində həm də özünün vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsinin mümkün olmaması ilə bağlı iddiasına münasibət bildirərək qeyd edir ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X14 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5198/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5198/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver