Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-520/2023 02.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi Novruzova Cəmilə Davud qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materiallarının baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati xəta haqqında tərtib olunmuş protokolda qeyd edilən xətanı törətmədiyini və bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O bildirmişdir ki, polis əməkdaşı onu saxlayan zaman gözlərindəki qızartının səbəbini soruşmuş o isə yük maşını sürücüsü olduğunu yorğunluq və yuxusuzluqdan ola biləcəyini qeyd etmişdir. Daha sonra polis əməkdaşı ondan şübhələndiyini və sərxoş olub-olmadığını soruşmuş, alkotestrlə yoxlamış sərxoşluğu olmamış daha sonra isə narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, o isə namaz qıldığını heç vaxt nə spirtli içki nə də narkotik vasitə qəbul etmədiyini qeyd etmişdir. Polis əməkdaşı onu yenə də sərxoşluğunu müəyyən etmək üçün həkim müayinəsinə aparmışdır. Sidikdən analiz vermiş, nümunə olan qabı həkimə təqdim etmiş əlini yumaq üçün gedib-qayıtdıqda artıq analizin götürüldüyünü və sidiyində THC tərkibli maddə aşkarlandığı, el arasında nəşə deyilən maddə olduğunu bildirmişdirlər. Bunun mümkün olmayacağını bildirməsinə və ondan təkrar nümunə götürülərək yanında nümunənin test edilməsini tələb etsə də nə həkim, nə də polis əməkdaşı buna məhəl qoymamışdır. Daha sonra protokola öz etirazını bildirərək özünün təqsiri olmadığını necə sübut edə biləcəyini düşünmüş və çoxsaylı araşdırmadan sonra xx.xx.2023-cü il tarixdə X1 Mərkəzi Xəstəxanasına müraciət edərək narkotest müayinəsindən keçmişdir. Müayinənin nəticəsinə görə narkotestin nəticəsi neqativ olmuş, həmçinin onda THC – kannabinoid tərkibli maddənin aşkarlanmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayının nümayəndəsi inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. İş materiallarında olan və tədqiq edilmiş: İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokolda Şəxs nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməklə idarə edilməsi ilə bağlı İXMnin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta pozuntusu törətməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 64/2023 saylı Aktda Şəxs şüurunun aydın olduğu, nitq qabiliyyətinin rabitəli olduğu, gözlərinin qızardığını,sidiyində THC vasitəsinin bir momentli immunoxromotoqrafik test xətti üsulu ilə təyin edildiyi, dediyinə görə narkotik qəbul etmədiyi qeyd edilmişdir. X1 Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli laboratoriya analizi nəticəsindən grünür ki, narkotestin nəticəsi neqativ olmuş, Şəxs sidiyində THC –kannabinoid aşkar edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 333.1-ci maddəsindəki inzibati xətanı törətməmişdir. Belə ki, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.1-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. Həmin Qaydalların 2.3-cü bəndinə görə narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin protokol üzrə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Halbuki, İXM-nin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 64/2023 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”ndan görünür ki, Şəxs həmin gün saat 16:15-də həkim müayinəsindən keçmiş və narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sənədlərdən məhkəmə o nəticəyə gəlmişdir ki, Şəxs tərəfindən ona istinad edilən inzibati xəta hadisəsinin törədilməsi halını müəyyən etmək mümkün deyildir. Şəxs tərəfindən İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə əsaslı şübhələr mövcuddur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısımnın alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Odur ki, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədi. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-520/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-520/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver