Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5202/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi Bəbirov Qədir Nadir oğlunun katibliyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 221.9-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə nazirliyi tərəfindən Şəxs barəsində İXM-in 221.9cu maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən “Chondrobest” adlı bioloji aktiv qida məhsulunun həkim reseptinə yazılması faktı aşkar olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Hüquq və qanunvericilik şöbəsinin böyük məsləhətçisi X2 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəmə yazılı vəsatət ünvanlanaraq bildirmişdir ki, bioloji fəallığa malik qida əlavəsinin yazıldığı xx.xx.2024-cü il tarixli resept yalnız həkim İlkin Cəlilov tərəfindən imzalanmaqla Şəxs MMC-yə məxsus möhürlə deyil, həkimin özünə məxsus olan möhürlə təsdiq olunmuşdur. Qeyd olunan reseptə də Şəxs MMC-nin Baş direktorunun imzası və müəssisənin möhürü yoxdur. Belə olan təqdirdə AR İXM-nin 221.9-cu maddəsi ilə Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına hüquqi əsas olmamışdır. Sözügedən maddədə ehtiva olunan inzibati xəta hadisəsi törədilmişdirsə, bu xəta məhz həkim tərəfindən törədilmişdir. Odur ki, müvafiq inzibati xəta haqqında iş üzrə icraat vəzifəli şəxs barəsində başlanılmalı olmuşdur. Hesab edirik ki, Şəxs MMC tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir. Odur ki, Şəxs MMC barəsində AR İXM-nin 221.9-cu maddəsi ilə başlanmış inzibat xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Draçın” aptekdə “Chondro Best” əmtəə nişanlı bioloji aktiv qida məhsullarının reseptə yazılması faktına görə inzibati xəta haqqında protokol tərtib edilərək, zəruri tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilmişdir. Şəxs MMC-yə məxsus DR.İlkin Cəlilov tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli reseptdən görünür ki, “Chondro Best” əmtəə nişanlı bioloji aktiv qida məhsulu xəstə Cəmilə Mirzəyevaya qəbul etməsi üçün yazılmışdır. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən “Chondrobest” adlı bioloji aktiv qida məhsulunun həkim reseptinə yazılmışdır. İXM-in 221.9-cu maddəsinə əsasən bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 221.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMCnin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 221.9-cu maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5202/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5202/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver