Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5207/2025 05.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən 19244,20 Avro məbləğində vəsait bank vasitəsilə 10 iyul 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 9622,10 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 11 iyul 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilsə də, sonradan müəyyən edilmişdir ki, Şəxs tərəfindən protokolda göstərilən vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Belə ki, o, hüquqi şəxsin nümayəndəsi ilə əlaqə saxlamış, nümayəndə idxal gömrük bəyannamələrinin mövcud olduğunu bildirmişdir. Sadəcə bank tərəfindən mail göndərişlər işdən ayrılmış əməkdaşın e-poçt ünvanına göndərildiyi üçün cəmiyyət bəyannamələri banka təqdim edə bilməmişdir. Odur ki, inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Məhkəmə iclasında şahid X1 bildirmişdir ki, o, 2025-ci ilin yanvar ayına Şəxsndə çalışmışdır. "xxxx" ASC tərəfindən maillər onun e-poçt ünvanına göndərilmişdir. Onun da xəbəri olmamışdır. Lakin daha sonra müvafiq bəyannamələrin böyük hissəsi banka təqdim edilmişdir. Şəxs tərəfindən avans olaraq ölkə xaricinə köçürülmüş bütün vəsaitlər hesabına ölkəyə idxal olunmuşdur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs 10 iyul 2023-cü il tarixdə 19244,20 Avro vəsaiti xaricə köçürmüş lakin həmin vəsaitin 9622,10 Avro məbləğində hissəsi hesabına alınan malların idxalını təsdiq edən sənədləri təqdim etməmişdir. xx.xx.2023-cü il tarixli, OX2 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs 19244,20 Avro vəsaiti 146/EX/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə və 363570 nömrəli, xx.xx.2023-cü il tarixli invoysa əsasən “Kronospan” şirkətinin hesabına köçürmüşdür. 146/EX/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Şəxs və “Kronospan” şirkəti arasında müqavilə bağlanmışdır. 363570 nömrəli, xx.xx.2023-cü il tarixli invoysdan görünür ki, “Kronospan” şirkəti tərəfindən Şəxsnə satılan malların dəyəri 65430,15 Avro olmuşdur. xx.xx.2023-cü il tarixli, **********6746 saylı gömrük bəyannaməsindən görünür ki, “Kronospan” şirkəti tərəfindən Şəxsnə göndərilən malın ümumi invoys dəyəri 40566,66 Avro təşkil etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda 10 iyul 2023-cü il tarixində Şəxs tərəfindən ölkə xaricinə köçürülmüş 19244,20 Avro vəsaitin 9622,10 Avro təşkil edən hissəsi hesabına alınan malların ölkəyə idxal edilmədiyi göstərilsə də, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən tərəfindən xaricə köçürülmüş vəsait hesabına alınmış malların idxal edilməməsi, o cümlədən valyuta vəsaitinin qaytarılmaması istisna olunmuşdur. Belə ki, 10 iyul 2023-cü il tarixdə Şəxs 146/EX/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə və 363570 nömrəli, xx.xx.2023-cü il tarixli invoysa əsasən 19244,20 Avro vəsaiti “Kronospan” şirkətinin hesabına köçürmüşdür. Həmin vəsaitin 9622,10 Avro məbləğində hissəsi hesabına alınan malların ölkəyə idxal edilməməsi göstərilərək cəmiyyət barəsində protokol tərtib edilsə də, məhkəmə iclasında 9622,10 Avro məbləğində vəsait hesabına alınan malların xx.xx.2023-cü il tarixli, **********6746 saylı gömrük bəyannaməsi ilə ölkəyə idxal olunduğu müəyyən edilmişdir. Bu fakt həm mərkəzi bankın nümayəndəsinin, həm də şahidin izahatı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs “Kronospan” şirkətinin hesabına köçürdüyü 19244,20 Avro vəsaitin 9622,10 Avro hissəsi hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd olunanlar onu göstərir ki, xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5207/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5207/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver