Məhkəmə qərarları › İş №3(001)-521/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-521/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-521/2023 31.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3 iştirakı ilə xx.xx.1988-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə X1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, fərdi yaşayış evinin həyətyanı sahəsinə saat 05:28 radələrində daxil olaraq yük arabası, dəmir parçası (armatur) və şeveler oğurlayaraq 100 manat maddi ziyan vurmuşdur. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs uşağı xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə təqdim edərək, vəkilin hüquqi yardımına ehiyacı olmadığını və vəkildən imtina etdiyini bildirmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, maddi ehtiyacı ucbatından protokolda göstərilən əməli törətmiş, oğurladığı araba və 1 ədəd turbanı 45 manata satıb ehtiyacları üçün xərcləmişdir. Vətəndaşa maddi ziyan vurmuşdur. Vurduğu ziyanı hələ də ödəməmişdir. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Vahid Məhkəmə Portalından çıxarışdan görünürki, Şəxs əvvəllər məhkumluğu olmuşdur və məhkumluğu ödənilməmişdir. Aparılan məhkəmə araşdırmasında Şəxs məsuliyyətini yüngüllədirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə şəxsə barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, o cümlədən ona təyin ediləcək inzibati tənbehin islah üçün kifayət edib-etməyəcəyini mütləq şəkildə müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də 03 ay müddətində inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il, saat 17:30 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar