Məhkəmə qərarları › İş №3(001)-5212/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5212/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5212/2024 25.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X11 iclas katibliyi, X2 və onun vəkili X15 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Sulutəpə qəsəbəsində özbaşına tikilmiş fərdi evdə ailəsi ilə yaşayır. Evinin yanında yerləşən sənədsiz 3 sot torpaq sahəsində yeznəsi X16 qanunsuz tikinti işləri apararkən aidiyyatı qurumlar buna icazə verməmişdir. Ondan sonra 29 yanvar 2023-cü il tarixində X16 o, rayonda olduğu zaman evinə hücum edərək həyat yoldaşını və qızını nalayiq küçə söyüşləri ilə söymüş , 30 yanvar səhər saatlarında isə digər yeznəsi X7 və onun ailə üzvləri-oğlu gəlini, həyat yoldaşı və qızı ilə birlikdə Davudla yenə evinə hücum edərək dava-dalaş salmışlar. Bununla bağlı onun 40-cı PB-də şikayətləri vardır. Ondan sonra Binəqədi RPİ-də AR CMnin 127-ci maddəsi ilə cinayət işi açılmışdır. Lakin X5 başa düşərək ərizə yazaraq cinayət işinə xitam verilməsini xahiş etmiş və həmin cinayət işinə 2 avqust 2024-cü il tarixində xitam verilmişdir. Həmin vaxtdan o nə X13, nə də yeznəsi X6 və ailə üzvlərini görməmişdir. X16 yenidən qanunsuz tikinti aparmağa cəhd etsə də aiddiyyatı qurumlar icazə verməmişdir. O, 05 sentyabr 2024-cü il tarixində səhər xırda kənd təsərrüfatı məhsullarının alveri üçün Quba-Qusar rayonlarına getmişdir. 10 sentyabr axşam 23:40 radələrində evinə qayıtmış, evinə girən zaman təxminən gecə saat 24:00 radələrində X3 oğlu X8 dostu və onlarla yaxın münasibətdə olan sahə müvəkkili, polis leytenantı Rəhman İbrahimov heç bir əsas olmadan onu evindən məcbur edib öz maşını ilə 40-cı PB-nə aparmış və şikayətçini onların tapşırığı ilə qanunsuz gecə saat 24:00 radələrindən xx.xx.2024-cü il tarixində saat 12:00-a kimi həbsdə saxlamışdır. Vəkilin müdaxiləsindən və Binəqədi rayon prokurorluğuna telefonla qanunsuz həbslə bağlı şikayət edildikdən sonra bölmə rəisi Nizami Novruzov onu qəbul edərək hadisənin neçə baş verməsi ilə maraqlanmış və sahə müvəkkilinin qanunsuz hərəkətlərini, yəni guya 10 sentyabr 2024-cü il tarixində səhər 06:00 saatlarında X10 və X1 sahə müvəkkili bəhanə edərək onu evindən saat gecə 24:00 radələrində bölməyə gətirərək qanunsuz saxladığını demişdir. Şikayətçi yuxarıda göstərilənləri əsas tutaraq, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X4 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən X2 vəkili X20 şikayətçi ilə eyni məzmunlu çıxış edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-si məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də, məhkəmə işə inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin səlahiyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin və vəkilin çıxışını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X17 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X17 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, şikayətçinin protokolda göstərilən vaxtda, yəni xx.xx.2024 –cü il tarix, saat 06.00-07.00 radələrində Bakı ərazisində olubolmadığı Bakı şəhəri Binqədi RPİ-nin 40-cı PB-nin əməkdaşı tərəfindən müəyyənləşdirilməmişdir. Bundan başqa, protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin nümayəndəsi protokolu tərtib edərkən və protokol əsasında qərar qəbul edərkən qanunun tələblərini pozmuşdur. Belə ki, protokola MN ******* seriya nömrəsi verilsə də, protokolun tərtib edildiyi tarix göstərilməmiş, bundan başqa tərəfindən qəbul edilən qərarda da qərarın qəbul edildiyi tarix və işə baxılarkən müəyyən edilmiş hallar qeyd edilməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür.Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib.Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, vətəndaş tərəfindən AR İXM-nin 510-cu maddəsinin tələblərinin pozulması ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. Bu da nəticədə obyektiv həqiqətin müəyyən olunmasında çətinliklər yaratmışdır. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən nöqsanları aradan qaldırmaq üçün şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXMnin tələblərinə əməl edilməklə əlavə araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-si tərəfindən qəbul edilmiş 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında materiallar yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar