Məhkəmə qərarları › İş №3(001)-5257/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5257/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5257/2025 07.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27977886 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X2 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27977886 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, “X4 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində onun barəsində İXM 329.1-ci maddəsinə əsasən qeyri-qanuni protokol tərtib olunmuşdur. O, təhlükəsizlik kəmərindən istifadə etdiyi halda (kəmər açıq rəngdə) ona Təhlükəsiz Şəhər tərəfindən cərimə tətbiq olunub. Şəkildə də göründüyü kimi o açıq rəngli kəmərdən istifadə etmişdir. Görüntüdə də göründüyü kimi onun geyim paltarı ilə kəmər eyni rəngdədir. Odur ki, cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.” Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Mehdiabaddan Biləcəri qəsəbəsinə qədər avtomobili idarə edib gəlmişdir. Əgər kəmər taxmasa idi, bununla bağlı ona daha əvvəlcədən də cərimə yazılardı. Onun avtomobilində olan təhlükəsizlik kəməri krem rəngindədir. Həmin pozuntu zamanı o eyni rəngli köynək geyinmişdir. Buna görə kəmərin taxılması bilinmir. Hətta köynəkdən kəmərin izi belə görünür. Ona verilmiş suallara cavab olaraq xx.xx.2025-ci il tarixli, EQ 27977886 nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkildə 90ZE011 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin özü olduğunu, həmin zaman da təhlükəsizlik kəmərini taxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə iclasında tədqiq edilmiş işin bütün hallarının məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, X1 şikayətində göstərdiyi xüsusatlar əsassız olduğundan şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 27977886 saylı elektron qərardan görünür ki, 2025-ci il 16 may tarixində saat 22:34 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsi, Zeynallı küçəsində sürücü X2 tərəfindən idarə edilən “Kia Sorento” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəsizlik kəmərindən istifadə edilmədiyi xüsusi texniki vasitələrlə qeydə alınmış, bu hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini təşkil etdiyindən, sürücünün barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Hüquqi əsaslandırma və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyət – qırx manat məbləğində cərimə nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 6-cı bəndinə görə, nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında təhlükəsizlik kəməri nəzərdə tutulmuş avtomobildə hərəkət edərkən həmin kəməri bağlamalı və sərnişinlərin də kəmərdən istifadə etməsini təmin etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 14:48-də Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ünvanında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin İ hissəsinin 6cı bəndinin tələblərini pozaraq, “X5” markalı, 90ZE011 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etmiş, həmin qayda pozuntusu ilə bağlı onun barəsində İXM-nin 329.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə, saat 22:34-də EQ seriyalı 27977886 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Vüsal Abdullayev məhkəmə iclasında elektron qərara əlavə edilmiş fotoşəkillərdə nəqliyyat vasitəsini idarə edən şəxsin özü olduğunu, həmin vaxt təhlükəsizlik kəməri taxdığını, lakin kəmərin rənginin geyindiyi köynəklə eyni rəngdə olduğu üçün fotoda kəmərin seçilmədiyini bildirmişdir. Lakin məhkəmə iclasında EQ seriyalı 27977886 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş fotoşəkllər tədqiq edilərkən oradakı görüntülərdən sürücünün kəmərsiz vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, şikayətçinin özünü müdafiə məqsədilə verdiyi izahatlar işin faktiki hallarına uyğun gəlmir və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X1 Аzərbаycаn Rеspublikаsı İХM-nin 329.1-ci mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27977886 nömrəli inzibati tənbeh vermə barədə elektron qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Odur ki, iş üzrə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27977886 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27977886 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar