Məhkəmə qərarları › İş №3(001)-5265/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5265/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5265/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə X1 barəsində yol hərəkəti qaydaları əleyhinə inzibati xəta üzrə qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 barəsində qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə 40 manat cərimə nəzərdə tutulmuşdur. Qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, X2 11 iyun 2025-ci il tarixdə, saat 18:20-də idarə etdiyi “BYD K9UD” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusla yolun əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. X2 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında E.M.Xəlilov şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, 11 iyun 2025-ci il tarixdə, saat 18:20 radələrində o, xətt üzrə avtobus idarə edərkən, avtobusun sağ-yan tərəfindən başqa bir avtomobil sürtmüş, o, avtobusu yolun kənarında saxlayaraq, zədə izinə baxmış və polisə məlumat vermişdir. Polis əməkdaşları isə hadisədən onun təqsirli olduğunu bildirib, barəsində 40 manat cərimə olunmasına dair qərar qəbul etmişlər. Halbuki, avtobusun üzərində quraşdırılmış kameralar hadisəni qeydə almış və o, həmin görüntüləri şikayətinə qoşma etmişdir. Görüntülərdən də onun manevr qaydalarını pozmadığı müəyyən edilir. Sonda E.M.Xəlilov məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətinin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş qurum məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını, o cümlədən DVD diskdəki videogörüntüləri araşdıraraq, hesab edir ki, şikayətin qismən təmin edilməsi üçün əsas vardır. Belə ki, İXM-nin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İş materiallarında olan videogörüntülərdən E.M.Xəlilovun xx.xx.2025-ci il tarixdə, saat 18:20 radələrində manevr qaydalarını pozduğu müəyyən edilmir, əksinə başqa bir avtomobilin E.M.Xəlilovun idarə etdiyi avtobusun arxa-sağ hissəsindən sürtünməsi, bununla əlaqədar E.Xəlilovun avtobusu dayandırması ilə bağlı bildirdikləri öz təsdiqini tapır. Buna görə də, məhkəmə hesab edir ki, E.M.Xəlilov barəsində qəbul edilmiş sözügedən qərar ləğv edilməli, inzibati xəta hadisəsi E.M.Xəlilovun iştirakı təmin olunmaqla, habelə, videogörüntülərə baxış keçirilməklə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yenidən araşdırılmalıdır. Məsələ ilə bağlı məhkəmə İXM-nin aşağıdakı maddələrini qeyd etməyi zəruri hesab edir: 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında barədə qərar qəbul edilir. 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutmaqla, Q Ə R A R A A L D İ: X1 barəsində qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayəti qismən təmin edilsin, həmin qərar ləğv edilərək inzibati xəta hadisəsi yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətinə onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar