Məhkəmə qərarları › İş №3(001)-527/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-527/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-527/2023 01.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a kirayədə yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis kapitanı X3 izahat verərək bildirmişdir ki, vətəndaş X4 xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə özünə məxsus “Azsamand” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilinin mühərrikinin beyin hissəsinin naməlum şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 6-cı PBdə araşdırılma aparılmış və araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin, naməlum şəxs müəyyən edilərək barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada təsir tədbirləri görülməsi məqsədilə qərar icra edilməsi üçün bölmənin aidiyyəti əməkdaşı kimi ona göndərilmişdir. xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman Şəxs baş vermiş oğurluq hadisəsində şübhəli olduğu üçün tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir. O, bölmədə verdiyi izahatında oğurluq hadisəsini törətdiyini etiraf etmişdir. Buna görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata başlanmış və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsni xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istəmişlər. O, isə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirdikdə onu Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Bölmədə şəxsiyyət vəsiqəsinin fin kodunu dedikdən sonra onun AR CM-in 177.2.3-cü madəsi ilə məhkumluğu olduğunu görmüşlər. Daha sonra o, özü könüllü şəkildə oğurluq etdiyini etraf etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilmiş suallara cavab olaraq, oğurluq hadisəsi zamanı “Azsamand” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus maşınn beynini oğurladığını, maşının beynini elə həmin gün gecə 50 manata satdığını, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verilmiş suallara cavablarına məhkəmə tərəfindən şübhə ilə yanaşılmış, həmin oğurluq hadisəsinin onun tərəfindən törədilməsinin müəyyən edilməsinin dəqiqləşdirilməsi məqsədi ilə baş vermiş hadisə ilə bağlı yenidən suallar verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə tərəfindən ona təkrar verilmiş suallara cavab olaraq yaddaşının yaxşı olduğunu, bu səbəbdən avtomobildən gecə vaxtı oğurluq etməsinə baxmayaraq, həmin avtomobilin dövlət qeydiyyat nişanını tam olaraq düzgün xatırladığını, avtomobilin beynini oğurluq hadisəsinin baş verdiyi günün səhəri günün axşamı satdığını, əvvəlcə avtomobilin beynini almağı tanımadığı 2-3 adama təklif etdiyini, onlarla aralarında razılıq olmadığını, daha sonra satdığını, avtomobilin Binəqədi rayonu ərazisində Seyidlər parkı deyilən ərazidə inşaat materialları mağazasının yanında dayandığını, elə oradan oğurluq etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, xx.xx.2023cü il tarixdə özünə məxsus “Azsamand” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı evin qarşısında saxlamış və bir neçə saatdan sonra aşkar etmişdir ki, avtomobilinin mühərrikinin beyin hissəsi naməlum şəxs tərəfindən oğurlanmışdır. Bu barədə Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət etmiş və müraciətin nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə tərəfindən ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsi 31 dekabrdan 01 yanvara keçən gecə, gecə saat təxminən saat 04:10 radələrində baş vermişdir, həmin gün avtomobili evinin qarşısında saxlamışdır, onun evi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dediyi yerdə yox, tamamilə başqa ərazidə yerləşir. Hadisənin baş verdiyi günün sabahsı qonşusu tərəfindən quraşdırılmış kamera görüntülərinə baxmış və oğurluq edən şəxsi tanımasa da, həmin şəxsin zahiri cəhətdən kök biri olduğunu müşahidə etmişdir. Oğurluq edən şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs zahiri olaraq oxşamır, belə ki, kamera görüntüsündə olan şəxs kök, qısaboy biri olmuşdur. Göstərilənlərə əsasən hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 6-cı PB-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərardaddan görünür ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx.xx.2023-cü il tarixli, AZA 018908 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün, saat 09:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, AZA 007468 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs şəxsi axtarış və üzərində olan əşyaları yoxlama zamanı üzərində qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan protokollarda Şəxs inzibati xətanı törətməsini qeyd etsə də, əməlin onun tərəfindən törədilməsi onun izahatından başqa digər heç bir sübutla öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə tərəfindən verilmiş suallara hər dəfəsində fərqli cavablar vermişdir. Bundan başqa məhkəmə iclasında zərərçəkmiş şəxs izahat verərək oğurluq edən şəxsi qonşusu tərəfindən quraşdırılmış kameradan gördüyünü, əməli törədən şəxsin zahiri əlamətləri ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs zahiri əlamətlərinin uyğun gəlmədiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis bölməsində və məhkəmə iclasında inzibati xətanı törətməsini etiraf etsə də, oğurluq etdiyi avtomobilin markasının və dövlət qeydiyyat nişanının nömrəsini dəqiqliklə xatırlamasına baxmayaraq, oğurluq əməlini törətdiyi ərazinin harada yerləşməsini bilməməsini, oğurladığı ehtiyat hissəsini kimə, nə vaxt və hansı məbləğdə satmasına dair məhkəmə tərəfindən verilmiş suallara fərqli cavablar verməsini, eyni zamanda zərərçəkmiş şəxsin oğurluq edən şəxsin zahiri görkəmi ilə hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zahiri görkəminin fərqli olmasını bildirməsini nəzərə alaraq, hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etiraf edici izahatı inzibati xətanın onun tərəfindən törədilməsini təsdiq edən mötəbər sübut növü kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında iş üzrə materialda həmin əməlin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindənn törədilməsini təsdiq edəcək hər hansı bir sübut mövcud deyildir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.1-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, iş üzrə qeyd olunan halları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 401, 114-115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİnin 6-cı PB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar