Məhkəmə qərarları › İş №3(001)-5273/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5273/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5273/2024 18.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) İdrisli Jalə Qalib qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qubadlı rayonu, Kürd Mahruzlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qubadlı rayonu, Zilanlı Ə/D, Kürd Mahruzlu kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, yarımçıq tikili ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X8 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında X7 məxsus “Mercedes” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsinin sındıraraq oğurluq edilməsi faktının qeydə alınması ilə bağlı məlumat daxil olmuşdur. Bundan sonra inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul olunmuş və icraatın aparılması ona həvalə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən aparılan araşdırma zamanı 2 ədəd qan ləkəsinin vətəndaş Şəxs Bahadur oğluna məxsus olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə şəxsin şəxsiyyəti və olduğu yer müəyyən edilmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən oğurluq hadisəsi ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibatı xətanı törətmişdir. 05 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, 23 dekabr 2023-cü il tarixdə Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında X7 məxsus “Mercedes” markalı **- TH-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş iki ədəd qan nümunəsi Binəqədi RPİ-nin 26 dekabr 2023-cü il tarixli, 3-13-46/2-51003/2023 saylı məktubu ilə tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində təqdim edilmiş iki ədəd qan nümunəsinin Şəxs Bahadur oğluna məxsus olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, X7 məxsus “Mercedes” markalı avtomobilin şüşəsinin sındırılaraq içərisindən ona məxsus 500 manat pulun oğurlanması xırda talama faktı ilə İXM-nin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraat başlanılmışdır. 19 mart 2023-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, baş vermiş inzibati xəta hadisəsi ilə bağlı hadisəni törədənin şəxsiyyəti və olduğu yer müəyyən olunmadığından inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İXM-nin 227-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material üzrə şəxsin şəxsiyyəti və olduğu yer müəyyən olduğu üçün şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraat yenilənmişdir. xx.xx.2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etiraf edici izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. “Azemis” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X1 Gülbala Bahadır oğlunun övladıdır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs evli olmasını, himayəsində azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməməsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati həbs növündə tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 23 (iyirmi üç) gün müddətinə inzibati həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar