Məhkəmə qərarları › İş №3(001)-528/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-528/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-528/2025 10.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 09 dekabr 2024-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları öyrənib hesab edir ki, 09 dekabr 2024-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş materiallarından görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində aparılmış sözügedən inzibati xəta haqqında iş üzrə icraatda Şəxs MMC-nin nümayəndəsi qismində X4 iştirak etmiş, faktla bağlı izahat verib, inzibati xəta haqqında protokolda da onun izahatı göstərilmişdir. Şəxs MMC tərəfindən X1 verilmiş 01 avqust 2023-cü il tarixli etibarnamədən görünür ki, cəmiyyət tərəfindən X1 Şəxs MMC-nin adına idxal və ixrac olunan yüklərin sənədlərini götürülməsi, yüklərin gömrük rəsmiləşdirilməsi və gömrük anbarlarından yüklərin boşaldılması və götürülməsi etibar edilmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. X4 xx.xx.2024-cü il tarixli izahatında “Global Şəxs MMC-də gömrük brokeri kimi fəaliyyət göstərdiyini, verilmiş etibarnaməyə əsasən həmin şirkətin adına idxal və ixrac olunan sənədlərin götürülməsi, gömrük rəsmiləşdirilməsinin və gömrük anbarından yüklərin boşaldılması və götürülməsi üzrə vəzifələri icra etməsini göstərmişdir. Göründüyü kimi, Şəxs MMC X1 müvafiq səlahiyyətli dövlət orqanlarında cəmiyyəti təmsil etmək və bununla əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq qanuni hərəkətləri həyata keçirmək kimi səlahiyyətlər verməmiş, cəmiyyətin adına idxal və ixrac olunan yüklərin sənədlərini götürülməsi, yüklərin gömrük rəsmiləşdirilməsi və gömrük anbarlarından yüklərin boşaldılması və götürülməsi kimi texniki məsələlərdə səlahiyyətli olan X4 Şəxs MMC barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraatda səlahiyyəti olmadığı halda cəmiyyətin nümayəndəsi qismində iştirak edərək faktla bağlı izahat vermiş, hətta inzibati xəta haqqında protokolda onun hüquqi şəxsin nümayəndəsi olması qeyd edilməklə izahatı göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 64-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. 100.4-cü maddəsinə əsasən protokol protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə yuxarıda göstərilən normalaraq əsasən qeyd edir ki, müəyyən edilən prosessual pozuntuların aradan qaldırılması üçün iş inzibati orqana geri qaytarılmalı, yenidən araşdırma aparıldıqdan sonra mahiyyəti üzrə müvafiq qərar qəbul edilməlidir. Belə ki, inzibati orqan səlahiyyəti olmayan X2 hüquqi şəxsin səlahiyyətli nümayəndəsi kimi inzibati araşdırmada iştiraka cəlb etməklə hüquqi şəxsin yuxarıda qeyd edilən hüquqlarını əlindən almış və prosessual pozuntuya yol vermişdir. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, inzibati araşdırmada hüquqi şəxsin səlahiyyəti olmayan nümayəndəsinin cəlb edilməsi ilə yol verilmiş prosessual pozuntunun aradan qaldırılması məhkəmə məhkəmə icraatında mümkün olmadığından və inzibati araşdırmada hüquqi şəxsin səlahiyyətli nümayəndəsi cəlb edilməklə qanuna müvafiq qaydada inzibati araşdırmanın aparılmasından ötrü inzibati iş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilməli, daha sonra mahiyyəti üzrə baxılıb düzgün qərar verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir və bu səbəbdən inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X6 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinə qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar