Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5282/2024 15.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 vəkili “Femida” vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 11 saylı RETSİ) xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: 11 saylı RETSİ-in xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" MMC-in direktoru X2 Azərbaycan Respublikası İXM-in 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 3500 (üç min beş yüz) manat cərimə edilmişdir. Qərardan narazı qalan X2 məhkəməyə şikayət vermiş, 11 saylı RETSİ-in xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 vəkili Vəkil şikayəti onunla əsaslandırmışdır ki, X2 tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Rəhbəri olduğu "xxxx" MMC (X6 klinikası) ilə “X4” MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən icraçı B və C sinfinə aid tibbi tullantıları daşınması xidmətini həyata keçirir. Hüquqi şəxs tərəfindən heç vaxt tullantılar atılmamış, hüquqi şəxsin olduğu yerdə ümumiyyətlə zibil konteynerləri belə mövcud deyildir. "xxxx" MMC-in Azərbaycan Respublikası İXM-in 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Binəqədi rayon prokurorluğundan göndərilmiş materiala Binəqədi Rayon Məhkəməsində baxılmış, inzibati xəta tərtkibi olmadığından məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı əsasında iş üzrə icraata xitam verilmişdir. Binəqədi rayon prokurorluğunun məhkəmənin qərarından verdiyi apelyasiya protesti təmin edilməmişdir. Eyni fakt üzrə "xxxx" MMC-in direktoru X1 Azərbaycan Respublikası İXM-in 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 3500 (üç min beş yüz) manat cərimə edilməsi qanuni hesab edilə bilməz. Qeyd olunan əsaslara əsasən şikayətin təmin edilməsini, 11 saylı RETSİ-in xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə 11 saylı RETSİ-yə bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə 11 saylı RETSİ-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, 11 saylı RETSİ-in xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN № ******* saylı 15 fevral 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-in direktoru X2 Azərbaycan Respublikası İXM-in 266.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat cərimə edilmişdir ondan ötrü ki, ünvan 1 ünvanda fəaliyyət göstərən “Medi Point” tibb klinikasının yaxınlığında tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normaları və qaydaları pozulmuşdur. "xxxx" MMC ilə icraçı “X3” MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, TTİ- 160 nömrəli müqavilədən görünür ki, icraçı sifarişçinin tələbatına və müaviləyə əsasən 01 il ərzində tibbi tullantıların daşınması və idarəolunmasını öz üzərinə götürür. Həmin müqaviləyə əsasən B sinfinə aid tibbi tullantıların 0,01 m3-nin daşınma qiyməti 3.20 manat, zərərsizləşdirilməsi qiyməti 0,80 manat, C sinfinə aid tibbi tullantıların 0,01 m3-nin daşınması 3.20 manat, zərərsizləşdirilməsi qiyməti isə 0,80 manat təşkil edir. “X4” MMC tərəfindən tərtib edilmiş tibbi tullantıların zərərsizləşdirilməsi barədə aktdan görünür ki, 0,26 m3 sahədə olan tullantılar xx.xx.2023- cü il tarixdə yığılma, xüsusi insineratorda yanma metodu ilə zərərsizləşdirilmiş, xx.xx.2023-cü il tarixdə 104 manat məbləğində invoice verilmişdir. “X4” MMC tərəfindən tərtib edilmiş tullantıların təhvil alınması haqqında aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə 0,23 m3 həcmində tullantılar “X4” MMC-nin poliqonuna daşınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-742/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" MMC barəsində eyni məsələ ilə bağlı Binəqədi rayon prokurorluğundan göndərilmiş materiala Binəqədi Rayon Məhkəməsində baxılmış, inzibati xəta tərtkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-696/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Binəqədi rayon prokurorluğun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-742/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından verdiyi apellyasiya protesti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə görə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşin təsvir edilmiş qeyd edilən hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-in direktoru X2 tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:....53.1.1. inzibati xəta hadisəsi olmadıqda. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 11 saylı RETSİ-in xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. 11 saylı RETSİ-in xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin qərar əsasında X1 Azərbaycan Respublikası İXMin 266.2-ci maddəsilə 3500 (üç min beş yüz) manat cərimə edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5282/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5282/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver