Məhkəmə qərarları › İş №3(001)-5287/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5287/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5287/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Zaqatala rayon X4 şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayon X4 şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmədə şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə saat 14 radələrində idarə etdiyi “Mercedes Benz E240 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu Vasif Qurbanov 5 küçəsində hərəkətdə olarkən qarşıda yol qəzası olduğunu görmüşdür. Həmin qəza hərəkət yolunu tam bağladığı üçün ondan irəlidə olan nəqliyyat vasitələrinin sürücüləri kimi o, da yolun sağ hərəkət hissəsinə daxil olaraq qəza yerini keçdikdən sonra öz hərəkət zolağına qayıtmışdır. Bir müddət sonra elektron kabinetinə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsilə 40 manat cərimə edilməsinə dair elektron qərar yerləşdirilmişdir. Halbuki, o heç bir yol nişanının tələbini pozmamışdır. Hərəkət yolunda baş vermiş qəza yolu bağladığından bütün nəqliyyat vasitələri kimi o, da yolun sağ hərəkət hissəsinə məcburi daxil olaraq qəza yerini keçdikdən sonra öz hərəkət zolağına qayıtmışdır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumatlandırılmış Zaqatala rayon X4 şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Zaqatala rayon X4 şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Mercedes Benz E240 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bililib 40 (qırx) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 13:57-də Zaqatala rayonu Vasif Qurbanov 5 küçəsində avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli sorğusundan görünür ki, Zaqatala Rayon Polis şöbəsinə rəsmi qaydada müraciət olunaraq xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutların məhkəməyə təqdim edilməsi istənilmişdir. Sorğuya cavab verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin təsvir edilmiş hallarından görünür ki, şikayət verən Vüsal Əsgərli xx.xx.2024-cü ildə yol hərəkəti qaydasını pozmadığını, eləcə də heç bir inzibati xəta törətmədiyini bildirərək, ona istinad olunan inzibati xətanı qəbul etmir. Qanuna əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə də borclu deyildir. Başqa sözlə, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın əsaslılığını və qanuniliyini sübut etmək yükü həmin qərarı qəbul etmiş orqanın üzərinə düşür. Səlahiyyətli orqan isə sorğu verilməsinə baxmayaraq sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda isə X1 xx.xx.2024-cü ildə saat 13:57-də Zaqatala rayonu Vasif Qurbanov 5 küçəsində “Mercedes Benz E240 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etmədiyini sübut etmək mümkün deyil. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Zaqatala rayon X4 şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Zaqatala rayon X4 şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar