Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5289/2025 08.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsinin 25 iyul 2025-ci il tarixli, EQ 29491727 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Baş Dövlət Yol Polisi İdarəsinin 25 iyul 2025-ci il tarixli, EQ 29491727 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərarına əsasən, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 600 manat cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, 22 iyul 2025-ci il tarixdə, saat 16:50-də Şabran rayonu, Mollakamallı kəndi ərazisində Quba istiqamətində hərəkətdə olan, X1 idarə etdiyi “DAF XF480FT” yük modelli, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə edilmişdir. Belə ki, limitin 40000 kq. olduğu təqdirdə, hərəkətdə olan həmin nəqliyyat vasitəsinin ümumi çəkisi 44170 kq. müəyyən olunmuşdur. İnzibati xəta hadisəsi “Kistler” markalı, “9835A” modelli xüsusi texniki vasitə ilə qeydə alınmışdır. X2 həmin qərardan şikayət verərək, sözügedən qərarın ləğv olunması, iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, T.N.Abdullayev əmək müqaviləsi əsasında "xxxx" ASC-də sürücü işləyir. İdarə etdiyi “DAF XF480FT” yük modelli, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi də həmin şirkətin mülkiyyətində-balansındadır, nəqliyyat vasitəsi yol vərəqəsi əsasında idarə etmək üçün ona təhkim olunmuşdur. Şirkətdə istehsal olunan bütün növ toyuq əti məhsulları hər çeşidə uyğun olaraq akreditasiyadan keçən elektron tərəzidə çəkilir. Satışın düzgün həyata keçirilməsi üçün əvvəlcə şirkətə daxil olan yüksüz (boş) vəziyyətdə avtomobillərin tərəzi vasitəsilə qeydiyyatı aparılır. Sonradan avtomobillərə məhsullar yüklənir. 22 iyul 2025-ci il tarixdə onun idarə etdiyi avtomobilə tara (qab) ilə birlikdə ümumilikdə 18240 kq. məhsul yüklənmişdir. Beləliklə, yüklə birlikdə avtomobilin ümumi çəkisi 38860 kq. olmuşdur. Avtomobilin qeydiyyat şəhadətnaməsində onun yüksüz kütləsi 10050 kq., icazə verilən yükün maksimal kütləsi isə 18000 kq.göstərilmişdir. Yolda quraşdırılan tərəzi isə mövcud kütlədən 4170 kq.artıq hesablamışdır. Məhkəmə iclasında T.N.Abdullayev şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətinin təmin olunmasını xahiş etdi. Şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş inzibati qurum tərəfindən öz səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirak təmin edilməmişdir. İş materiallarında olan “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “DAF XF480FT” yük modelli, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, eləcə də “Aufliger” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu "xxxx" ASC-nin mülkiyyətindədir. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, X2 "xxxx" ASC-də əmək müqaviləsi əsasında sürücü işləyir, sözügedən avtomobil və yarımqoşqunu yol vərəqəsi əsasında idarə edir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, əsassız olduğundan şikayət təmin edilməməlidir. Belə ki, şikayətçinin iş materiallarına əlavə etdiyi sübutlarda (təhvil-təslim aktı (Makbuz:********) və malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturasının surəti) onun idarə etdiyi avtomobilə 22 iyul 2025-ci il tarixdə Şirkətdə yüklənmiş məhsuldan taranın çəkisi 1082 kq., təmiz ətin çəkisinin 17158 kq., ümumi avtomobilin çəkisinin isə 38860 kq. olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, həmin sənədlər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin məlumatların hansı əsaslarla qeyd edildiyi müəyyən olunmur. İş materiallarında "xxxx" MMC-nin “Ölçmə vasitələrinin yoxlanılması haqqında” şəhadətnaməsi mövcud olsa da, həmin şəhadətnamədə ölçmə vasitəsinin adı, tipi, zavod nömrəsi və s. məlumatları qeyd edilmişdir. Lakin, iş materiallarında avtomobilə yüklənmiş məhsulun, tarasının çəkisinin məhz həmin ölçmə cihazı ilə çəkildiyini təsdiq edən heç bir sübut mövcud deyildir. Bundan başqa, şikayətçinin iş materiallarına əlavə etdiyi təhvil-təslim aktında (Makbuz:********) ümumiyyətli malları təhvil alan və təhvil verən şəxslər barədə məlumatlar göstərilməmiş, malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturasında isə malları təhvil verən şəxs göstərilsə də, həmin malların kim tərəfindən təhvil alındığı qeyd olunmamışdır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 25 iyul 2025-cü il tarixli, EQ 29491727 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Baş Dövlət Yol Polisi İdarəsinin 25 iyul 2025-ci il tarixli, EQ 29491727 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5289/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5289/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver