Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-529/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC, AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, ev 40, mənzil 37, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 28 dekabr 2024-cü il tarixli EP seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 14800 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 08 dekabr 2022-ci ildə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 14800 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC ilə Çin Xalq Respublikasında fəaliyyət göstərən “NİNGBO ESTES İNTELLİGENT EQUİPMENT CO LTD” arasında 18 mart 2022-ci il tarixli müqavilə bağlanmışdır. Bu müqavilə əsasında 340000 (üç yüz qırx min) ABŞ dolları məbləğində avadanlığın alınması planlaşdırılmışdır. Cəmiyyət bu məbləği 2022-ci ildə hissə-hissə satıcıya ödəyib bitirmişdir. Müqavilə ilə alınması planlaşdırılan avadanlıq üçün gömrük avans kodu ********* kimi müəyyən edilmişdir. Müqavilə bağlandıqdan sonra Çin şirkəti müqavilə əsasında malların hazırlanmasına başlamışdır. Bundan sonra həmin avadanlığın başqa bir hissəsi olan 15000 (on beş min) ABŞ dolları məbləğində avadanlığın da həmin şirkətdən alınması və ölkəyə gətirilməsi planlaşdırılmışdır. Lakin bu zaman Çin şirkətinin cəmiyyətə yanlış məlumatlar verməsi və müəyyən hərəkətsizliyi səbəbindən mühüm problemlər yaranmışdır. Belə ki, həmin şirkət bu avadanlığın gətirilməsi ilə bağlı müqavilə əlavəsi hazırlayıb göndərilməli idi. Bu əlavəyə əsasən avadanlığın köməkçi hissələri gətirilməli idi. Lakin satıcı tərəfindən cəmiyyətə heç bir əlavə göndərilməmiş və nəticədə bu köməkçi hissə də elə həmin müqavilə ilə rəsmiləşdirilmişdir. Cəmiyyət isə bu əlavə hissəyə görə 21 noyabr 2022-ci ildə 15000 (on beş min) ABŞ dolları məbləğində pul köçürməsi etmişdir. Bu zaman bu köməkçi hissəyə də tam ayrı bir gömrük avans kodu kimi ********* müəyyənləşdirilmişdir.Nəticədə, müqaviləyə əlavə hazırlanmadan avadanlığın əlavə hissələri də ölkəyə gətirilmişdir. Bu isə müqavilədə nəzərdə tutulan məbləğdən artıq məbləğin ödənilməsinə gətirib çıxarmışdır. Həmçinin, satıcı şirkət bütün avadanlıqların tam şəkildə daşınması üçün daşıma xərcini 14800 (on dörd min səkkiz yüz) ABŞ dolları müəyyən etmişdir. Bu məbləğ üçün razılıq haqqında sənəd tərtib olunmalı olsa da, satıcı tərəfindən yanlış olaraq bu məbləğin ödənilməsi üçün müqaviləyə əlavə tərtib edilmişdir. Nəticədə isə bu məbləğ gömrük rüsumuna cəlb edilməməli olduğu halda, bu məbləğə görə də gömrük rüsumu hesablanmışdır. Nəticədə cəmiyyət daha artıq gömrük rüsumu ödəməli olmuşdur. Bütün bunlar isə satıcı şirkətin məlumatları yarımçıq və natamam verməsi və hərəkətsizliyi səbəbindən olmuşdur. Bu səbəbdən cəmiyyət müvəkkil bankla yazışmalar apararaq əlavə olunmuş sənədlərə baxış keçirilməsini və avans köçürmələrinin **********9628 YGB ilə bəyan olunmasını xahiş etmiş, lakin bu məsələ həll edilməmişdir. Əsas müqavilə üzrə (avans kod 2********) ilkin olaraq xx.xx.2022 tarixdən başlayaraq hissəli ödəmələrlə konveyer avadanlığının (001VS**********9-xx.xx.2022-14.800.00 USD) POTİ-yə qədər daşınma xərcləri üçün köçürülmüş, sonra satıcı tərəfindən avadanlığın dəyərinə daxil edilərək dəyərləndirilmiş və ölkəyə daxil olan avadanlığın **********9628-YGB invoys dəyərinin tərkib hissəsini təşkil etmişdir. Bundan əlavə həmin avadanlığın tamamlanması üçün əlavə ehtiyat hissəsi zərurətinin ödənilməsi tələbi ilə invoys təqdim olunmuş və 001VS**********1 21-NOV-2022 15000 USD köçürülmüşdür. Eynilə həmin detalın da dəyəri **********9628 YGB üzrə avadanlığın dəyərinə daxil olunmuşdur. xx.xx.2022 NİNGBO ESTES İNTELLİGENT EQUİPMENT 14800 USD, PROFORMA İNVOİCE 22ESTF120801 xx.xx.2022, PREPAYMENT FOR SHİPMENT; xx.xx.2022 NİNGBO ESTES İNTELLİGENT EQUİPMENT 15 000.00USD, 16JUL2022 PREPAYMENT FOR PURCHASE OF EQUİPMENT; xx.xx.2022 NİNGBO ESTES İNTELLİGENT EQUİPMENT 233 600.00USD NİNGBO ESTES CONTRACT xx.xx.2022 İNV 22ESTF0305-1 xx.xx.2022 PREPAYMENT FOR PURCHASE OF EQUİPMENT; xx.xx.2022 NİNGBO ESTES İNTELLİGENT EQUİPMENT 26 400.00USD NİNGBO ESTES CONTRACT xx.xx.2022 İNV 22ESTF0305-1 xx.xx.2022 PREPAYMENT FOR PURCHASE OE EQUİPMENT;xx.xx.2022 NİNGBO ESTES İNTELLİGENT EQUİPMENT 80 000.00USDNİNGBO ESTES CONTRACT xx.xx.2022 İNV 22ESTF0305-1 xx.xx.2022 PREPAYMENT FOR PURCHASE OF EQUİPMENT olmaqla cəmi 369800 ABŞ dolları köçürülmüşdür. Hər 2 köçürmənin nəticə olaraq satıcı tərəfindən malın dəyərinə aid olunacağı öncədən bilinməmişdir. Cəmiyyət əsas ödəniş və hər iki avans ödənişini həyata keçirmiş və qarşılığında avadanlığın hissəsi və daşıma ilə təmin edilmişdir. Lakin hər iki avans ödənişi açıqda qalmışdır. Həmçinin cəmiyyət daşıma xərci olan 14800 USD-yə görə gömrük rüsumu ödəməməli olsa da, bu ödənişə görə də gömrük rüsumunu ödəmişdir. Buna səbəb isə məlumatların yanlış təqdim edilməsi olmuşdur. Bu problemlərin həll edilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankına ərizə ilə müraciət edərək, heç bir yanlışlarının olmadığını, artıq məbləğdə gömrük rüsumu ödədiklərini və inzibati xətanın aradan qalxmasına əsaslar olduğunu nəzərə alaraq bu işlə bağlı inzibati xəta barədə icraat başlanılmaması barədə göstəriş verilməsini xahiş etsələr də, bu müraciətləri nəzərə alınmamamışdır. Məhkəməyə təqdim edilən bütün sübutlardan da görünür ki, qeyd edilən inzibati xəta əməli baş verməmiş, avans olaraq ödənilmiş məbləğ müqabilində bütün işlər və xidmətlər göstərilmişdir. Həmçinin Şəxs MMC ödəməli olmadığı gömrük rüsumlarını da ödəmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Alıcı Şəxs MMC ilə satıcı Çin Xalq Respublikasında fəaliyyət göstərən “NİNGBO ESTES İNTELLİGENT EQUİPMENT CO LTD” arasında bağlanmış 18 mart 2022-ci il tarixli müqavilədən görünür ki, alıcı satıcıdan 340000 (üç yüz qırx min) ABŞ dolları məbləğində avadanlığın alınmasını razılaşdırmışdır. Ödəniş sənədlərindən görünür ki, alıcı Şəxs MMC 340000 (üç yüz qırx min) ABŞ dolları məbləğində vəsaiti 2022-ci ildə hissə-hissə satıcıya ödəmişdir. Alıcı Şəxs MMC ilə satıcı Çin Xalq Respublikasında fəaliyyət göstərən “NİNGBO ESTES İNTELLİGENT EQUİPMENT CO LTD” arasında bağlanmış 30 mart 2023-cü il tarixli müqaviləyə əlavədən görünür ki, həmin əlavə razılaşma əsasında müqavilə məbləğinin 340000 ABŞ dollarından 369800 ABŞ dollarına artırılması razılaşdırılmışdır.Bu məbləğə (369800 ABŞ dolları) həmçinin 14800 ABŞ dolları daşınma xərcləri də daxildir. Ödəniş sənədlərindən görünür ki, alıcı Şəxs MMC aldığı avadanlığın köməkçi hissəsinə görə 21 noyabr 2022-ci ildə 15000 (on beş min) ABŞ dolları məbləğində pul köçürməsi etmiş, bu zaman köməkçi hissəyə ayrı gömrük avans kodu, yəni ********* kod müəyyənləşdirilmişdir. Həmçinin, bütün avadanlıqların tam şəkildə daşınması üçün 14800 (on dörd min səkkiz yüz) ABŞ dolları təşkil edən daşınma xərci də 30 mart 2023-cü il tarixli müqaviləyə əlavə əsasında satıcıya ödənilmişdir. Beləliklə təsvir olunanlardan aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən 08 dekabr 2022-ci ildə "xxxx" ASC-də olan hesabdan Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş 14800 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait əslində alıcı Şəxs MMC ilə satıcı Çin Xalq Respublikasında fəaliyyət göstərən “NİNGBO ESTES İNTELLİGENT EQUİPMENT CO LTD” arasında bağlanmış 18 mart 2022-ci il tarixli müqavilə və ona əlavə əsasında alınmış ümumilikdə 355000 ABŞ dolları məbləğində avadanlığın daşınma xərci ilə əlaqədar olmuşdur. Daşıma xidmətinin alınmasının YGB əsasında bağlanması qanunvericilikdə nəzərdə tutulmamış, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC yanlışlıqla həmin daşıma xidmətinin alınmasını Çin şirkəti ilə bağladığı 30 mart 2023-cü il tarixli müqaviləyə əlavə əsasında rəsmiləşdirmiş, nəticədə həmin köçürmənin **********9628 YGB ilə əlaqəsi itirilmişdir. Məhkəmə tərəflər arasında 340000 (üç yüz qırx min) ABŞ dolları məbləğində avadanlığın alınmasına dair müqavilə bağlandığını, Şəxs MMC-in 340000 (üç yüz qırx min) ABŞ dolları məbləğində vəsaiti 2022-ci ildə satıcıya ödədiyini, malların qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edildiyini, sonradan, yəni 30 mart 2023-cü il tarixdə müqaviləyə əlavə əsasında müqavilə məbləğinin 340000 ABŞ dollarından 369800 ABŞ dollarına artırıldığını və 14800 (on dörd min səkkiz yüz) ABŞ dolları təşkil edən daşınma xərcinin həmin müqaviləyə əlavədə nəzərdə tutulduğunu nəzərə alıb hesab edir ki, cəmiyyət tərəfindən 08 dekabr 2022-ci ildə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş 14800 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait avans olaraq köçürülmüş vəsait deyil, alıcı Şəxs MMC ilə satıcı Çin Xalq Respublikasında fəaliyyət göstərən “NİNGBO ESTES İNTELLİGENT EQUİPMENT CO LTD” arasında bağlanmış 18 mart 2022-ci il tarixli müqavilə və ona əlavə əsasında alınmış ümumilikdə 355000 ABŞ dolları məbləğində avadanlığın daşınma xərcidir, lakin düzgün rəsmiləşdirmə aparılmadığından həmin vəsaitin YGB əsasında bağlanması mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən 28 dekabr 2024-cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-in barəsində tərtib edilmiş 28 dekabr 2024-cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-529/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-529/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver