Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-531/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 17370 ABŞ dolları məbləğində vəsaiti 09 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş məktubda Şəxs 09 dekabr 2022-ci il tarixdə 17370 ABŞ dolları məbləğində vəsait köçürməsi lakin malların idxalını təsdiq edən sənədləri banka təqdim etmədiyi göstərilmişdir. Həmin məktubdan sonra Mərkəzi Bank tərəfindən yoxlama aparılmış, ödəniş edilmiş müqavilə üzrə ölkəyə malların idxal olunması barədə gömrük bəyannamələrin olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Lakin barəsində inzibati xəta haqqında hüquqi şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən aydın olur ki, cəmiyyət tərərfindən mallar ölkə ərazisinə idxal edilmişdir. Odur ki, hüquqi şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında Nümayəndə2 bildirmişdir ki, cəmiyyət tərəfindən 17370 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixli, NSK002 müqavilə üzrə 09 dekabr 2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabları vasitəsi ilə “X2 Kimyasallari Sanayi ve Tic A S” şirkətinə köçürülmüşdür. Həmin mallar xx.xx.2023-cü il tarixli, **********2237 sorğu nömrəli gömrük bəyannaməsi ilə də ölkə ərazisinə idxal olunmuşdur. Lakin bəyannaməçi tərəfindən gömrük orqanına ixdal barədə bəyan verilən zaman yalnışlıqla həmin şirkətlə əvvəllər bağladıqları xx.xx.2019-cu il tarixli, NSK001 nömrəli alqı-satqı müqaviləsi üzrə idxalın həyata keçirilməsi qeyd edilmişdir. Halbuki, həmin malları satıcı xx.xx.2022-ci il tarixli, NSK002 müqavilə üzrə 09 dekabr 2022-ci il tarixdə köçürdükləri ödənişə görə onlara göndərmişdir. Odur ki, məhkəmədən cəmiyyət barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 dekabr 2022-ci il tarixdə 17370 ABŞ dolları məbləğində pul vəsaitini xaricə köçürmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq 17370 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Buna görə də, hüquqi şəxs barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs 09 dekabr 2022-ci il tarixdə 17370 ABŞ dolları məbləğində ödəniş etmiş, lakin malların idxalını təsdiq edən sənədləri təqdim etməmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli, NSK002 müqavilə üzrə verilmiş xx.xx.2022-ci il tarixli, P23112022 nömrəli faktura üzrə 17370 ABŞ dolları məbləğində vəsait Şəxs tərəfindən “X2 Kimyasallari Sanayi ve Tic A S” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, P23112022 nömrəli fakturadan görünür ki, malların ümumi dəyəri 17370 ABŞ dolları təşkil etmişdir. xx.xx.2022-ci il tarixli, NSK002 müqavilədən görünür ki, alıcı Şəxs və satıcı “X2 Kimyasallari Sanayi ve Tic A S” şirkəti arasında alqı-satqı müaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli, NSK002 müqaviləyə xx.xx.2023-cü il tarixli, 1 nömrəli əlavədən görünür ki, faktura üzrə malların dəyəri Alıcı tərəfindən qabaqcadan 17370 usd ödənilmişdir. Malın ümumi dəyəri 18137.98 usd-dir” Qalan 767.98 usd hədiyyə xarakterli nümunəlik mallardır. (140 şərtlə) ödənişdən azaddır. xx.xx.2019-cu il tarixli, NSK001 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, alıcı Şəxs və satıcı “X2 Kimyasallari Sanayi ve Tic A S” şirkəti arasında alqı-satqı müaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli, **********2237 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki Şəxs MMC-nin tərəfindən xx.xx.2019-cu il tarixli, NSK001 nömrəli alqı-satqı müqaviləsi üzrə alınmış invoys dəyəri 17370 ABŞ dolları olan mallar ölkə ərazisinə idxal edilmişdir. Məhkəmə, səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən bağlanmış alqı-satqı müqaviləsinə uyğun olaraq “X2 Kimyasallari Sanayi ve Tic A S” şirkətinin hesabına 09 dekabr 2022-ci il tarixdə "xxxx" ASC-də olan hesab vasitəsi ilə 17370 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Lakin həmin ödəniş üzrə idxalı təsdiq edən sənədlər banka təqdim olunmadığı üçün "xxxx" ASC tərəfindən Mərkəzi Banka müvafiq məktubla məlumat verilmişdir. Mərkəzi Bank müqavilə üzrə gömrük bəyannaməsinin olmadığını müəyyən edərək Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Halbuki, xx.xx.2023-cü il tarixli, **********2237 sorğu nömrəli gömrük bəyannaməsi ilə öz təsdiqini tapmışdır ki, Şəxs tərəfindən 17370 ABŞ dolları dəyərində olan mallar ölkə ərazisinə idxal edilmişdir. Lakin bəyannaməçi tərəfindən gömrük bəyannaməsi gömrük orqanına təqdim edilən zaman yalnışlıqla alıcı və satıcı arasında bağlanmış digər müqavilənin nömrəsi daxil edilmişdir. Bunun nəticəsində Mərkəzi Bankın yoxlaması zamanı malların idxal edildiyi təsdiqini tapmamışdır. Həmin gömrük bəyannaməsində P231112022 nömrəli fakturanın qeyd edilməsi bəyannamə verilən zaman yalnışlıqla köhnə müqavilənin nömrəsinin daxil edildiyi barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin bildiriklərinin həqiqətəuyğun olmasını, həmin bəyannamə üzrə ölkə ərazisinə idxal edilmiş malların xx.xx.2022-ci il tarixli, NSK002 müqavilə əsasında alındığını təsdiq edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, gömrük orqanlarına bəyannamə təqdim edilən zaman yalnışlıqla NSK001 nömrəli alqı-satqı müqaviləsi qeyd olunduğu üçün səlahiyyətli orqan tərəfindən hüquqi şəxsin malları ölkə ərazisinə idxal etdiyi müəyyən edilə bilməmişdir. Əslində isə Şəxs 09 dekabr 2022-ci il tarixdə xaricə köçürdüyü 17370 ABŞ dolları məbləğində vəsait hesabına aldığı malları xx.xx.2023-cü il tarixli, **********2237 sorğu nömrəli gömrük bəyannaməsi ilə ölkəyə idxal etmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd olunanlar onu göstərir ki, xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şəxs tərəfindən ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-531/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-531/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver