Məhkəmə qərarları › İş №3(001)-5315/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5315/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5315/2025 29.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə 23 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin həmin maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Tərtib edilmiş protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən 34020 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 13 iyul 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 34020 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 14 iyul 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclaslarında Şəxs nümayəndəsi X1 bildirmişdir ki, Şirkət Çindən məhsul alır. İnzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş ödəniş üzrə mallar tam olaraq ölkəyə idxal edilmişdir. Lakin, gömrük bəyannaməsində həmin malların ölkəyə idxal olunduğu müqavilənin nömrəsi “23CQLF08023” kimi, invoys məlumatları ******* kimi göstərilməli olduğu halda texniki yanlışlığa yol verilərək, səhvən müqavilə nömrəsi “23CQLF08024” kimi, invoys məlumatları isə ******* kimi göstərilmişdir. Sözügedən yalnışlığın aradan qaldırılması üçün MMC tərəfindən Dövlət Gömrük Komitəsinə müraciət olunmuşdur. Növbəti məhkəmə iclasına MMC-nin nümayəndəsi ərizə ünvanlayaraq, yol verilmiş texniki yanlışlığın düzəldildiyini bildirib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “X2 Co LTD” şirkəti ilə “Rəmzi-S” LLC (indiki adı Şəxs MMC) arasında 11 iyul 2023-cü il tarixdə ümumi dəyəri 34020 ABŞ dolları təşkil edən 23CQLF08023 nömrəli müqavilə bağlanmışdır. - 04 oktyabr 2023-cü il tarixli **********9868 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, invoys dəyəri 34020 ABŞ dolları təşkil edən mal 23CQLF08024 nömrəli müqavilə üzrə “alıcı”ya çatdırılmışdır. - Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunaraq, xx.xx.2023-cü il tarixli **********9868 nömrəli gömrük bəyannaməsində düzəliş edilərək, 23CQLF08023 nömrəli, 11 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi və ******* nömrəli invoys məlumatlarının qeyd edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur; - 04 oktyabr 2023-cü il tarixli **********9868 sorğu nömrəli gömrük bəyannaməsində müvafiq dəyişiklik edilərək, 23CQLF08023 nömrəli, 11 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi və ******* nömrəli invoys məlumatları qeyd edilmiş və MMC-yə yeni gömrük bəyannaməsi verilmişdir. Məhkəmə iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, təqdim olunan sənədlərlə Şəxs MMC tərəfindən qabaqcadan ödəniş edilməklə 34020 ABŞ dolları məbləğində vəsait hesabına alınmalı malların ödəniş aparıldığı gündən 02 ildən artıq müddət keçmədən ölkəyə idxal olunması təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 23 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 23 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci (inzibati xəta tərkibi olmadıqda) maddəsində nəzərdə tutulan əsasla xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edə Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar