Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5333/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Tovuz rayonu, Qəribli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X4 izahatında bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5336/2021 saylı, xx.xx.2021-ci il tarixli, e-2(001)-4638/2023 saylı, xx.xx.2023-cü il tarixli və 8(001)-256/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs 16900 manat yaranmış aliment borcu vardır. Aparılan icra tədbirləri nəticəsində borclu barəsində olan aliment pulunu tamamilə ödəyə bilməmişdir. Belə ki, keçən il müddətində borclu ilə tələbkar şifahi şəkildə razılığa gəlmişdilər ki, borclu ev satdıqdan sonra yaranmış borclarını bir dəfəyə ödəcəyini bildirmişdir. Daha sonra Babək ümumiyyətlə aliment pulu ödəməmişdir. Bundan sonra borclunu idarəyə çağırmışdır. Babək də gələndə aliment pulundan 2000 manat gətirmişdir. Lakin, tələbkar pulu götürməmişdir ki, aliment pulu tam şəkildə verilsin. Eyni zamanda qeyd etməlidir ki, borclu tərəfindən 2022-ci il tarixdə 400 manat və 550 manat aliment pulu ödənilmişdir. Lakin, tələbkar həmin pulu qəbul etmədiyindən depozit hesaba köçürülmüşdür. Hazırki vaxtadək də həmin pul depozit hesabda qalmaqdadır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 2021-ci ilin oktyabr ayında boşanma olmuş, 2022-ci il tarixdən isə alimentlə bağlı ödənişlər etməyə başlamışdır. Həmçinin həmin vaxtdan başlayaraq xəstəliyi ilə bağlı müalicələr almışdır. Müalicələr nəticə vermədiyindən 2024-cü il tarixdə mədəaltı vəzidən əməliyyat olunmuşdur. Bu hadisələr olan vaxtı valideynlərinin vasitəsi ilə hər ay 1000 və ya 1500 manat pul verilmişdir. Sadəcə olaraq valideynləri həmin pulu barışmaq adı ilə vermişdilər. Ona görə də ortada rəsmi qəbz yoxdur. Son 2-3 aya qədər ödənişlər edilmişdir. Uşağın idmanına qədər xərcini özü çəkir. Tək bu iyul ayında uşaqla 2 dəfə görüşmüş və hər görüşdə də 500 manatdan artıq xərc çəkmişdur. Həmçinin bir ev vardı və onun da 2-yə bölünmə xərcini də ona çəkdirdilər ki, aliment borcundan çıxacaqlar, lakin çıxmadılar. Həmin evin pulundan da 140000 manat nağd ödəniş etmişdir. Həmin evi 280000 manat qiymətləndirmişdilər. Qarşı tərəfdə bildirdi ki, 140000 manat ödəniş et və ev sənə qalsın. O da 140000 manat ödəniş etmişdir. Aralarında danışıq olmuşdur ki, həmin ev satılana kimi ondan aliment pulu istəməyəcəklər. Həmin evi də sata bilməmişdir. Bu ayın əvvəllərində uşaq ondan evi satmağını soruşmuşdur. O da hələ sata bilmədiyini bildirmişdir. Bu söhbəti eşitdikdən sonra zərərçəkmiş şəxs alimenti istəməyə başlamışdır. Hal-hazırda 2000 manat üzərindədir və ödəniş etmək istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, aliment pulunun tam ödənilməsini istəyir. Ona görə də depozit hesaba köçürülmüş pulu götürməmişdir. Aralarındakı razılaşma ilə bağlı bildirmişdir ki, həmin məsələ ilə onun vəkili məşğul olurdu. Borclu onun vəkilinə ev satılanda ödəniş edəcəyini söyləmiş, o da razılaşmışdır. Alimenti həmişə tələb etmiş, buna baxmayaraq borclu ödəniş etmirdi. 2000 manat pul da gətirilmiş, lakin həmin vəsaiti o qəbul etməmişdir. O, aliment pulunun tam ödənilməsini istəyir, qeyd edir ki, borclu deyir ki, valideynləri tərəfindən 1000 və ya 1500 manat ödənişlər edilmişdir. Elə bir hadisə olmamışdır, amma, uşaqların hər birinə velosiped, skuter, planşet və notebook almışdır. Borclunun hal-hazırda ödəmək istədiyi 2000 manat pulu götürmür. O, pulun tam şəkildə ödənilməsini istəyir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5336/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2011-ci il tarixdə 579 nömrəli akt qeydi ilə Tovuz rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 anaları Zərərçəkmiş şəxs yanında saxlanılmışlar, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5336/2021 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4638/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5336/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, cavabdeh Şəxs xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4638/2023 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-256/2025 saylı qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4638/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan aliment məbləği hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.637 misli həddində indeksasiya olunmuşdur. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs aliment öhdəliyi üzrə 550 manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs aliment öhdəliyi üzrə 400 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, məhkəmə iclasında Şəxs depozit hesaba qoyulması üçün icra məmuruna 2000 manat pul vermişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərəçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər inzibati məsuliyyətə cəlb edilə bilər. Bu normanın tətbiqi üçün əsas şərt – məcburi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra olunmamasıdır. Burada "üzrsüz səbəb" anlayışı icra sənədinin yerinə yetirilməməsinin obyektiv əsaslara söykənmədiyini, borclunun icra öhdəliyini bilərəkdən, mümkün olduğu halda yerinə yetirmədiyini nəzərdə tutur. Hazırkı iş üzrə, barəsində icraat aparılan Şəxs məhkəmə iclasında aliment öhdəliyi üzrə 2000 manat ödəniş etmişdir. Bundan başqa zərərçəkmiş şəxslə aralarında ev satıldıqdan sonra aliment öhdəliyinin tam şəkildə bağlanması şəkildə razılıq olmuş, hələ ev satılmadığı üçün ödənişi edə bilməmiş, zərərçəkmiş şəxs pulu tələb etdikdən sonra isə 2000 manat ödəniş etmişdir. Həmçinin Şəxs övladları üçün xərc çəkdiyini zərərçəkmiş şəxs də qəbul etmiş, onun uşaqların hər birinə velosiped, skuter, planşet və notebook almasını söyləmişdir. Belə olan halda, sonuncu tərəfindən icra sənədinin üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra edilməməsi istisna edilir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə əsaslarından biri olan inzibati xətanın sübuta yetirilməsi yükü inzibati icraat orqanının üzərinə düşür və şəxsin təqsiri şübhə doğurmadan müəyyən edilməlidir. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Mövcud iş üzrə isə, inzibati xəta tərkibinin mövcudluğu barəsində əsaslı və şübhəsiz sübutlar təqdim edilmədiyindən, yaranmış hüquqi və faktiki qeyri-müəyyənliklər barəsində icraat aparılan şəxsin xeyrinə qiymətləndirilməlidir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna edildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5333/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5333/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver