Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5353/2024 20.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X5 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5517/2021 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvvəlüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat məbləğində pul tutularaq X1 ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdır. Şəxs barəsində protokol tərtib edilən vaxtadək 17500 manat aliment borcu yaranmışdır. Odur ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq Şəxs həbsdə olduğu müddətdə saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına pul tutulması ilə bağlı məktub göndərildiyini, lakin heç bir tutulma aparılmadığını bildirmişdir. Borclu izahatında gələn aydan ödəniş edə biləcəyini bildirdiyini qeyd etmişdir. Tələbkar ümumi olaraq 500 manat ödəniş edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 24 sentyabr 2021-ci il tarixdən cinayət işi üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həbsdən çıxdıqdan sonra övladlarını görməyə getmiş, uşaqlarının geyimlərinin olmadığını görüb onlara geyim almışdır. Avqust ayında oğlunun ad günü olmuş və oğluna hədiyyə almışdır. 2023-cü ilin avqust ayında cəzadan azad olunmuşdur. Alimenti ödəməkdən imtina etmir, ödəmək fikri vardır. Verilmiş suallara cavab olaraq gələn aydan etibarən hər ay 250 manat ödəniş edəcəyini bildirmişdir. Həbsdən çıxdıqdan sonra xəstə olduğu üçün ödənişlər edə bilməmiş, ara-sıra xırda da olsa gündəlik 10-30 manat olmaqla aliment ödənişlərini etmiş, lakin bununla bağlı hər hansı bir qəbzin olmadığını bildirmişdir. Evini tələbkara verməyi təklif etdiyini, tələbkarın kirayədə qalmaması üçün bu təklifi etdiyini bildirmişdir. Lakin tələbkar heç bir ödəniş edilmədiyini, yalnız 500 manat ödənildiyini qeyd etməsini bildirmişdir. Xırda ödənişlərinin heç bir sənədinin olmadığını bildirmişdir. Gündəlik 15-20 manat fəhləlik edib pul qazandığını, həmin qazancından ödənişlər edə biləcəyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5517/2021 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvvəlüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat məbləğində pul tutularaq X1 ödənilməlidir. xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5517/2021 saylı icra sənədinə əsasən icraata başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-520/2021 saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 24 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5517/2021 saylı icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs barəsində 24 sentyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)- 520/2021 saylı hökmü ilə 02 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin cəzadan 2023-cü ilin iyun ayında azad edilmişdir. İcra məmurunun, tələbkarın və barəsində icraat aparılan şəxsin izahatları ilə müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə icraata başlama qərarı qəbul edildiyi vaxtdan sonra 24 sentyabr 2021-ci il tarixdə törətdiyi cinayət əməlinə görə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2023-cü ilin iyun ayında azad olunmuş və azad olunduqdan sonra 500 manat ödəniş etmişdir. Göründüyü kimi Şəxs 17500 manat aliment borcunun 9450 manat hissəsi onun həbsdə olduğu və azadlıqdan məhrum etmə cəzasını çəkdiyi dövrə təsadüf edir və o, azadlıqdan məhrum edildiyi üçün həmin dövrdə aliment ödənişi edə bilməmişdir. Azadlığıa buraxıldıqdan sonra da fərdi əməklə gündəlik 15-20 manat qazanmaqla aliment borcundan 500 manat ödəmişdir. Rəsmi gəlirinin olmamasına baxmayaraq onun tərəfindən az miqdarda da olsa ödənişlər həyata keçirməsi onun qərəzli olaraq icra sənədini icra etməkdən yayınmasını istisna edir. Həmçinin zəruri icra hərəkətləri həyata keçirilmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlar Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsini istisna edir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5353/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5353/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver