Məhkəmə qərarları › İş №3(001)-5356/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5356/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5356/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Gədəbəy rayonunun Gödəkdərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, Gədəbəy rayonunun Gödəkdərə kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X9 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisələrini törətməsinə dair 30 iyul 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 04:00 radələrində Binəqədi rayonu, Binəqədi şossesində sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmiş, eləcə də, onun qanunsuz əməllərinin qarşısını almağa çalışan polis əməkdşlarına tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş A.E.Sadıqov bildirdi ki, 29 iyul 2025-ci il tarixdə, gecə saat 03:25-də DİN-in 102 xidmətinə daxil olmuş X1 müraciəti əsasında Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları Binəqədi qəsəbəsində yerləşən “Fantaziya” adlı kafenin qarşısına getmiş, orada adının sonradan Şəxs olduğu bilinən şəxs həm Nazənin Mehdiyevanın ünvanına, həm də ünvansız nalayiq ifadələr işlətdiyini görüb onu sakitliyə dəvət etsələr də, həmin şəxs polis əməkdaşlarına əhəmiyyət verməmiş, öz qeyri-adekvat hərəkətlərini davam etdirdiyindən, polis əməkdaşları onu 6-cı PB-yə aparmaq üçün xidməti avtomobilə əyləşdirmək istəyərkən Şəxs polislərdən qaçmağa çalışmış, bu zaman yıxılaraq qolundan xəsarət almış və polis əməkdaşları tərəfindən saxlanılaraq 6-cı Polis Bölməsinə gətirilmişdir. Bölmədə olan zaman da Şəxs kobud hərəkətlər etmiş, saxlanc yerinin dəmir barmaqlıqlarına təpik zərbələri vurmuş, Bölmənin şəxsi heyətini və rəhbərliyini nalayiq ifadələrlə təhqir etmiş, bununla da, təxminən 1 saat müddətində Bölmənin şərti iş rejimini pozmuşdur. Buna görə də, barəsində hazırki protokol tərtib edilmişdir. Sonda A.E.Sadıqov məhkəmədən göstərilənləri nəzərə alıb, Şəxs barəsində ədalətli inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək, izahatında göstərdi ki, o, “Fantaziya” adlı kafeni işlədir. Nazənin Mehdiyeva da kafedəki işçidir. Hadisə günü gecə saat 03-04 arası kafedəki müştərilərdən biri ilə Nazənin arasında mübahisə baş vermiş, Nazənin polisə məlumat verəcəyini bildirdikdə, o, Nazənini bu fikrindən daşındırmaq istəmişdir. Spirtli içki qəbulundan sərxoş vəziyyətdə olduğundan konkret hansı sözləri işlətdiyini xatırlamır. Lakin bir qədər sonra o, polis əməkdaşlarının gəldiyini görüb əsəbiləşərək Nazənin ünvanına söyüş söyməyə başlamışdır. Polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirmək istədikdə o, qaçmış, bu zaman polis əməkdaşının onu itələməsi nəticəsində yıxılmış, qolundan xəsarət almış, lakin qaçmağı bacarmışdır. Əynindəki paltarları pis vəziyyətdə olduğundan bir qədər kənarda gizlənib polislərin getməsini gözləmiş, sakitlik olan zaman paltarını dəyişmək üçün kafeyə qayıdan zaman polis əməkdaşları onu görüb tutmuşlar. Hazırda əməlindən səmimi peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Şəxs işlətdiyi kafedə işləyir. Gecə saat 04 radələrində kafedə hesabın ödənilməsi ilə bağlı müştəri ilə aralarında anlaşmazlıq baş vermiş, o, bu barədə Çingizə məlumat verərək 102 xidmətinə zəng vuracağını demiş, Çingiz etiraz etsə də, o, polisə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəldikdən sonra Çingiz onun ünvanına yüksək səslə nalayiq ifadələr işlətmiş, polisdən qaçmağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 ifadəsində göstərdi ki, onlar hadisə yerinə vətəndaş Nazənin Mehdiyevanın DİN-in 102 xidmətinə Şəxs və Fazil adlı şəxsdən şikayəti üzrə getmiş, ora çatdıqda Şəxs adlı şəxsin uca səslə söyüşlər söydüyünü görüb ona yaxınlaşaraq sakitliyə dəvət etməyə çalışsalar da, həmin şəxs onlara əhəmiyyət verməmiş, öz qeyri-adekvat hərəkətlərini davam etdirmişdir. Buna görə, onlar Çingizi xidməti avtomobilə əyləşdirərək 6-cı Polis Bölməsinə gətirmək istəsələr də, Çingiz avtomobildən düşüb onlardan qaçmağa çalışmış, bu zaman yerə yıxılaraq qolunu zədələmiş, saxlanılaraq Bölməyə gətirilmişdir. Bölmədə də eyni məzmunlu hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X8 digər şahid X3 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan: - Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29 iyul 2025-ci il tarixli raportda göstərilmişdir ki, “xx.xx.2025-ci il tarixdə, saat 03:25 radələrində vətəndaş X1 DİN-in 102 xidmətinə vermiş olduğu məlumatla bağlı olaraq əməliyyat qrupu ilə birgə hadisə yerində olan zaman əməli törətməkdə şübhəli bilinən Şəxs izahatının alınması üçün tərəfimizdən PB-yə dəvət olunmuşdur. Həmin şəxs əməliyyat qrupunun üzvlərinə tabesizlik göstərərək qaçmışdır. Lakin, saxlanılan zaman yenidən qaçmağa cəhd göstərmiş, bu zaman ayağı səndələyərək yerə yıxılmışdır. Yıxılan zaman çiyin, diz nahiyyəsindən və qolundan xəsarətlər almışdır. Həmin şəxs yenidən qanuni tələblərimizə məhəl qoymayaraq ictimai yerdə qeyri-etik davranmış və çox kobudcasına ünvansız nalayiq ifadələr işlətmiş, avtomobilə əyləşdikdən sonra öz əməllərini davam etdirmişdir. PB-yə gələn zaman da Bölmənin iş fəaliyətini 1 saat ərzində davamlı pozmuş, təhqiredici ifadələr işlətmişdir.” - Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29 iyul 2025-ci il tarixli digər raportda göstərilmişdir ki, “Şəxs PB-yə gətirilərkən üzərində üst geyimi və ayaqqabısı olmamış, həmçinin əllərinin iç nahiyyəsində sıyrıqlar, çiyin nahiyyəsində sıyrıqlar, yara, sol diz və sol bilək nahiyyələrində sıyrıqlar olmuş və sonuncu çox ağır dərəcədə sərxoş vəziyyətdə olmuşdur. PB-nin Növbətçi Hissəsində olarkən o, kobud hərəkətlərə yol vermiş, dəfələrlə ona edilən səmimi çağırışlara məhəl qoymayaraq, saxlanc yerinin dəmir barmaqlıqlarına təpik zərbələri vurmuş, PB-nin şəxsi heyətini və rəhbərliyini nalayiq ifadələrlə təhqir etmişdir. Onun bu əməlləri PB-nin şərti iş rejimini 1 saat müddətində kobud surətdə pozmuşdur...” - 29 iyul 2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. - 29 iyul 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 29 iyul 2025-ci il tarixdə, saat 04:30-da inzibati qaydada tutulmuş, 30 iyul 2025-ci il tarixdə, saat 15:00-da azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sübutları araşdıraraq, habelə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyərək, belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi mövcuddur və inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi İXM-nin 510-cu; polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxs əməllərində İXM-nin göstərilən maddələrdə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol, iş materiallarında olan raport və şahid ifadələri ilə öz təsdiqini tapır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Şəxs törətmiş olduğu əməlləri səmimi etiraf etməklə, peşmanlıq hissi keçirməsini, eləcə də himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə İXM-nin 34.3 və 31.4-1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 535.1-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, onun qolundakı xəsarətə dair müvafiq araşdırma aparılması üçün Bakı şəhəri Binəqədi rayon Prororluğuna məlumat verilməlidir. İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün müəyyən edilmiş cərimə cəzasının maksimum həddi 200 manat olduğundan, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq, hesab edir ki, Şəxs 150 manat məbləğində inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə Şəxs həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar