Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5359/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş-leytenantı X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə xx xxxx 1977-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri, X5 küçəsi, ev 11, mənzil 22 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş-leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş 30 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, 30 iyul 2025-ci il tarixdə narkotik vasitələrin istifadəsində şübhəli kimi 7-ci PB-yə gətirilmiş Şəxs 1 həftə əvvəl metronun “Nəsimi” stansiyasının yaxınlığında narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları 29 iyul 2025-ci il tarixdə, saat 14 radələrində inzibati ərazidə xidmətdə olan vaxt narkotik vasitələrin istifadəsində şübhəli bilinən bir nəfərə yaxınlaşaraq onlara suallar vermiş, bu zaman həmin şəxslər həyəcanlanaraq qeyrisəmimi cavablar verdiklərindən, şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün PB-yə aparılmışlar. Bölmədə sorğu-sual zamanı həmin şəxslərdən Şəxs təxminən 1 həftə əvvəl metronun “Nəsimi” stansiyasının yaxınlığında narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmiş, keçirilmiş ekspertiza ilə bu fakt öz təsdiqini tapmış, buna görə də, barəsində hazırki protokol tərtib edilmişdir. Sonda H.F.Abbasov məhkəmədən göstərilənləri nəzərə alıb, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ifadəsində göstərdi ki, o, həqiqətən də 1 həftə əvvəl metronun “Nəsimi” stansiyasının yaxınlığında narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Əməlindən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Tədqiq edilən sübutlar: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 iyul 2025-ci il tarixli, 4580 nömrəli rəyində göstərilmişdir ki, məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində MET (+), AMP (+), MOP (+), THC (+) aşkar olundu. Müayinə zamanı deməsinə görə, 10 ildir ki, arabir narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə edir. Müayinə zamanı Şəxs Opioidlərin və Psixosimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. - “İnzibati qaydada tutma haqqında” 29 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:15-də tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, eləcə də şəxsin öz etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını, həmçinin inzibati qaydada tutulduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5359/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5359/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver