Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-536/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 nümayəndəsi X1, şikayət vermiş şəxs X2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Beyləqan rayonu, Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. X3 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəti onunla əsaslandırmışdır ki, Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, guya o, inzibati xəta törətmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:59-da etibarnamə üzrə istifadəsində olan **- HX-*** dövlət qeydiyyat nişanlı 1999-cu il buraxılışlı Mersedes Bens E 200 markalı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri Elman Rüstəmov küçəsində DYP əməkdaşları tərəfindən saxlanılmış və idarə etdiyi avtomobilin qanunla qadağan olunmuş led işıqların quraşdırıldığı bildirilmişdir. O, təkidlə bildirmişdir ki, işıqlar led deyil, vranqler lupalı işıqlardır və bunun istifadəsi qanunla qadağan deyildir. Həmin tarixdə idarə etdiyi avtomobilin işıq sistemində normativ tələbləri pozan hər hansı bir avadanlıq olmamışdır. Maşın köhnə ildir, fara qırılmasa da işıqlandırılması zəif idi, bu maşınların faralarının orijinal qiyməti baha olduğundan Çin istehsalı faralar alınıb qoyulmuşdu. Hesab olunur ki, həmin nəqliyyat vasitəsinə protokol tərtib olunan zaman qanunvericiliyin tələblərinə əməl edilməmiş, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Ona görə də, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 nümayəndəsi X4 bildirmişdir ki, qeyd olunan nəqliyyat vasitəsinə yad bir işıq cihazı quraşdırılmışdır. Halbuki avtomobilin işıqlandırma sistemi xarab olarsa buraya əlavə avadanlıq yerinə onun işıq lampası əvəz edilə bilər. Şəxs avtomobilin işıq cihazının dəyişdirilməsi yerinə, avtomobilə məxsus işıq cihazının lampasını dəyişə bilərdi və bu zaman sözügedən inzibati xəta halı baş verməzdir. Nəzərə alsaq ki, avtomobilin buraxılış ili 1999-cu ildir və bu zaman şikayət vermiş şəxsin özünün də dediyi kimi vrangler tipli led faralar yox idi, həm də özünün ifadəsinə də istinad etsək o faralar orijinal deyil, Çin istehsalı olmuşlar. Orijinal faralarda duman işıqları o formada işıqlandırma etmir. Çin istehsalı olan faralar “görüntünü gözəlləşdirmək” üçün fərqli əlavələrlə təchiz edilmişdir. Burdan belə qənaətə gəlmək olur ki, bu artıq avtomobilə uyğun olmayan sonradan quraşdırılmış avadanlıq hesab edilməlidir. Bundan başqa barəsində protokol tərtib edilmiş X3 quraşdırdığı işıqlardan da düzgün istifadə etməmişdir. Belə ki, o maşın “yaxşı” görünsün deyə duman faralarını yandıraraq hərəkətdə olmuşdur. Odur ki, şikayət əsassız olduğundan məhkəmədən onun təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş
4. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 17:59-da “Mercedes Benz E200” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Elman Rüstəmov 26a ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
5. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsirli bilinib, 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
6. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.
7. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs X2 heç bir inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlarla X2 idarə etdiyi “Mercedes Benz E200” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilə normativ tələbləri pozmaqla avadanlıq quraşdırması müəyyən edilmişdir. Çünki qanunvericiliyin tələblərinə görə, texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələbləri pozulmaqla avadanlıqların quraşdırılması və ya dəyişdirilməsi yolverilməzdir. Qeyd edilən hallarla X3 şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlərdə təkidlə heç bir inzibati xəta törətmədiyini bildirməsi ilə inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını sübut edir.
8. Göründüyü kimi, X3 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
15. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova