Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5361/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs İXM-nin 535.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən tərtib edilmiş 30 iyul 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokol baxılması üçün həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 29 iyul 2025-ci il tarixdə, saat 23:20-də idarə etdiyi avtomobillə Binəqədi rayonu, Z.Bünyadov prospekti ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanıldıqdan sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub sənədlərini təqdim etməyərək qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş V.H.Hüseynov izahatında göstərdi ki, 29 iyul 2025-ci il tarixdə, saat 23:20 radələrində Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşları xidmətdə olarkən manevr qaydalarını pozduğuna görə “Toyota” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə “saxla” əmri vermiş, sürücü, yəni Şəxs avtomobili saxladıqdan sonra polis əməkdaşları həmin sürücüyə yaxınlaşaraq, ondan sənədlərini təqdim etməyi tələb etsələr də, sürücü polisin qanuni tələbinə tabe olmayıb, sənədlərini təqdim etməkdən imtina etmişdir. Buna görə də əraziyə Post-Patrul Xidməti Bölüyünün əməkdaşları cəlb olunmuş, Şəxs 5-ci Polis Bölməsinə gətirilmişdir. Sonda V.H.Hüseynov məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, yol polisi əməkdaşları onu saxlayan zaman o, tabesizlik göstərməmişdir. Polis əməkdaşı ondan sənədlərini tələb etmiş, sənədləri yaşadığı evdə qaldığı üçün üzərində olmadığından sənədlərini təqdim edə bilməmiş, bu səbəbdən ad, soyad və ata adını bildirməklə kifayətlənmişdir. Bundan sonra əraziyə PPX əməkdaşları çağırılmış və onu 5-ci PB-yə aparmışlar. Sonda Şəxs inzibati xəta törətmədiyinə görə barəsində olan hazırki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sənədlərinin evdə qalması barədə polisə məlumat vermədiyini, inzibati xəta törətmədiyindən əmin olduğundan sənədləri verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X3 ifadəsində göstərdi ki, sürücü Şəxs yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılmış, protokol tərtib edilməsi üçün sənədləri tələb olunsa da, sürücü qayda pozmadığını iddia edib, etirazını bildirərək, sənədləri təqdim etməmişdir. Onlar sürücüyə protokolla razı olmadığı halda ondan şikayət vemrək hüququnun olduğunu izah etsələr də, sürücü onların qanuni tələblərinə tabe olmamış, avtomobilinin şüşəsini bağlayaraq onların tələbinə əhəmiyyət verməmişdir. Sürücünün bu hərəkətləri onların iş ahəngini pozmuş, onlar 15-20 dəqiqə yolun kənarında qalaraq, sürücüdən sənədlərini tələb etmişlər. Sonda sürücünün qanuni tələblərinə tabe olmaq fikrində olmadığını görüb, hadisə yerinə PPXB əməkdaşları dəvət edilərək, sürücü 5-ci Polis Bölməsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Binəqədi RPİ-nin DYPŞ-nin YPX inspektorları tərəfindən tərtib edilmiş 29 iyul 2025ci il tarixli raportda göstərilmişdir ki, “xx.xx.2025-ci il tarixdə, 23:20 radələrində Dərnəgül şossesində “Toyota” markalı avtomaşına “saxla” işarəsi verdik. Sürücüyə yaxınlaşıb sənədlərini tələb etdik. Sürücü isə bu tələbimizə məhəl qoymayıb intizamsızlıq etməyə başladı və heç bir sənədini təqdim etməyəcəyini bildirdi. Biz sürücünü davamlı intizama dəvət etsək də sürücü əksinə tabesizliyinə davam edərək şüşəni bağlayıb heç bir sənəd təqdim etmədi. Biz də PPX-nin köməyi ilə həmin sürücünü 5-ci PB-yə təmin etdik. Bölmədə məlum oldu ki, həmin sürücü Şəxsdur.” - 29 iyul 2025-ci il tarixli “inzibait qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 29 iyul 2025-ci il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. - Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X3 telefonunda olan və məhkəmə baxışında tədqiq edilmiş videogörüntülərdən görünür ki, yol patrul xidmətinin əməkdaşı təxminən 3 dəqiqə ərzində Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 2-ci hissəsinin tələblərini izah edərək, sənədlərini təqdim etməyi tələb edir, sürücü Şəxs isə avtomobilin şüşəsini bir az açaraq sənədlərini təqdim etməyəcəyini, ilk öncə törətdiyi qayda pozuntusunun ona sübut edilməsini tələb edir. Yol patrul xidmətinin əməkdaşı yenidən sürücüdən hüquqazidd hərəkətini dayandırmağını tələb edir, lakin sürücü avtomobilinin şüşəsini tamamilə qaldıraraq, tabesizlik etməyə davam edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 2-ci bəndinin tələbinə görə isə mexaniki nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan, o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyət yaranır. İşin faktiki halları ilə Şəxs polisin qanuni tələbinə tabe olmaması öz təsdiqini tapdığından, o, həmin maddənin sanksiyası həddində inzibati xəta üzrə məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağının olmasını (İXM 32.2) onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, bu hərəkətini davam etdirməsini (İXM 33.1.1) Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətində inzibati həbs edilməli, onun həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu 29 iyul 2025-ci il tarixdən, saat 23:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 29 iyul 2025-ci il tarixdən, saat 23:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5361/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5361/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver