Məhkəmə qərarları › İş №3(001)-5363/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5363/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5363/2025 08.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi ilə Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli, EQ 29424673 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli, EQ 29424673 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərara əsasən, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. Qərar onunlan əsaslandırılmışdır ki, M.Ə.Xudaverdiyev 22 iyul 2025-ci il tarixdə, saat 11:50-də idarə etdiyi “Toyota Corolla” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtombillə Hacıqabul-Horadiz yolunun 9-cu kilometrliyində hərəkətdə olarkən yolun əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı icra etmişdir. M.Ə.Xudaverdiyev həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol inzibati xəta tərkibli əməlin törədilməsinin təsdiq edilməsinə münasibətdə ziddiyyətli, qeyri-mötəbər sübut olan “Təhlükəsiz Şəhə” X1 məxsus videonəzarət cihazından götürülən və baxış məsafəsi yaxınlaşdırılmaqla çəkilən fotoşəkillər əsasında tərtib edilmişdir. İnzibati xəta hadisəsi foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmədiyindən, protokol qanusuzdur. Məhkəmə, şikayətə baxılması ilə əlaqədar keçiriləcək iclasın vaxtı və yeri barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə və şikayət vermiş şəxsə lazımi qaydada bildiriş göndərməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, habelə qanunvericiliyin aşağıda sadalanan müddəalarını rəhbər tutaraq, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilk öncə məhkəmə onu qeyd edir ki, şikayətdə qərarın tarixi kimi 24 iyul 2025-ci il, törədilmiş inzibati xəta hadisəsi kimi İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan əməl göstərilsə də, EQ 29424673 nömrəli qərarın tarixi 22 iyul 2025-ci il, M.Ə.Xudaverdiyevin həmin qərara əsasən təqsirli bilindiyi maddə isə İXM-nin 327.2-ci maddədir. Məhkəmə bu uyğunsuzluğu texniki səhv olaraq qəbul edir və şikayəti 22 iyul 2025-ci il tarixli, EQ 29424673 nömrəli qərardan verilmiş qəbul edir. İXM-nin 327.2-ci maddəsi üzrə məsuliyyət svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yaranır. İnzibati tənbeh vermə haqqında elektron qərara qoşma edilmiş fotoşəkillərdən görünür ki, həmin yol 1.1 üfüqi nişanlanma xətti ilə nişanlanmışdır, həmin xətt əks istiqamətli nəqliyyat axınlarını ayırmaq məqsədilə çəkilmişdir. “Toyota Corolla” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil isə həmin xətti keçərək yolun əks istiqamətli hərəkət hissəsindən ötmə əməliyyatı icra edir. Həmçinin, şikayətçi də öz ərizəsində inzibati xəta hadisəsini törətməsini mübahisələndirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.3-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ... inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Digər tərəfdən, həmin Məcəllənin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar göstərilmişdir. Hazırki şikayətin əsasını inzibati xəta hadisəsinin “Təhlükəsiz Şəhər” X1 məxsus videonəzarət cihazəndan götürülən fotoşəkillər əsasında aşkar edilməsi, bu üsulun isə qanunazidd olması təşkil etsə də, icraatı rədd edən hallardan biri bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərarın real vaxt rejimində tərtib olunmamasıdır. Məhkəmə qeyd edir ki, iş materialları ilə M.Ə.Xudaverdiyevin 22 iyul 2025-ci il tarixdə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi tam sübuta yetirilir və bu barədə qərar da məhz həmin tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, əsassız olduğundan şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 barəsində qəbul edilmiş 22 iyul 2025-ci il tarixli, EQ 29424673 saylı “inzibati tənbeh vermə haqqında” qərardan şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar