Məhkəmə qərarları › İş №3(001)-5392/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5392/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5392/2023 14.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X5, zərər çəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X7 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2843/2023 saylı icra sənədi üzrə Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Belə ki, icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq X4 ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanmış və Şəxs tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Hazırda icra sənədi üzrə Şəxs 1360 manat ödəniş etmiş, 1728 manat ödənilməmiş borcu vardır. Zərər çəkmiş şəxs qalıq borcunu tam tələb etdiyindən, sonuncunun şikayətləri nəzərə alınaraq Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sentyabr ayından etibarən mütəmadi şəkildə ödəniş etməyə başlamışdır, iyul ayında 100 manat, avqust ayında 20 manat, sentyabr ayında 280 manat, oktyabr ayında 400 manat, noyabr ayında 387 manat, dekabr ayının hazırki gününədək isə 183 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, məhkəmə qətnaməsinin icrasının zəruriliyini dərk edir. Məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə çıxarılmışdır. Həmin tarixdən mütəmadi olaraq aliment öhdəliyi üzrə ödənişlərini icra etmişdir. Rəngsaz olaraq çalışaraq günlük gəlir əldə edir, aylıq təqribi qazancı 500 manat təşkil edir. Əmək haqqını günlük aldığından pul xərclənməsin deyə pulu toplayıb bütöv şəkildə ödəniş edə bilmir, o səbəbdən hər gün mütəmadi şəkildə 13-14 manat X1 hesabına göndərir. Hər hansı əlavə qazancı yoxdur. İcra sənədi üzrə borc yığılmasına səbəb, aliment öhdəliyini aprel ayından icra etməli olduğunu bilmədiyindən olmuşdur. X2 ilə bir evdə yaşadıqları halda günlərin birində sonuncu ona boşanmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. O da borcun əvvəlki tarixdən ödənməli olduğunu bilmədiyindən icra sənədi üzrə borcu yaranmışdır. Həmin borcunu da ödəmək niyyətindədir. Lakin maddi vəziyyəti buna imkan vermir, müəyyən məbləğlərdə artıq ödənişlər etməklə, yığılmış borcunu da bağlayacaqdır. Məhkəməyə gəlməmişdən qabaq da 13 manat ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınmaqla, məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəmə qətnaməsi çıxarılmamışdan əvvəl birlikdə yaşamışlar, birlikdə yaşadıqları vaxt üçün aliment ödəməli olduğundan məlumatsız olmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında bildirmişdir ki, hazırda icra sənədi üzrə Şəxs ona 1728 manat ödənilməmiş borcu vardır. O, borcun tam şəkildə ödənilməsini tələb edir. Çünki, övladları yuxarı siniflərdə təhsil alırlar, övladlarının hazırlıq və digər zəruri təhsil xərclərini qarşılamaqda çətinlik çəkir. Özü 350 manat əmək haqqına çalışır. Şəxs ödədiyi aliment isə onun yalnız qaldığı evin kirayəsini qarşılayır. Övladlarının xərclərini qarşılamaq üçün hazırda yığılmış borca ehtiyacı vardır. Ona verilmiş suallara cavab olaraq Şəxs tərəfində iyul ayında 100 manat, avqust ayında 20 manat, sentyabr ayında 280 manat, oktyabr ayında 400 manat, noyabr ayında 387 manat, dekabr ayında isə 183 manat ödəniş edilməsini təsdiq etmişdir İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 2843/2023 saylı icra sənədindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq X4 ödənilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2843/2023 saylı icra sənədinə əsasən icraata başlanmışdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2843/2023 saylı icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, məhkəmə iclasında icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, həmçinin iş üzrə zərər çəkmiş şəxsin izahatları və tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 2(001)-2843/2023 saylı icra sənədi üzrə Şəxs tərəfindən 2023-cü ilin iyul ayında 100 manat, avqust ayında 20 manat, sentyabr ayında 280 manat, oktyabr ayında 400 manat, noyabr ayında 387 manat, dekabr ayında isə 183 manat, ümumilikdə 1370 manat ödəniş edilmişdir. Aylıq aliment öhdəliyinin 386 manat təşkil etdiyi nəzərə alındıqda Şəxs son 3 aylıq aliment hissəsini, yəni 1158 manatlıq aliment ödənişini tam şəkildə icra etmişdir. Belə ki, aliment öhdəliyinin hər ayın 6-sında ödənilməsi nəzərdə tutulmuşdur, məhkəmə qətnaməsi 30 avqust 2023-cü il tarixdə çıxarılmışdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ödənişləri sentyabr ayının 6-sından oktyabr ayının 6-sınadək olan müddəti, oktyabrın 6sından noyabrın 6-sınadək olan müddəti, həmçinin noyabrın 6-sından dekabrın 6-sınadək olan müddəti tam şəkildə əhatə edir. Bundan yanaşı aylıq aliment öhdəliyinin bir günə düşən hissəsi təqribən 13 manat təşkil etdiyindən dekabrın 6-sından məhkəmə iclasının keçirildiyi dekabrın 14-dək aliment öhdəliyinin ödənilməli olan 8 günlük hissəsi, yəni 104 manat aliment ödənişi də Şəxs tərəfindən ödənilmişdir. Geri qalan 108 manatlıq ödəniş isə yığılmış borc üzrə edilmişdir. Şəxs aliment öhdəliyi üzrə yığılmış borcu məhkəmə qətnaməsinin çıxarıldığı tarixdən əvvəlki vaxtı əhatə etdiyindən məhkəmə sonuncunun qətnamədən əvvəl aliment ödənişi etmə öhdəliyini bilmədiyinə dair verdiyi izahatı həqiqətəuyğun hesab edir və sonuncunun əməlində icra sənədi üzrə öhdəliyi qərəzli icra etməməni müəyyən etmir. Qeyd olunanlar əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən məhkəmə qətnaməsi çıxarıldığı tarixdən sonra aliment ödənişlərinin mütəmadi şəkildə edilməsi, rəsmi iş yeri olmadığı halda qazancını gizlətməməsi, qazandığı pulun xərcləyəcəyindən hər gün ödənişlər etməsi sonuncunun məhkəmə qətnaməsinin icrasına məsuliyyətlə yanaşdığını təsdiq edir və sonuncunun icra sənədini üzrsüz səbəbdən etməməsini istisna edir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar