Məhkəmə qərarları › İş №3(001)-5394/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5394/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5394/2024 23.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in polis sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-cü ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 7-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü ildə taksi sürücüsü X1 75 manat köçürməsini, ünvana çatdıqda ona yol pulu ilə birlikdə 100 manat verəcəyini vəd verib, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsində siqaret almaq bəhanəsi ilə taksi avtomobilindən düşərək naməlum istiqamətə gedib geri qayıtmayaraq vətəndaş X8 100 manat ziyan vurmaqla xırda talama etmişdir. Bundan başqa o,xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsində yerləşən köşkdən 300 manat dəyərində 6 blok “Sobranie” markalı siqaret götürərək, pulunu az sonra gətirəcəyini bildirib, vədinə əməl etməyərək vətəndaş X4 300 manat ziyan vurmaqla xırda talama etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in polis sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş 7-ci PB-in polis sahə inspektoru, polis baş leytenantı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü ildə taksi sürücüsü X1 75 manat köçürməsini, ünvana çatdıqda ona yol pulu ilə birlikdə 100 manat verəcəyini vəd verib, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsində siqaret almaq bəhanəsi ilə taksi avtomobilindən düşərək naməlum istiqamətə gedib geri qayıtmayaraq vətəndaş X8 100 manat ziyan vurmaqla xırda talama etmişdir. Bundan başqa o,xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsində yerləşən köşkdən 300 manat dəyərində 6 blok “Sobranie” markalı siqaret götürərək, pulunu az sonra gətirəcəyini bildirib, vədinə əməl etməyərək vətəndaş X4 300 manat ziyan vurmaqla xırda talama etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs vurduğu ziyanı ödəməmişdir. Zərər çəkmiş şəxslər ondan şikayətçidirlər. Onun ciddi növdə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci və 234.1ci maddələrilə məhkum olunmuşdur. Pula ehtiyacı olduğu üçün xx.xx.2024-cü il tarixdə kimisə aldadıb pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2024-cü ildə “UBER” proqramı vasitəsilə taksi sifariş vermişdir. Sifariş əsasında gələn taksi sürücüsünün adı Emil olmuşdur. Yolda Emilə demişdir ki, tanışının kartına 75 manat pul göndərməlidir, lakin kartında pul yoxdur. Əgər o, onun kartına 75 manat pul göndərərsə, ünvana çatanda ona yol pulu ilə birlikdə 100 manat ödəyəcəkdir. Emil onunla razılaşmış, mobil telefonundakı aplikasiya vasitəsilə onun dediyi kart nömrəsinə 75 manat göndərmişdir. 6-cı mkr., S.Məmmədova küçəsində “Rahat” marketin yanından keçəndə taksi sürücüsü Emildən xahiş etmişdir ki, marketin qabağında saxlasın, düşüb siqarət almaq istəyir. Emil avtomobili saxlamış, o avtomobildən düşərək Emilin başqa isatiqamətdə baxmasından istifadə edib uzaqlaşıb getmişdir. Beləliklədə, Emilin 75 manat pulunu aldatma ilə ələ keçirmiş, habelə gediş haqqı olan 25 manatı verməmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsində yerləşən köşkə yaxınlaşaraq satıcı Əlidadan 300 manat dəyərində 6 blok “Sobranie” markalı siqaret istəmişdir. Əvvəllər həmin köşkün yanında yerləşən şadlıq evində ofisant işlədiyi üçün Əlvida onun tanımış və ona inanı olmuşdur. Belə ki, bir neçə dəfə toy zamanı həmin köşkdən müştərilər üçün siqaret almışdır. Əlviyada 6 blok “Sobranie” markalı siqaret lazm olduğunu, pulunu az sonra gətirəcəyini bildirib, oradan uzaqlaşıb getmiş, siqaretləri 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsə 200 manata satıb pulunu öz ehtiyaclarına xərcləmişdir. Əməllərindən peşmandır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməyə maddi imkanı yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə 16 və 18 sentyabr 2024-cü il tarixli qərarlardan görünür ki, vətəndaşlar X7 və X3 müraciətləri əsasında toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarların surəti 7-ci PB-yə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi öz izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı və inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını və vurduğu ziyanı ödəmədiyini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmişdir, zərər çəkmiş şəxslərlə barışığı yoxdur. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 14:15-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar