Məhkəmə qərarları › İş №3(001)-5412/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5412/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5412/2025 31.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Cəlilabad rayonu, Əliqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Əliqasımlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40cı polis bölməsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə radələrində Şəxs DİN-in 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Bununla bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməliyyat qrupu hadisə yerinə getmişdir. Həmin vaxtı Şəxs sərxoş vəziyyətdə olmuş və gələn polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra əməliyyat qrupu Şəxs 40-cı polis bölməsinə gətirmişdir. Bölmədə şəxs öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşları onu sakitləşdirməyə çalışsa da, Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs bölmənin iş rejimini pozmuşdur. Buna görə də, protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, polis əməkdaşlarını təhqir etməmişdir, sadəcə onu bölmədə müvəqqəti saxlama yerinə salmışlar, həmin zaman bildirmişdir ki, qapını açsınlar, çöldə hava alsın. O, həqiqətən də DİN-in 102 xidmətinə zəng etmiş, döyülməyi ilə bağlı müraciət etmiş, amma, polisə qarşı hər hansı nalayiq ifadəsi olmamışdır. Belə ki, kafedə onu bir nəfər şəxs vurmuş, bundan sonra o çölə çıxıb, həmin şəxs barəsində DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmin vaxtı da həmin ərazidən post patrul xidmətinin avtomobili keçirdi. PPX avtomobilini əl ilə işarə edərək saxlatmış və hadisə barəsində məlumat vermişdir. Daha sonra kafeyə daxil olmuşlar, ancaq həmin zaman onu vuran şəxs hadisə yerindən qaçmışdır. Bundan sonra o polis əməkdaşları ilə birlikdə hadisə barədə ərizə vermək üçün bölməyə gəlmişdir. 40-cı polis bölməsinə gəldikdən sonra onu Növbətçi hissənin qarşısında əyləşdirmişlər, daha sonra isə müvəqqəti saxlama yerinə keçirtmişlər ki, rəis gəlir, buna görə də orda gözləsin. O da bildirmişdir ki, heç olmasa çıxarsınlar, çöldə əyləşsin. Nə hadisə yerində, nə də bölmədə polis əməkdaşlarını təhqir etməmişdir. Ona verilmiş suallara cavab olaraq bölmənin videogörüntülərinin təqdim edilə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il saat 09:00-dək əməliyyat qrupunun tərkibində olmuşdur. xx.xx.2025-ci il tarixdə, səhər saatlarında təxminən 05:08 radələrində DİN-in 102 xidmətinə məlumat daxil olmuşdur. Məlumatda Şəxs adlı şəxsin kafedə döyülməsi qeyd olunmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradıb, dərhal hadisə yerinə getmişlər. Qrupda onunla bərabər Anar İmanov və Süleyman İsgəndərov da iştirak etmişdir. Hadisə yerinə getdikdə vətəndaş yolun qırağında olmasını görmüşlər. Şəxsə yaxınlaşanda kafedə döyülməsi barədə onlara məlumat vermişdir. Onlar da Şəxs kim tərəfindən döyülməsini aydınlaşdırmaq məqsədi ilə kafeyə yaxınlaşmışlar. Kafeyə yaxınlaşdıqdan sonra Şəxs kafedə olanları təhqir etməyə başlamışdır. Onlar Şəxs heç kimi təhqir etməməyi bildirmişlər, onun kim tərəfindən vurulduğunu söyləməyini tələb etmişlər. Bundan sonra Şəxs artıq onların ünvanına da nalayiq ifadələr işlətməyə başlamışdır. Dəfələrlə nizam intizama əməl etməyi tələb etsələr də, Şəxs sakitləşdirə bilməmişlər, nəticədə sonuncunu bölməyə təmin etmişlər. Şəxs bölməyə gəldikdən sonra da eyni hərəkətləri davam etdirməyə başlamış, bölmədə də onları nalayiq ifadələrlə təhqir etmişdir. Bölməyə gətirdikləri zaman bölmənin çöl qapısını təpiklə vurmuşdur. Ona verilmiş suallara cavab olaraq bölmənin video-görüntülərinin təqdim edilə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X5 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə keçən gecə əməliyyat qrupunda olmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saatlarında döyülmə faktı ilə bağlı DİN-in 102 xidmətinə məlumat daxil olmuşdur. Bundan sonra hadisə yerinə getmişlər, həmin zaman Şəxs orada tək olmuş və onlardan onu döyən şəxsin tapılmasını tələb etmişdir. Bundan sonra Şəxs hazırda heç kimin olmadığını, səhər açıldıqdan sonra kameralara baxaraq həmin şəxsi müəyyən edəcəklərini bildirmişlər və Şəxs ərizə yazmaq üçün bölməyə dəvət etmişlər. Həmin vaxtı Şəxs kəskin spirtli içki qəbul etmişdir. Bölməyə dəvət etdikdən sonra Şəxs onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Bölmədə söyüşlər söydüyü və heç cür sakitləşmədiyi üçün Şəxs müvvəqəti saxlama yerinə salınmış, lakin sonuncu orada belə sakitləşməmiş, MSY-nin qapısını təpikləmişdir. Ona verilmiş suallara cavab olaraq Şəxs başını şüşəyə vurduğunu görmədiyini, həmçinin bölmənin video-görüntülərinin təqdim edilə bilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xırda xuliqanlıq etməsi və yaxud polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda göstərilmişdir ki, Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, nizam-intizama əməl etməyi tələb olunduğu halda bunu etməmiş, polis bölməsinə daxil olan zaman binanın qapısına təpik vurmuş, həmçinin növbətçi hissənin şüşəsinə baş ilə zərbə endirmişdir. Lakin raportda göstərilən digər halları təsdiq edən heç bir sübut isə iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında izahat vermiş protokol tərtib etmiş şəxs hadisənin birbaşa şahidi olmamışdır, icraatına daxil olmuş raport əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin şahidlərin izahatı alınmamış, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolların məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Hazırki iş üzrə isə səlahiyyətli orqan tərəfindən məhkəməyə hər hansı bir başqa sübut təqdim olunmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta törətməsi yalnız şahid ifadəsi ilə təsdiq oluna bilər. Məhkəmə iclasında şahidlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X5 izahat vermişlər. Nəzərə alınmalıdır ki, hər iki şahid eyni bölmənin əməkdaşlarıdır. Şəxs isə izahatında bölmədə MSY-də qalmaq istəmədiyini, çölə çıxmaq istədiyini bildirdiyi üçün barəsində protokol tərtib edilməsini bildirmişdir. Bu halda məhkəmə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının iş üzrə şahid kimi verdiyi izahatları mötəbər sübut hesab etmir. Nəzərə alınmalıdır ki, polis bölməsinin videogörüntüləri məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, şahidlərin verdiyi izahatların mötəbərliyi şübhə altına düşür və şübhələr hər bir halda inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll olunmalıdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Nəzərə alınmalıdır ki, Şəxs məhkəmə iclasında vermiş izahatında polisin hər hansı bir qanuni tələbinə tabesizlik göstərmədiyini və xırda xuliqanlıq etmədiyini bildirmişdir. Odur ki, hazırki halda Şəxs xuliqanlıq etməsini, həmçinin polis əməkdaşları tərəfindən Şəxs yönələn qanuni tələbə tabe olmaması öz heç bir mötəbər sübutla təsdiqini tapmır. Şərh olunan əsaslarla məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməli və o, dərhal məhkəmə iclas zalında azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar