Məhkəmə qərarları › İş №3(001)-542/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-542/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-542/2025 10.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, zərəçəkmiş şəxs Ağayeva (Kərimova) Mehriban Hafis qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X6 adlanan ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 10 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-621/2016 saylı icra vərəqəsinə əsasən 19 iyun 2015-ci il tarixdən başlayaraq hər ay 117 manat aliment pulu Şəxs alınaraq xx.xx.2010-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağayeva (Kərimova) Mehriban Hafis qızına ödənilməlidir. Bundan əvvəlki vaxtlarda tərəflər arasında razılaşma olmuş, nəticədə 23 noyabr 2022-ci il tarixdə Ağayeva (Kərimova) Mehriban Hafis qızı icra məmuruna müraciət edərək, icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Ağayeva (Kərimova) Mehriban Hafis qızı alimentin tutulması ilə bağlı yenidən müraciət etmiş, bundan sonra iş yenidən icraya yönəldilmiş və xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Hal-hazırda Şəxs 1170 manat ödənilməmiş aliment borcu mövcuddur. Şəxs həmin borcu ödəmədiyi üçün barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcra sənədi Azərbaycan Respublikası İcra Haqqında qanunun 23.1.1-ci maddəsi ilə geri qaytarıldığından 9828 manat borc hesablanmamış, borclar xx.xx.2023-cü il tarixdən etibarən hesablanmışdır. Aliment öhdəliyi üzrə 3 aylıq ödəniş Şəxs əmək haqqından tutulmuş, şəxs işdən çıxdığı üçün digər borclarının tutulması mümkün olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hal hazırda “Nur Çörək” zavodunda fəhlə olaraq işləyir. "xxxx" ASC-də bir müddət mühafizəçi işləmiş, 2 ilə yaxındır ki, oradan işdən çıxmışdır. Hal hazırda günü 15 manata işləyir, yəni 400 manat əmək haqqı alır. xx.xx.2024-cü il tarixdən həmin zavodda işləyir, yanvar ayının 18-i əmək haqqı alacaqdır. Əmək haqqını alan kimi aliment öhdəliyi üzrə ödəniş edəcəkdir. Hal-hazırda ödəniş etməyə maddi imkanı yoxdur, 1170 manatı ödəyə bilməz, lakin əmək haqqı verilən kimi 117 manatı ödəyəcəkdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəlki işindən öz ərizəsi ilə çıxmışdır. Yanvar ayının sonu borc pul taparaq yığılmış borcundan da ödəniş edəcəkdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Ağayeva (Kərimova) Mehriban Hafis qızı bildirmişdir ki, Şəxs indiyədək borcundan ödəniş etməmişdir. Aralarında hər hansı bir razılıq yoxdur. O, aliment borcunun ödənilməsini tələb edir. 3 il müddətdir ayrılmalarına baxmayaraq, Şəxs aliment borcunu normal şəkildə ödəmir. Şəxs aliment ödəməmək üçün işindən də çıxmışdır. Çünki, həmin zaman aliment Şəxs əmək haqqından birbaşa tutulurdu. Şəxs hətta ona əmək haqqından aliment tutulduğu üçün işdən çıxacağını da bildirmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-621/2016 saylı icra vərəqəsindən görünür ki, 19 iyun 2015-ci il tarixdən başlayaraq hər ay 117 manat aliment pulu Şəxs alınaraq xx.xx.2010-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağayeva (Kərimova) Mehriban Hafis qızına ödənilməlidir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-621/2016 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. 10 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün 2 müxtəlif hal müəyyən edilmişdir. 1. icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi; 2. icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-621/2016 icra sənədi üzrə Şəxs hər ay 117 manat aliment tutularaq Ağayeva (Kərimova) Mehriban Hafis qızına ödənilməlidir. 23 noyabr 2022-ci il tarixdə Ağayeva (Kərimova) Mehriban Hafis qızının ərizəsinə əsasən icra sənədi geri qaytarılmış, xx.xx.2023-cü il tarixdə Ağayeva (Kərimova) Mehriban Hafis qızı alimentin tutulması ilə bağlı yenidən müraciət etdiyindən icra sənədi yenidən icraya yönəldilmiş və xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Bakı şəhər İcra Şöbəsi tərəfindən Şəxs əmək haqqından hər ay borc məbləği bitənədək tutulmanın həyata keçirilməsi üçün onun iş yerinə göstəriş göndərilmiş, xx.xx.2024-cü il tarixdə 117 manat, xx.xx.2024-cü il tarixdə 234 manat olmaqla ümumilikdə onun əmək haqqından 351 manat tutulma aparılmış, lakin bundan sonra Şəxs öz ərizəsi ilə işdən çıxdığı üçün digər aylar üzrə tutulmaların aparılması mümkün olmamışdır. Şəxs hazırda “Nur Çörək” zavodunda fəhlə olaraq işlədiyini qeyd etsə də, bununla bağlı hər hansı rəsmi sənəd təqdim etməmiş, elektron məhkəmə informasiya sistemində bu barədə məlumat aşkar edilməmişdir. İş materiallarından da göründüyü kimi, Şəxs rəsmi iş yeri olduğu müddətdə könüllü olaraq aliment ödənişlərini etməmiş, yalnız onun əmək haqqından ümumilikdə 351 manat tutulma aparılmışdır. Şəxs izahatında rəsmi iş yerinin olduğunu qeyd etsə də müəyyən edilmişdir ki, o könüllü olaraq aliment məbləğindən ödəniş etməmişdir. Hazırda da 1170 manat aliment borcu mövcuddur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs məhkəmə iclasında özü də öz ərizəsi ilə iş yerindən ayrılmasını təsdiq etmişdir. Şəxs aliment öhdəliyi kartına yönləndirildiyi halda, iş yerindən öz ərizəsi ilə ayrılması və daha sonra aliment öhdəliyini icra etməməsi onun qərəzli olmasına dəlalət edir. Belə ki, məhkəmə iclasında Şəxs əvvəlki iş yerindən niyə ayrıldığı soruşulmuş, lakin Şəxs heç bir əsaslı səbəb göstərmədən, sadəcə öz ərizəsi ilə işdən çıxdığını bildirmişdir. Qeyd olunan hal onun aliment öhdəliyini icra etməkdən boyun qaçırdığına dəlalət etməklə Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-621/2016 saylı icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsini təsdiq edir. Odur ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədi icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqələri, bildiriş, tərəflərin izahatı və özünün etiraf edici izahatı ilə tam olaraq sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə tətbiq ediləcək inzibati həbs növündə tənbeh tədbirinin müddətinə münasibətdə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur, həmçinin İXM-in 31.4-cü maddəsinin tələbləri nəzərə alındıqda qeyd olunan tənbeh tədbirinin aşağı həddi isə 8 gündən az olmamalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hal-hazırda fəhlə olaraq işləyərək qazanc əldə etməsini nəzərə alır, buna görə də sonuncunun əmək fəaliyyətindən uzun müddət kənarlaşdırılmasının aliment öhdəliyinin icrasına mənfi təsir göstərəcəyini hesab edərək Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi yolu ilə inzibati tənbehin məqsədlərinə nail olunacağı qənaətinə gəlir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar