Məhkəmə qərarları › İş №3(001)-544/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-544/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-544/2022 14.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşöul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 49-da yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 13.12.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahat verərək bildirmişdir ki, 12.02.2022-ci il tarixdə polis əməkdaşı X4 şossesində “BMW” markalı **-YP-*** avtopatrulda xidmət apardığı zaman “Ford” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxla işarəsi verilmişdir. Sürücüyə yaxınlaşıb özünü təqdim edib sənədləri təqdim etməsi xahiş olunmuşdur. Sürücü sənədlərin üzərində olmadığını və bort komputer vasitəsi ilə yoxlanmasını tələb etmişdir. Yoxlama zamanı sürücü Şəxs sürücülük vəsiqəsinin məhkəmə qərarı ilə üzərinə məhdudlaşdırma qoyulduğu məlum olmuşdur. Bu səbəbdən polis əməkdaşı sürücüyə avtomobilinin müvəqqəti dayanacağa yerləşdiriləcəyi bildirilmişdir. Bu zaman sürücü onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik etməyə başlamışdır. Bu zaman onlar radio stansiya vasitəsilə həmin ərazidə xidmət aparan 2221 saylı PPX-nın əməkdaşlarını köməyə çağırmışlar. PPX-nın əməkdaşlarının köməyilə sürücü Şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə dəvət olunmuşdur. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bu səbəbdən də İXM-in 535.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 12.02.2022-ci il tarixdə Binəqədi şossesində “Ford” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilində getdiyi zaman YPX tərəfindən saxlanılmışdır. Sənədinin təqdim olunması bildirilmişdir. Sürücülük vəsiqəsi üzərində olmadığından bort komputer vasitəsi ilə yoxlanmasını tələb etmişdir. Sonra avtomaşınını müvəqqəti dayanacağa aparılacağını söyləmişlər. Buna etirazını bildirsə də, heç kimə müqavimət göstərməmişdir. PPX-nın əməkdaşları gəldikdən sonra onların dəvəti ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə dəvət olunmuşdur. Hazırda törətdiyi əməldən peşmandır və məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 13.02.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün 4-cü Polis Şöbəsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. 13.02.2022-ci il tarixli, AZA 016720 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13.02.2022-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. 13.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12.02.2022-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar