Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-546/2025 10.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru polis mayoru X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, zərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru polis mayoru X16 izahat verərək bildirmişdir ki, Məhkəmə iclasında şahid Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan X13 Xüsusi tağımının yol patrul xidməti baş inspektoru, polis başleytenantı X6 tərtib etdiyi raport onun icraatına daxil olmuşdur. O, raport üzrə araşdırmağa başlamış, Şəxs izahatını almış və nəticədə Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin mövcud olduğu müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Araşdırma zamanı məhkəmənarkoloji ekspertizasının keçirilməsi barədə qərar qəbul olunmuş, Şəxs müayinə olunmaq üçün sidik analizi verə bilmədiyini bildirmişdir. Lakin həkimlər ona nümunə verə bilmək üçün dərman ləvazimiatı olduğunu, həmin dərmanı qəbul etməklə nümunə verə biləciyinin mümkün olduğunu bildirmişlər.Lakin Şəxs həmin dərmanı qəbul etməkdən imtina etmişdir. Odur ki, sonuncunun narkotik vasitədən yaxud psixotrop maddədən istifadə edibetməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “Xırdalan” dairəsində YPX əməkdaşı tərəfindən saxlanılmışdır. O, avtomobilindən enərək YPX əməkdaşı ilə danışmış, daha sonra isə YPX əməkdaşına tələsdiyini bildirmiş, qayda pozuntusuna görə cəriməsi yazmasını bildirmişdir. Lakin inspektor onun sərxoş olmağından şübhələndiyini bildirmiş və ondan test verməyi tələb etmişdir. O da, etiraz etməmiş alkotester vasitəsi ilə test vermiş və sərxoş olmadığı müəyyən edilmişdir. Bundan sonra YPX əməkdaşı ondan narkoloji test vermək üçün həkimə getməyi tələb etmişdir. Həmin zaman atası təsadüfən ona zəng etmiş, o atasından inspektorla danışmağı xahiş etmişdir. Lakin inspektor israr edərək ondan həkim müayinəsindən keçməyi tələb etmişdir. Bundan sonra YPX əməkdaşına vaxtının olmadığını bildirmiş və törətdiyi qayda pozuntusuna görə cəriməsinin yazılmasını tələb etmişdir. Bu tələbindən sonra YPX əməkdaşı onun ünvanına nalayiq ifadə işlədərək getməsini bildirmiş, o avtomobilinə minərək oradan getmişdir. Yol boyu sürətlə hərəkət etməyinə səbəb o olmuşdur ki, onun avtomobilində sərnişin kimi əyləşmiş xanımın tanışı orada olmuşdur. O, həmin xanımın tanışı tərəfindən onun avtomobilində görülməsini istəməmişdir. O, səbəbdən hadisə yerindən sürətlə uzaqlaşmağa çalışmışdır. Həmin zaman yaranmış situasiyadan qorxduğu üçün ola bilər ki, hansısa maşına toxunaraq ziyan yetirmişdir. Yaşayış sahəsində də hərəkətini saxlamamağına səbəb elə ehtimal etmişdir ki, yanında olan sərnişinin tanışları da polislərlə birgə gəlir, həm də ki YPX-nin artıq onu buraxdığını ehtimal etmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilərək onu döymüşlər, həmçinin yanında sərnişin qismində əyləşən xanımın da saçından tutaraq kobud şəkildə dartmışlar. O, tabesizlik göstərsə idi, heç ümumiyyətlə avtomobildən düşməzdi və ümumiyyətlə YPX əməkdaşının tələbindən sonra alkotesterlə test verməkdən imtina edərdi. Məhkəmə iclasında şahid Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan X13 Xüsusi tağımının yol patrul xidməti baş inspektoru, polis baş-leytenantı X11 bildirmişdir ki, Şəxs idarə etdiyi “BMW” markalı, 99FY207 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa işıqlarına tündləşdirici plyonka çəkildiyindən sonuncuya saxla əmri vermişdir. Şəxs avtomobilini saxlayaraq ona yaxınlaşmış, o Şəxs avtomobilin arxa işığının tündləşdirildiyini bildirmişdir. Lakin Şəxs ilə söhbət zamanı sonuncunun qeyri-adekvat hərkətlərindən onun narkotik vasitələrin və ya psixotrop maddələrin təsirində olmasından şübhə etmişdir. Bu səbəbdən Şəxs narkotest üçün həkim müayinəsinə getməyi tələb etmişdir. Lakin Şəxs bundan imtina etmiş, ondan atası ilə danışdırmağı xahiş etmiş, o, Şəxs atası ilə danışmış, Şəxs atası ona ora gəldiyini söyləmiş, o isə öz növbəsində idarəyə gəlmələrini bildirmişdir. Bir qədər sonra isə Şəxs avtomobilinə əyləşərək sürətlə oradan qaçmağa başlamış, digər hərəkət iştirakçılarına təhlükə yaratmış, hətta bir neçə digər avtomobilə özü avtomobili ilə ziyan yetirmişdir. Şəxs ardınca 5 patrul avtomobili getməsinə baxmayaraq Şəxs avtomobili saxlamamış, yalnız patrul avtomobili ilə hərəkət istiqaməti bağlandıqdan sonra Şəxs saxlamaq mümkün olmuşdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sürücü alkotesterlə müayinə olunmuş, lakin narkotesterlə müayinə olunmaqdan imtina etmiş, ona görə də sonuncuya həkim müayinəsindən keçmək təklif olunmuşdur. Lakin Şəxs həmin təklifdən sonra aqrisvləşərək hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında müdafiəçi X3 yazılı vəsatət verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və bu əməli törətməkdə günahlandırılıb. Şəxs əməllərində AR İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib hissəsi olmadığı halda o, əsassız olaraq inzibati qaydada saxlanılmışdır. Kərimov X12 dairəsi yaxınlığında AR DİNnin BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman idarə etdiyi avtomobildən düşmüş və polis əməkdaşlarına yaxınlaşaraq sənədlərini təqdim etmişdir. Lakin polis əməkdaşlarının onu təhqir etməsi nəticəsində Şəxs həddən artıq stress keçirdiyi üçün həmin ərazidən uzaqlaşıb, lakin polis əməkdaşları heç bir hüquqi əsası olmadan onu xidməti avtomobillə qovmağa başlayıblar və BDYPİ-nin əsas binasının ərazisində 7-8 nəfər polis əməkdaşı onu vəhşicəsinə döyməyə başlayıblar. Bütün bu hadisələr Şəxsla avtomobildə birlikdə olan Gülnarə xanım şahidliyi ilə olmuşdur. Eyni zamanda polis əməkdaşları Gülnarə xanımın da şəxsiyyətini alçaltmış və hətta qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq onu şəxsi axtarışa başlamışlar. Eyni zamanda bildirmək istəyir ki, həmin bu qanunsuz əməllər Şəxs atası X4 da gözlərinin qarşısında baş vermişdir. Yəni, hər iki şəxs bilavasitə bu hadisələrin birbaşa şahidləridir. Ona görə də hesab edir ki, həmin şahidlərin dindirilməsi inzibati xəta haqqında işin daha ədalətli ədalətli və obyektiv araşdırılmasına kömək edəcəkdir. Odur ki, X4, X8, həmçinin X5 şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa müdafiəçi X3 bildirmişdir ki, X4 ümumiyyətlə qanuni tələbə tabe olmamaq kimi niyyəti olsa idi, ümumiyyətlə nə avtomobildən enərdi, nə də alkotesterlə test verməzdi. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Şəxs döyülməsi faktı ilə bağlı artıq Binəqədi Rayon Prokurorluğuna rəsmi şikayət ərizəsi ilə müraciət etdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” aktdan görünür ki, “BMW” markalı, 99FY207 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli Respublika Narkoloji Mərkəzi PHŞ 19/51-364 saylı məktubundan görünür ki, Şəxs müayinə olunmaq üçün sidik analizi verə bilməmişdir, bu səbəbdən məhkəmə-narkoloji ekspertizasının keçirilməsi barədə qərarın icrası mümküm olmamışdır. Məhkəməyə təqdim edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 10 dəqiqə 45 saniyədən ibarət videogörüntü mövcuddur. Videoda yol patrul xidməti əməkdaşı tərəfindən “BMW” markalı 99FY207 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılaraq inspektor avtomobilin arxa işıqlarına və avtomobilin sağ yan hissəsinə baxır. Daha sonra Şəxs və YPX inspektoru patrul avtomobilinə əyləşirlər. Sonrasında Şəxs avtomobilinə gedir və əlində telefonla geri qayıdır. Sonra yenidən patrul avtomobilinə əyləşir. Bir qədər sonra yenidən Şəxs avtomobilinə əyləşərək avtomobili bir qədər irəliyə sürərək dayandırır və avtomobildən enərək yenidən patrul avtomobilinə yaxınlaşır. Bir qədər sonra isə aqresiv şəkildə yenidən avtomobilinə qayıdıb, avtomobilini işə salaraq həmin yerdə uzaqlaşmağa başlayır. Şəxs idarə etdiyi “BMW” markalı 99FY207 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini digər hərəkət iştirakçılarına təhlükə yaratmaqla idarə etmiş, yolun kənarında olan piada keçidinə çıxmaqla hərkətini davam etdirmiş, yaşayış sahəsi olan ərazidə arxasınca yalnız patrul avtomobili gəlməsinə baxmayaraq sürətlə hərəkətini davam etdirmiş, hadisə yerindən uzaqlaşmaq üçün əks hərəkət zolağına çıxaraq digər nəsqliyyat vasitələrinə təhlükə yaratmış, hətta küçədə qarşıdan avtomobil gəldiyi halda hərəkəti dayanmış, hərəkəti dayandırdığı halda, həmçinin arxasında olan patrul avtomobili işarə etməsinə baxmayaraq qarşıdakı avtomobil ona yol verən kimi yenə də sürətlə hərəkətini davam etdirmişdir. Küçədə digər YPX patrul avtomobili dayanaraq yolu kəsdiyi üçün Şəxs avtomobili saxlayaraq avtomobildən enərək aqresiv hərəkətlərini davam etdirmiş, həmin zaman YPX əməkdaşları onu sakitləşdirməyə çalışsalar da bu mükün olmamış, o aqresiv hərəkətlərini davam etdirdiyindən YPX əməkdaşı tərəfindən saxlanılarkən yerə yıxılmış, digər YPX əməkdaşlarının köməkliyi ilə onun saxlanılaraq sakitləşdirilməsi ümükün olmuşdur. Daha sonra onu patrul maşınına əyləşdirmişlər. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs “BMW” markalı, 99FY207 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman YPX əməkdaşı tərəfindən arxa işığında tündlük olduğu üçün saxlanmışdır. Həmin zaman Şəxs özünü qeyri-adekvat aparmış, inspektor onun narkotik vasitə yaxud psixotrop maddə təsirində olmasını ehtimal etdiyindən sonuncunu narkoloji testdən keçirilməsi üçün həkim müayinəsinə dəvət etmiş, lakin Şəxs bundan imtina etmiş, törətdiyi qayda pozuntusuna cəriməsinin yazılmasını tələb etmiş, həkim müayinəsinin keçirilməsində inspektorun israr etdiyini gördükdən sonra idarə etdiyi avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmağa başlamışdır. Şəxs hərəkət boyunca yol hərəkəti iştirakçılarına qəza şəraiti yaratmış, yaşayış sahəsində belə avtomobili çox sürətlə idarə etmiş, arxasınca patrul avtomobilinin gəldiyini görməsinə baxmayaraq hərəkətini dayandırmamış, yalnız digər patrul avtomobili ilə onun yolu kəsildikdən sonra Şəxs saxlamaq mümkün olmuşdur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində məsuliyyət polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə Şəxs yönələn tələbin qanuni olub-olmamasına münasibətdə qeyd edir ki, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının: 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Göründüyü kimi Şəxs yönələn tələb qanuni olmuşdur. Lakin Şəxs narkoloji test vermək üçün həkim müayinəsinə getməkdən imtina etmiş, idarə etdiyi avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmış, arxasınca YPX patrul avtomobili hərəkət edərək ondan saxlamasını tələb etməsinə baxmayaraq hərəkətini dayandırmamışdır. Məhkəmə hesab edir ki, bu hərəkətləri ilə Şəxs narkoloji müayindən keçməkdən yayınmaq üçün polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs saxlanıldıqdan sonra da narkolji müayindən keçirilmək üçün həkim müayinəsinə aparılsa da, o könüllü şəkildə sidik nümunəsi verməmiş, həkimlər tərəfindən sidik nümunəsi göstürülməsi üçün verilən dərmanların qəbul edilməsindən də imtina etmişdir. Bundan başqa məhkəmə Şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni qeyri-səmimi və özünümüdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, Şəxs ifadəsində YPX avtomobilinin təqibini bilmədiyini, idarə etdiyi avtomobildə sərnişin kimi əyləşmiş Gülnarə adlı xanımın tanışının onları birgə görmələrini istəmədiyi üçün avtomobili sürətlə idarə edərək oradan uzaqlaşmaq istədiyini bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı Şəxs qeyd etdiyi şəxsi hansı avtomobildə görməsi soruşulmuş və Şəxs məhkəmə iclasında tədqiq edilən video-görüntüdə olan “Hyundai” markalı avtomobildə həmin şəxsin olduğunu bildirmişdir. Halbuki, həmin maşın Şəxs idarə etdiyi nəqliyyat vasitəsini ötüb keçir, yəni həmin avtomobilin sürücüsünün ötüb keçərkən digər nəqliyyat vasitəsində əyləşən sərnişini görə bilməzdi. Həmçinin Şəxs yalan ifadə verdiyini təsdiq edən digər bir hal isə ondan ibarətdir ki, sonuncu idarə etdiyi nəqliyyat vasitəsi ilə yaşayış evləri yerləşən küçəyə dönmüş, həmin küçədə onun arxasınca yalnız YPX-nin patrul avtomobili hərəkət etmiş, digər nəqliyyat vasitsəi olmamış, ona saxla əmri verilməsinə baxmayaraq o avtomobilini saxlamamış, yalnız digər patrul maşını ilə onun qarşısı kəsilərək saxlanılması mümükn olmuşdur. Həmin küçədə də Şəxs idarə etdiyi nəqliyyat vasitəsini saxlamamışdır. Əgər, Şəxs həqiqətən yolda hərəkətdə olan hansısa bir avtomobilin sürücüsünün ona görməsini istəmədiyi üçün oradan uzaqlaşmışdısa, yaşayış massivində avtomobilini saxlayaraq patrul avtomobilinin tələbinin nə olduğunu soruşardı. Şəxs ifadəsində olan ziddiyyətli məqamlar, həmçinin şahid ifadəsi, təqdim edilmiş videogörüntülər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünümüdafiə məqsədi ilə işin faktiki hallarına uyğun olmayan ifadə verdiyini təsdiq edir. Məhkəmə həmçinin Şəxs müdafiəçisi tərəfindən verilmiş yazılı vəsatətə münasibətdə qeyd edir ki, vəsatətdə adları göstərilən şahidlərin heç biri hadisənin bilavasitə şahidi olmamışlar. Belə ki, şahid qismində dindirilməsi tələb edilən şəxslərdən Şəxs bacısı X9 və atası X7r. Onlar yalnız döyülmə halı olmuşdursa həmin faktın şahidi ola bilərlər. Çünki məhkəmə iclasında təqdiq edilmiş videogörüntüdə həmin şəxslərin hadisə zamanı orda olmadıqları müəyyən edilir. Hazırki icraatda isə Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə toplanmış materiala baxıldığı üçün həmin şəxslərin şahid qismində dindirilməsinin heç bir zərurəti yoxdur. Digər şahid X15 isə Şəxs avtomobilində əyləşmişdir. Onun patrul avtomobilində inspektorun X2 narkotest verməyi tələb edibetməməsi, X4 buna etiraz edib-etməməsi barədə söhbətdən xəbərdar olmağı isə mümkünsüzdür. Bundan başqa məhkəmə iclasında təqdiq edilmiş videogörüntüdə X4 polis işçisinin qanuni tələbinə qəsdən tabe olmaması açıq aydın müəyyən edilir. Odur ki, X4, X8, həmçinin X5 şahid qismində dindirilməsi zərurəti mövcud olmadığından müdafiəçi tərəfindən verilmiş vəsatət əsassız hesab edilərək rədd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli raport, şahid izahatı, tədqiq edilmiş video-görüntü ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuş, məhkəmə iclasına da polis əməkdaşlarının nəzarəti altında gətirilmişdir. Odur ki, Şəxs barəsində tətbiq ediləcək inzibati həbs tənbeh tədbirinin əvvəli xx.xx.2025-ci il tarixdə, saat 18:00-dan hesablanmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 08 yanvar 2025-ci il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 08 yanvar 2025-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-546/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-546/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver