Məhkəmə qərarları › İş №3(001)-5462/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5462/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5462/2023 28.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi, 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1977-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Sənaye və İnnovasiyalar üzrə Baş Dövlət Peşə Litseyində çalışan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi ərazisində yerləşən 5-ci PB-nin inzibati binasında polisin ünvanına nalayiq ifadələr işlətmiş, PB-nin və eləcə də onun xidməti otağında ümumi iş fəaliyyətini pozaraq ucadan qışqırmış, polis əməkdaşlarına mane olaraq onların qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X6 tərəfindən xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X6 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi ərazisində yerləşən 5-ci PB-nin inzibati binasında polisin ünvanına nalayiq ifadələr işlətmiş, PB-nin və eləcə də onun xidməti otağında ümumi iş fəaliyyətini pozaraq ucadan qışqırmış, polis əməkdaşlarına mane olaraq onların qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, o, məhkəmədən həmin şəxsin inzibati qaydada cəzalanmasını tələb etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, o, polisə qarşı hər hansı qanunsuz hərəkət etməmişdir, buna görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X2 - hüquqlarını müdafiə etdiyi Şəxs polisə qarşı hər hansı qanunsuz hərəkət etmədiyini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə isə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, təqdim olunmuş sənədlərdən də göründüyü kimi Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi mövcud deyildir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən inzibati xəta o zaman baş verir ki, - polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasın. Belə olan halda Şəxs istinad edilən AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən bu nəticəyə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci və 535.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal inzibati tutulmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar