Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5469/2025 20.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə tərtib edilmiş 01 avqust 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol”a açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə tərtib edilmiş 01 avqust 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, N.Nərimanov küçəsində qardaşı X1 idarə etdiyi “Nissan X-trail” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa stop işıq cihazlarını qəsdən sındıraraq Fərhad Əhədova 800 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Binəqədi rayonu, N.Nərimanov küçəsində yerləşən “Fərid market” adlı mağazada müdir müavini işləyir, mütəmadi olaraq özünə məxsus “Nissan X-trail” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə iş yerinə gələrək, avtomobilini mağazanın qarşısında saxlayır. Mərhum atası Ramiz 2015-ci ildə vəfat etdikdən sonra qardaşı Fəridlə münasibətləri soyumuşdur. xx.xx.2025-ci il tarixdə qardaşı Fərid onun işlədiyi mağazaya gələrək, əsassız yerə səs-küy salmış, o, bu zaman telefonla DİN-in 102 xidmətinə zəng vurarkən Fərid mağazadan çıxıb getmiş, təxminən 1 saat sonra yenidən mağazanın qarşısına gəlib orada dayanmış ona məxsus həmin avtomobilin arxa stop işıq cihazlarını sındırıb hadisə yerindən uzaqlaşmışdır. Nəticədə ona 800 manat maddi ziyan dəymişdir. Hal-hazıradək vurulmuş ziyan ödənilməmişdir. Buna görə də, Şəxs barəsində ədalətli cəza təyin olunmasını xahiş etdi. İnzibati xəta haqqında protokola baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində icraat aparılan şəxsə, habelə protokolu tərtib etmiş şəxsə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, onlar məhkəmədə iştirak etməmişlər. İş materiallarında olan, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Vüqar Mirzəyev tərəfindən qəbul edilmiş 11 iyul 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, 07 iyul 2025-ci il tarixdə X3 DİN-in 102 xidmətinə zəng edərək və Binəqədi RPİ-nin 5-ci PB-yə ərizə ilə müraciət edərək, həmin tarixdə idarə etdiyi “Nissan X-Trail” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa stop işıq cihazlarının qardaşı Şəxs tərəfindən sındırıldığını bildirmiş, izahatı alınan Şəxs həmin tarixdə avtomobilin işıq cihazlarını sındırdığını etiraf etmiş, vurulmuş zərərin miqdarı 800 manat təşkil etdiyindən, əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İXM-nin 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Hazırki halda Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi həm iş materialları, həm də onun polisə vermiş olduğu etirafedici izahatı ilə öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, onun barəsində tərtib olunmuş protokol əsaslıdır və o, protokolda göstərilən, yəni İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı, barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki halda Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal aşkar edilməmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində bаrəsində inzibati xəta nəticəsində vurulmuş 800 manat ziyanın bir misli, yəni 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxxxx 1980-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın - 800 (səkkiz yüz) manat məbləğin bir misli, yəni 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5469/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5469/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver