Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5470/2025 01.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.2002-ci il tarixdə Cəlilabad rayonu, Əliqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Əliqasımlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X2 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 20:10-da Şəxs məhkəmədən qayıtdıqdan sonra bölmədəki əşyalarını təhvil aldıqdan sonra bölmədən çıxan zaman küçədə onlara baxıb aqresiv formada “sizinlə görüşəcəm, sizin payınızı verəcəm” deyərək onlara hədələyici şəkildə əlini silkələmiş, bundan sonra Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru Anar İmanovdan telefon nömrəsini istəmiş, Anar İmanov telefonu ona uzadan zaman telefonu götürərək əsəbi şəkildə yerə çırpmış və polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Üstlərinə təkrarən gələrək “görün sizi neyləyəcəm,başınıza oyun açacağam" deyib əl-qol hərəkətləri ilə kobudluq etmişdir. Şəxs sakitləşdirməyə çalışsalar da, sonuncu onların tələblərinə məhəl qoymamış, ictimai asayişi pozmaqla polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun əşyaları bölmədə qalmışdır. Buna görə, onu məhkəməyə gətirən polis əməkdaşları ilə birlikdə polislərin avtomobilinə əyləşib 40-cı polis bölməsinə getmişdir. Bölməyə çatdıqdan sonra onu yenə də müvəqqəti saxlama yerinə salmışlar, daha sonra onu MSY-dən çıxarmış, əşyalarını özünə geri qaytarmışlar. Bölmədən çıxıb çöl hissədə polislərlə görüşmüşdür. Həmin vaxtı telefonuna zəng gəlmiş, qardaşı ona zəng etmiş və ondan harada olduğunu soruşmuş, o da qardaşına narahat olmamağı, işdə olduğunu, buna görə telefonunu söndürdüyünü bildirmişdir. Həmin vaxtı polislər də onun danışığını eşitmişlər. Telefonla danışdıqdan sonra polislərə bildirmişdir ki, nömrələrini versin əlaqə saxlayarlar. Nömrəni dostluq qurmaq mənasında istəmişdir. Başqa heç bir şey etməmiş və heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam radələrində işlə bağlı Sulutəpə qəsəbəsinə getmişdir. Həmin getdiyi yer isə 40-cı Polis Bölməsinə yaxın idi. Həmin vaxtı bölmənin yaxınlığında səs-küy düşmüş, ora xeyli sayda adam yığılmışdır. O da həmin yerinə yaxınlaşarkən Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Daha sonra polis əməkdaşları onu şahid kimi dəvət etmişlər, o da izahat vermişdir. Şəxs polis bölməsinin qarşısında ünvansız söyüşlər söyərkən ətrafda xeyli insan olmuş, polis əməkdaşları Şəxs sakitləşdirmək istəsələr də o hərəkətlərinə və söyüşlərinə davam etmişdir Məhkəmə iclasında şahid X6 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saat 8-9 radələrində Sulutəpə qəsəbəsinə getmişdir. 40-cı Polis Bölməsinin yaxınlığında usta işləyirdi. Həm də evinə də həmin yoldan keçib gedir. Həmin vaxtı oradan keçən zaman bir nəfər şəxsin polislərin ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Səs-küyə çox sayda insanlar adam yığılmış, Şəxs dayanmadan nalayiq ifadələr işlətmiş və polislərə onlarla təkbətək görüşəcəyini bildirmişdir. Polis əməkdaşları onu sakitləşdirmək istəsələr də o hərkətlərinə və söyüşlərinə davam etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə məhkəmədən qayıdıb bölmədəki əşyalarını təhvil aldıqdan sonra bölmədən çıxan zaman küçədə polis əməkdaşlarına “sizinlə görüşəcəm” deyərək polislərlə hədələyici şəkildə danışmış, bölmənin sahə inspektoru Anar İmanov ona telefonu uzatdığı zaman telefonu əsəbi şəkildə yerə çırparaq nalayiq ifadələr işlətmiş, ətrafa çoxsaylı adam yığışmağına baxmayaraq ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının nizam-intizama əməl etmək barədə tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə Şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi üçün onun əməlində hər iki xətanın tərkib əlamətlərinin mövcudluğunu ayrı-ayrılıqda tədqiq etməyi zəruri hesab edir. Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibətdə qeyd edir ki, həmin maddənin tələblərinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Qeyd edilməlidir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsindən çıxan zaman ətrafa çoxsaylı adamlar toplaşdığı halda buna əhəmiyyət verməyərək ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə Şəxs hərəkətlərini aşağıdakı aspektlərdən ictimai qaydanın pozulması kimi qiymətləndirilir:
1. İctimai davranış qaydalarının pozulması: Onun nalayiq ifadələr işlətməsi birgəyaşayış qaydalarına ziddir.
2. Əxlaq normalarına uyğunluğun pozulması: İctimai yerlərdə nalayiq ifadələr işlətmək, cəmiyyətin etik və mənəvi normalarını pozmaqla digər şəxslərin hüquqlarını da zədələyir. Bu əsasda məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətləri İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibini təşkil edir. Həmin maddənin tətbiqi ilə Şəxs törətdiyi hərəkətlərin qanunvericiliyə uyğun qiymətləndirilməsi zəruridir. Cəmiyyətin asayişinin təmin edilməsi və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün bu cür davranışlara qarşı inzibati tədbirlər görülməsi isə vacibdir. Məhkəmə İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğuna dair isə qeyd etməyi zəruri hesab edir ki, Şəxs ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının xidməti fəaliyyətlərini həyata keçirməsinə mane olmuşdur. Polis əməkdaşları tərəfindən Şəxs qeyd olunan hərəkətlərini dayandırması, o cümlədən nalayiq ifadələr işlətməməsi tələb edilmişdir. Belə olan halda Şəxs ictimai qaydanı pozan hərəkətləri dayandırmasına dair yönələn tələb qanuni olmuş, Şəxs isə qeyd olunan tələbə tabe olmayıb, hərəkətlərini davam etdirməklə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis işçisiləri vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli raport, şahidllərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək izahatında tabesizlik və xırda xuliqanlıq hərəkətləri etmədiyini göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Nəzərə alınmalıdır ki, yalan izahat verməyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs heç bir məsuliyyət daşımır. Lakin şahidlərə yalan izahat verməyə görə məsuliyyət nəzərdə tutulduğu izah edilmiş, onlara bununla bağlı iltizam imzalatdırılmış, bundan sonra izahatları alınmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə şahid izahatlarını mötəbər və işin faktiki hallarına uyğun hesab edir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuş, məhkəmə iclasınadək azad edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı xx.xx.2025-ci il tarixdə, saat 21:00-dan hesablanmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Hüseynov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 08 avqust 2025-ci il tarixdən, saat 19:05-dən hesablanmalıdır.TT
Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 31 iyul 2025-ci il tarixdən, saat 21:00-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Zamiq Bağırov