Məhkəmə qərarları › İş №3(001)-5471/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5471/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5471/2025 01.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə xx xxxxx 2001-ci il tarixdə İmişli rayonunun Qızılkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İmişi rayonunun Qızılkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında nömrəsiz evdə kirayədə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206, 535.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində İXM-nin 206, 535.1 və 333-1.1-ci maddələri ilə tərtib edilmiş 01 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:30 radələrində Binəqədi rayonu, C.Xəndan 40 ünvanında narkotik vasitələrin təsiri altında “BMW” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yol-Patrul Xidməti əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd etmiş, həmçinin, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, C.Xəndan küçəsində qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi narkotik vasitəni istifadə etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, Binəqədi RPİ-nin DYPŞ-nin Yol-Patrul Xidməti inspektoru, polis baş-serjantı X2 31 iyul 2025-ci il tarixdə xidmətdə olarkən “BMW” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqsız hərəkət etdiyini görüb sürücüyə “saxla” əmri versə də, sürücü, yəni Şəxs tabesizlik göstərərək avtomobili saxlamamış, polis əməkdaşı həmin avtomobili təqib edərək saxlatmışdı. Sürücü avtomobildən düşərək qaçmağa başlamış, polis əməkdaşı efir vasitəsilə kömək çağıraraq həmin şəxsi saxlamış və 5-ci Polis Bölməsinə aparmışlar. X4 Məmmədovun təxminən 15 gün əvvəl narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi müəyyən olunmuşdur. Buna görə də, şəxsin barəsində hazırki protokol tərtib olunmuşdur. Sonda E.H.Quliyev məhkəmədən göstərilənləri nəzərə alıb, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin DYPŞ-nin Yol-Patrul Xidməti inspektoru, polis baş-serjantı X2 ifadəsində göstərdi ki, 31 iyul 2025-ci il tarixdə, gecə saat 03:30 radələrində xidmətdə olarkən “BMW” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqları sönülü vəziyyətdə hərəkətdə olduğunu görüb, sürücüsünə “saxla” əmri vermiş, sürücü onun əmrinə tabe olmayaraq, hərəkəti davam etdirmiş, o, xidməti avtomobili ilə həmin avtomobili təqib edərək saxlatmış, hadisə yerinə X7 Alayının əməkdaşlarından yardım çağrılmış, onların köməkliyi ilə sürücü Şəxs 5-ci Polis Bölməsinə aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ifadəsində göstərdi ki, o, həqiqətən də təxminən 15 gün əvvəl Binəqədi rayonu, C.Xəndan küçəsi yaxınlığında dostunun evində olarkən narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkmək yolu ilə qəbul etmişdir. 31 iyul 2025-ci il tarixdə isə ayıq sürücü kimi “BMW” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmamış, yol polisi əməkdaşının “saxla” əmrini gec görmüş, görən kimi də avtomobili saxlamış, 5-ci Polis Bölməsinə gətirilmişdir. Yəni, polisə tabesizlik göstərməmişdir. Sonda Şəxs məhkəmədən qərar qəbul edilərkən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Tədqiq edilən sübutlar: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 31 iyul 2025-ci il tarixli, 4616 nömrəli rəyində göstərilmişdir ki, məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində THC (+), PGB (+) aşkar olundu. Müayinə zamanı deməsinə görə, təxminən 5-6 aydır ki, arabir düşəndə narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə edir. Müayinə zamanı Şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. - “İnzibati qaydada tutma haqqında” 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 04:10-da tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol İXM-nin 206-cı maddəsi hissəsində əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, eləcə də şəxsin öz etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Lakin, protokolda qeyd olunan digər inzibati xətalara münasibətdə isə məhkəmə qeyd edir ki, İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri sübuta yetirilmədiyindən, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyət yaranır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs polisin qanuni tələbinə tabe olmaması halı müəyyən edilmir. Digər tərəfdən, İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki halda Şəxs 31 iyul 2025-ci il tarixdə narkotik vasitələrin qəbulundan yaranmış sərxoşluq vəziyyətində avtomobil idarə etməsi müəyyən olunmadığından, həmin maddə üzrə inzibati xəta hadisəsi mövcud olmamış hesab edilməli, protokolun həmin maddə üzrə də icraatında xitam verilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını, həmçinin inzibati qaydada tutulduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar