Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5472/2020 01.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs Muradova Gövhər Hüseyn qızının iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Muradova Gövhər Hüseyn qızının Azərbaycan Respublikası DİN Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0649144 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Muradova Gövhər Hüseyn qızı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0649144 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Muradova Gövhər Hüseyn qızı şikayətini onunla əsaslandırmışdır ki, o yaşlı adamdır və uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir və xx xxxxx 2020-ci il tarixdə o aptekə dərman almaq üçün çıxmış, belə ki, müalicə ilə bağlı məsləhət görülmüş dərmanları vaxtı-vaxtında qəbul etmək lazımdır və dərman qurtardığı üçün onun aptekə getməyi zəruri olmuşdur. Həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmış, hansısa kağıza imza etdirmişlər, o vəziyyəti onlara bilmiş, ona demişlər ki, ona xəbərdarlıq olunur. Bu yaxınlarda Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindən ona məktub gəlmişdir, qərar göndərilmişdir və bu zaman ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə onun barəsində ******* nömrəli protokol tərtib edilmiş, protokolun surəti ona verilməmişdir. Həmin protokol əsasında xx xxxxx 2020-ci il tarixdə AR DİN Binəqədi RPİ- nin 5-ci Polis Bölməsi tərəfindən onun AR İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi və 100 manat məbləğində cərimə edilməyi barədə qərar qəbul edilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Belə ki, o onkoloji xəstəydir və mütəmadi olaraq dərman vasitələri alır və onun aptekə getməyi zəruri olmuşdur. Lakin bu amil nəzərə alınmadan protokol verilmiş və heç bir araşdırma aparılmadan elə həmin gün qərar qəbul edilmişdir. O əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Belə bir qərarın qəbul edilməsi onun vəziyyətini daha da ağırlaşdıracaqdır, o dava dərmana pul tapmadığı halda cərimə ödənilməsi yükü üzərinə qoyulmuşdur. Bu qərar tamamilə əsassızdır, araşdırılmadan çıxarılmışdır və onun əməlində AR İXM-nin 211-ci maddəsinin tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilmişdir. Göstərilənlərə əsasən barəsində Azərbaycan Respublikası DİN Binəqədi RPİnin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0649144 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası DİN Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Muradova Gövhər Hüseyn qızı şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis kapitanı Araz Nəsibov tərəfindən qəbul edilən MN №0649144 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Muradova Gövhər Hüseyn qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Muradova Gövhər Hüseyn qızının şikayəti təmin edilərək onun barəsində qəbul edilmiş qərarın icrasına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Muradova Gövhər Hüseyn qızı evdə tək yaşadığından, xəstə olduğu üçün məcburiyyət qarşısında dərman almaq üçün aptekə çıxdığından onun əməlində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas verən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamsı halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçısını dinləyib belə qənaətə gəlir ki, Muradova Gövhər Hüseyn qızının əməlində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinin tərkibinin olması müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Muradova Gövhər Hüseyn qızının şikayəti təmin edilərək Azərbaycan Respublikası DİN Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0649144 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. Muradova Gövhər Hüseyn qızının inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0649144 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-5472/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5472/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver