Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5475/2024 25.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Astara rayonu, Pensər kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Mingəçevir şəhəri 18-ci Bağ küçəsi ev 18-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin normativ tələbləri pozulması ilə əlaqədar ona saxla əmri verilmiş, daha sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə nəqliyyat vasitəsinin duracağa getməli olduğu bildirilmişdir. Lakin Şəxs nəqliyyat vasitəsini duracağa aparmayacağını qeyd edərək polis əməkdaşları ilə mübahisə etməyə başlamış və bunun nəticəsində də post patrul xidmətinin əməkdaşları hadisə yerinə dəvət edilmişdir. Odur ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, Daevo Nexia minik markalı nəqliyyat vasitəsində dayanmış vəziyyədə olan zaman YPX-nin əməkdaşları ona yaxınlaşmış, və konstruksiya dəyişikliyi olması ilə bağlı maşının duracağa getməli olduğu ona bildirilmiş, lakin o, əlavə kolonka quraşdırdığını bildirmişdir. Daha sonra maşını duracağa aparılmışdır. Polis əməkdaşlarına qarşı heç nə etməmiş, lakin ora post patrul xidməti əməkdaşları çağırılmışdır. Verilmiş suallara cavab olaraq şahidlərin dedikləri kimi sözlər işlətmədiyini, belə hərəkətlərə yol vermədiyini, polisin bütün tələblərinə riayət etdiyini bildirmişdir. Daha sonra şahidlərin qeyd etdikləri ifadələri işlətmədiyini bildirmişdir. Əvvəllər İXM-nin 510 və 535-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edildiyini bildirmişdir. 30 sentyabr tarixdə xarici ölkəyə iş üçün gedəcəyini, azyaşlı uşağının olmasını, səhv etdiyi halda polis əməkdaşlarından üzr istədiyini qeyd edərək qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin Dövlət X7, yol patrul xidməti inspektoru, polis serjantı X1 izahatında bildirmişdir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsin saxlam əmri verilmiş, nəqliyyat vasitəsi saxlandıqdan sonra yoxlama zamanı sürücünün heç bir sənədinin olmadığı müəyyən edilmiş, həmçinin maşında konstruksiya dəyişiklikləri, işıqların dəyişməsi, həmçinin maşının oxlarının normaya uyğun olmaması, icazə verilməyən işıqların aşkar edildiyi üçün nəqliyyat vasitəsinin duracağa aparılacağını bildirilmişdir. Maşın duracağa aparılarkən sürücü maşını duracağa aparmaqdan yayınmağa cəhd etmiş, həmçinin YPX-larla dost olmasını bildirərək məsuliyyətdən yayınmağa çalışmış, həmçinin duracağa çatdıqdan sonra maşının açarını təhvil verməyəcəyini bildirmişdir. Bundan başqa duracaqda olan zaman onları telefon kamerası ilə videoçəkiliş etmiş, onlara “sizi bilirəm nə edəcəm deyə” hədələməyə çalışmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 Yol Patrul Xidməti inspektoru X4 izahatında bildirmişdir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsinə vizual baxış zamanı konstruksiya dəyişikliyi aşkar edildiyi üçün sürücüyə maşının duracağa aparılması bildirilmiş, sürücü onlara qarşı nalayiq danışaraq kobud davranmışdır. Həmçinin qardaşının polis olmasını yalandan onlara bildirmişdir. Maşın duracağa aparıldıqdan sonra onlarla hədə qorxu gəlməklə onların ünvanına “mən bilirəm nə edəcəm sizə, qapımda yatacaqsız” deyə ifadələr işlətmişdir. Maşın duracağa təhvil verilən zaman açarı verməkdən imtina edərək yenə də onların tələblərinə tabesizlik göstərmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 24 sentyabr 2024-cü il tarixli, AZA022257 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:20-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:30-da azad edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 Yol Patrul Xidməti inspektoru X4 tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsi normativ tələbləti pozduğuna görə saxlanılmış, bu zaman nəqliyyat vasitəsinin Şəxs məxsus olmadığı müəyyən olunmuşdur. Bu zaman Şəxs etiraz edərək nəqliyyat vasitəsinin duracağa aparılmasına qarşı çıxmış, polis əməkdaşının ünvanına nalayiq ifadələrdən istifadə etməklə maşını duracağa aparmaqdan yayınmağa çalışmaqla qeyrietik davranışlara yol vermişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin konstruksiya dəyişikliyi, işıq cihazlarının dəyişdirilməsi səbəbindən yol patrul xidməti əməkdaşları tərəfindən ona nəqliyyat vasitəsinin duracağa təmin olunmasının zəruri olduğu bildirilmişdir. Bu zaman Şəxs nəqliyyat vasitəsinin duracağa aparılması ilə razılaşmayaraq, etiraz edərək nəqliyyat vasitəsinin duracağa aparılmasına qarşı çıxmış, nəqliyyat vasitəsini duracağa aparmaqdan yayınmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki inzibati xəta haqqında iş üzrə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Göründüyü kimi sənədləri özünə məxsus olmayan nəqliyyat vasitəsinin istismarı qadağan edilir. Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa təmin olunması zərurəti bildirilsə də, o, bununla razılaşmayaraq yol patrul xidməti əməkdaşlarına nəqliyyat vasitəsinin duracağa aparılmasına görə etiraz etmişdir. Polis əməkdaşlarının Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsi barədə tələbi qanuni olduğundan sonuncu nəqliyyat vasitəsinin duracağa aparılmasına etiraz edərək polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport və şahid ifadəsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulmasını nəzərə alaraq onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldanda göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixdə saat 21:20-də inzibati qaydada tutulmuş, məhkəmə baxışına gətirilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saat 15:30-da azad edilmiş və məhkəmə iclasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmişdir. Ona görə də məhkəmə Şəxs məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinə uyğun olaraq barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5475/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5475/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver